Məncə, bu dünyada gülmək qədər gözəl bir şey yoxdur. Elə gülməyin özü xoşbəxtlikdir. İnsanlar sevinərkən, xoşbəxt olarkən reaksiya olaraq gülürlər. Çox gözəl deyilmi: bir insan gülürsə bizim ağlımıza pis bir şey gəlmir, xoşbəxtlikdən güldüyünü düşünürük. İnsanların xoşbəxtlikdən gülməsi çox gözəldir. Ancaq hər gülən insan xoşbəxtdirmi? Gülməkdə pis bir şey ola bilərmi? Bəzən gülmək ağlamağı əvəz edə bilərmi?

 

Bu dünyada təxminən səkkiz milyard insan var. Səncə, hamı xoşbəxtdirmi, hamı xoşbəxtlikdən gülə bilirmi?

 

Təbii ki, hər gülən insan xoşbəxt deyildir. Bəzən insanlar yaşadıqlarını üzlərindəki təbəssümlə, gülüşlərindəki qəhqəhə ilə örtməyə çalışırlar. O qədər çətin günlər yaşamış insanlar var bu dünyada, ancaq buna baxmayaraq nə qədər istəməsələr də kiməsə görə, nəyəsə görə güclü olmaq məcburiyyətindədirlər. Güclü görünmək üçün isə insanın ən güclü silahı gülməkdir. Məncə, bu, bir insan üçün ən dözülməz vəziyyətdir – xoşbəxt olmadığı halda xoşbəxt görünməyə məcbur olmaq. Gülməyin dili yoxdur. Dünyada səkkiz milyard insanın hər birinin gülüşü eynidir, ancaq kimisi həqiqətən xoşbəxtlikdən gülür, kimisi isə məcburiyyətdən.

 

Gülmək pis bir şey deyil. İçdən, doğrudan gülmək qədər gözəl bir şey yoxdur. Ancaq və lakin etika deyə bir şey də var. Çox səsli gülmək etik deyil, doğru başa düşülməz və s. Bu qədər boş düşüncələr, sözlər, söhbətlər... Gülməyi belə bu dünyada çox görən insanlar var. Axı bu qədər gözəl şeyi nə üçün rahat, içindən gəldiyi şəkildə etməyəsən? Doğrudur, cəmiyyət içərisində o qədər yüksək səslə gülmək yaxşı deyil, ancaq həyatda heç nə sonsuz deyildir, bir gün gələcək istəməsək də o gülüşlər belə solacaq, nə üçün gec olmadan istədiyimiz kimi doyunca gülməyək ki? Ən yaxşısı, həqiqətən xoşbəxtiksə kiminsə gülüşlərimizi məhdudlaşdırmasına icazə verməyək. Xoşbəxtlikdən gülmək gözəldir, ən yaxşısı isə ölənə qədər xoşbəxtlikdən gülməkdir, məcburiyyətdən deyil. Məncə, bu qədər gözəl bir şey heç kimi rahatsız etməmlidir, əksinə, sevindirməlidir. Kiminsə gülüşü şəxsən məni sevindirir. Elə bu neqativ sözlərə, düşüncələrə görə 32 diş deyil 56 (məcazi mənada) diş gülün.

 

Gülmək gözəldir deyirəm. Bəs insan hər şeyə gülərkən ağlamağın necə bir hiss olduğnu unuda bilərmi? Düzdür, kimdən soruşsanız – ağlamaqmı, gülməkmi – sözsüz ki, gülməyi seçəcək. Boş şeylərə belə güclü görünmək üçün gülərkən insan ağlamağın nə olduğunu da unudarmış. Pis olduğunda belə ağlamağı gülüşləri əvəz edərmiş. Belə düşündükdə insan özü özünə deyir: gülməyin harası pisdir ki, əksinə, çox yaxşıdır. İnsan ağlamalı vəziyyətdə belə nə qədər özü istəməsə də gülürsə, məncə, bu da xaricdən yaxşı görünsə də, daxildə özünün içini yeyən bir növ xəstəlikdir.

 

Victor Hüqonun belə bir sözü var: “Ağlamaq üçün gözdən yaşmı axmalıdır? Dodaqlar gülərkən insan ağlaya bilməzmi?” Yəni, bir sözlə, hər gülən insan xoşbəxt deyildir.

 

Bu dünyada gülməyin nə olduğunu unudan insanlar var. Gülməyi unudan insanlara üz tuturam. Gülümsəmək üçün tələsin. Çünki həyat davam etmə müddəti bəlli olmayan bir filmdir, sonu bəlli deyil. Amma bu sonu gülümsəyərək etmək, fikrimcə, ən böyük qalibiyyətdir.

 

Həyatınız hüzurla dolsun, sizi güldürən insanları sevin, onlarla birlikdə olun. Ən əsası da, əgər bacara bilirsinizsə ölərkən belə gülün. Mən ölərkən gülmək istəyirəm, ağlamaq deyil.

 

Müəllif: Alina Fətullayeva