Aprel ayı mənim üçün həm mənəvi, həm də dünyəvi mənada gözəl bir ay oldu. Mənəvi anlamda olanı dinimizin əmri olan Ramazan orucunu sağlam bir şəkildə tuta bilməm, dünyəvi mənada isə hər bir azərbaycanlının arzusu, 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı görməyim oldu.

 

Aprel ayının 21-23 tarixlərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Gürcüstan heyətində biz də yer aldıq. O tarixi məkanları, dilbər guşələri görəcəyim üçün hər bir iştirakçı kimi məni də həyəcan bürümüşdü.

 

Qırmızı Körpüdən Füzuli rayonuna kimi adi yolçuluq olaraq yolumuza davam etdik. Çünki gördüklərimiz həmişə gördüklərimiz mənzərə idi. Elə ki Füzuli şəhərindən Zəfər Yoluna düzəldik sevinc, həyəcan və görülən vahiməli mənzərə üçün nifrət hissləri bir arada yaşanmağa başladı. İşğalda olan ərazilərdə bir salamat bina görmək mümkün olmadı. Nə özləri yaşamayıblar, nə də yaşanılacaq ev buraxmayıblar. Yol kənarındakı dağıdılmış, daşları belə oğurlanmış qəbiristanlığı görmək isə insanın içini parçalayır. Ancaq bir tərəfdən də müzəffər ordunun irəlilədiyi yerlərlə salınmış olan Zəfər Yolu ilə yol getmək insana başqa sevinc hissi yaşadır. Göz yaşların səndən ixtiyarsız olaraq tökülməyə başlayır. İnsana acı verən başqa bir mənzərə isə Şuşaya girmək üçün yeganə yol olan Xankəndi yolunun hasarlanması və rus əsgərlərinin növbədə dayanmasıdır.

 

Bu mənzərəli yolla gedərkən bir də yenilməz Azərbaycan ordusunun Vətən uğrunda hər əngəli aşa biləcəyinin canlı nümunəsi olan, aşılmazı aşan ordunun dırmandığı zirvəni görmək, tamaşa eləmək insanın içinə bir qürur duyğusu gətirir ki, qəlb kövrəlir, göz yaşarır.

 

Şuşaya daxil olursan Qala qapısı səni əzəmət və qürurla salamlayır, Aşağı Gövhər ağa məscidi qoşa minarələri ilə sizi gözləyirdim deyərcəsinə ziyarətçilərinə xoş gəldin deyir, Bülbülün zümzüməsi qulaqlarında duyulur, yenidən bərpa olunmuş Vaqif məqbərəsi əzəmətlə sənə gəl-gəl deyir. Cıdır Düzündə addımlayarkən içində olan duyğuları isə sözlə tərif etmək mümkün deyil. Doğrudan da insan yüksək səslə, həm də çox yüksək səslə ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ deyə bağırmaq istəyir.

 

İndi isə gələk Şuşa səfərinin toplanış məqsədinə. Bu yığıncaqda 65 ölkədən 400-ə qədər soydaşımız iştirak edirdi. Bu da o deməkdir ki, 65 müxtəlif ölkədə Azərbaycançılığı təbliğ edən 400 vətəndaşın görüşməsi idi. Bu görüşün isə Şuşada baş verməsi tam yerində bir qərar idi ki, gələn qonaqların da Şuşada və o cümlədən işğaldan azad olunmuş torpaqların düşmən tərəfindən necə dağıdıldığını özləri görsünlər və bu reallığı təfərrüatı ilə getdikləri yerlərdə olduğu kimi anlada bilsinlər.

 

Qurultayın açılışında cənab Prezident İlham Əliyevin təfərrüatlı və konkret çıxışı Azərbaycanın gələcəyə doğru atacağı ciddi addımlardan xəbər verirdi. Prezidentin “biz təkcə ermənilərlə vuruşmurduq” açıqlaması isə xalqına düşmənimizin çoxluğundan və bir yumruq ətrafında toplaşmalı olmağımızdan xəbər verirdi. Necə ki 44 günlük müharibədə bunu bacardıq, bundan sonra da bu birliyi qorumağın gərəkliliyini deyirdi.

 

Daha sonrakı panel çıxışlarda isə müxtəlif ölkələrdəki azərbaycanlıların fəaliyyətləri və gələcəkdə daha effektiv olaraq hansı formatlarda daha səmərəli fəaliyyət göstərmələri lazım olması müzakirə olundu.

 

Həmçinin müxtəlif ölkələrdə uğurlu fəaliyyətləri, Azərbaycanın və azərbaycanlıların düzgün tanıdılması yönündə bir çox şəxs tərəqqi medalı ilə təltif olundu. Gürcüstandan da bu medallara layiq görülən dörd vətəndaşımızdan biri də Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev oldu.

 

İnşallah Dünya Azərbaycanlılarının VI Qurultayını abadlaşmış və dirçəlmiş Qarabağımızda qeyd edərik.

 

Bu mövzu çərçivəsində deyiləcək və yazılacaq sözlər çoxdur. Biz isə bu qədəri ilə kifayətlənib sağlıqla qalın deyək.

 

Hacı BƏKİROĞLU