Yol insanın bir yerdən başqa bir yerə getməsi üçün bir vasitədir. Əski insan mağarasından bayıra atdığı ilk addımla ilk yolun da başlanğıcını qoymuşdur. İbtidai çağlarda insanın gedib-gələcəyi yerlər çox az, bəlkə də barmaqla sayıla biləcək qədər idi. İbtidai insan mağaradan çıxıb hara gedə bilərdi? İnsanın ilk axtardığı yer içməli su mənbəyi – bulaq, çay, göl olmalı idi. Şirin su mənbələri qədim dönəmlərdə, elə indi də həyati əhəmiyyət daşıyırdı. Bulaq başına getmək, su içmək üçünsə qədim dostumuza onu aparıb çıxaracaq yol lazım idi.

 

Susuzluğunu yatırandan sonra insanın qidalanmaq istəyinin baş qaldırması çox çəkməməli idi. Bu dəfə yemək istəyən mədəsinə nəsə ötürmək lazım gəlirdi. Bunun üçünsə ilk növbədə qida əldə etmək gərək idi. Ətrafdan yeməli nələrsə tapmaq olardı. Ancaq həmin qidaya çatmaq üçün ona gedə biləcəyi yol lazım gəlirdi. Qədim ovçunun bir ov dalınca günlərlə getməsi üçün yol lazım gəldiyi kimi, yığıcı, toplayıcıya da gedib təbiətin hazır nemətlərini topladıqdan sonra yaşayış məskəninə qayıtması üçün yol gərəkli idi. Daha sonralar maldarların heyvan sürülərini bir yerdən başqa yerə aparması üçün də yolun varlığı eyni dərəcədə vacib idi. Düzdür, qədim ovçunun mütəhərrik hərəkətliliyi ilə, qədim maldarın dinamik yaşayışı ilə müqayisədə oturaq həyat tərzi keçirən əkinçinin həyatı öz passivliyi ilə fərqlənsə də, əkinçiyə də gedib-gəlmək üçün yol lazım gəlirdi. Tayfalararası savaşların intensivləşməsi ilə yeni yolların salınmasına böyük ehtiyac yaranırdı.

 

Gedib-gəldikcə işlək hala düşən yol qədim insanın həyat qaynaqlarından biri idi. Yolsuzluq onun həyatını cəhənnəmə çevirə bilər, həyatını davam etdirməsini mümkünsüz hala gətirərdi. Onun üçün yol qutlu, mübarək, müqəddəs bir varlığa çevrilməkdə idi. Hələ bəşərin ilkin dönəmlərindən yol and yerinə çevrilmiş, yolla bağlı sınamalar, müxtəlif deyimlər meydana çıxmışdır. Əski türk xalqlarında yol ilahi, qutlu nəsnələr sırasına aid edilmiş, onun paklığı, arılığı qayğısına qalınmışdır.

 

Bu gün də xalq arasında yola and içənlərə rast gəlmək mümkündür. “Bu yol haqqı”, “Getdiyimiz bu Alı yol haqqı” kimi andlar bu qəbildəndir. Verdiyimiz ikinci anddakı “Alı yol” söz birləşməsini bəzən “Əli yol” kimi təqdim edənlərə rast gəlirik və ifadəni dördüncü ərəb xəlifəsi Əli ilə bağlamaq istəyi açıq-aşkar hiss olunur. Burada özümüzü saxlaya bilməyib bu cür düşünənlərə bir sadə sual vermək istəyirik: Yolun Əliyə və ya Əlinin yola nə aidiyyəti var?

 

Fikrimizcə, “Alı yol” deyimi başlanğıcda “ulu yol” kimi işlədilmiş, sonralar ifadənin “ulu” tərəfi “Alı” kimi dəyişikliyə uğramış, daha sonralar isə “Əli”yə çevrilmişdir. Düşünürük ki, “Alı” və ya “Ulu” əski türk dünyagörüşündə yol Tanrısının adı olmuş, yuxarıda da qeyd etdiyimiz kimi, sonradan məna unudularaq, söz “Alı”ya dönüşmüş və ilkin mənadan uzaq düşülmüşdür. Digər bir ehtimalımıza görə isə söz “al”dan yaranmış, al rənglə, qırmızı rənglə bağlı meydana çıxmışdır. Alın, qırmızının isə odun, ocağın, alovun, eləcə də Günəşin rəmzi olması barədə ötən yazılarımızda kifayət qədər bəhs etmişik.

 

Yol əski düşüncədə zaman bildirən istilah kimi çıxış edir. İnsan “bir səfər getdim”, “bir dəfə olmuşam”, “bir uğur getmişəm” kimi deyimlərlə yanaşı “bir yol” qəlibindən də istifadə etmiş, yolu zaman vahidi kimi dil faktına çevirmişdir.

 

Burada “yol” məfhumu ilə “uğur” sözünün bağlılığına da qısa bir nəzər salmamız gərəkdir. Səfərə, yəni yola çıxan adama “uğur olsun”, “uğurun xeyir olsun” deyilməsi əksər ellərimizdə geniş yayılıb. Qarşısından dovşan, pişik kimi heyvanların, eləcə də ayağı ağır adamların çıxacağı ilə uğursuzluğa düçar olacaqlarını güman edən əcdadlarımız köpək, qurd kimi düşərli heyvanlarla, habelə ayağı yüngül adamlarla rastlaşdıqda səfərlərinin uğurlu olacağına inanmışlar. Görünür ki, “Uğur” əski türk tanrılar panteonunda yolu, yolçuları himayə edən fövqəltəbii varlıqlardan biri olmuşdur.

 

Əski türk düşüncəsi yola canlı varlıq kimi baxmış, hətta yola müəyyən insani keyfiyyətlər, insana xas olan xüsusiyyətlər aid etmiş, “yolun başı”, “yolun ayağı”, “yolun ağzı” olması qənaətinə gəlmişdir.

 

Xalqın dilində bu gün də işlək olan “Yolun ağ gəlsin” kimi alqışın, “Yolun qara gəlsin” kimi qarğışın varlığı əcdadlarımızın yola və ya yolu, yolçunu himayə edən mifik personajlarla bağlı düşüncənin məhsulu olmalıdır.

 

Hələ qədim zamanlardan türk xalqları yol sözündən maliyyə əməliyyatlarında bir termin kimi istifadə etmişlər. Yaxın keçmişə qədər Qarayazıda oğlan tərəfin qız evinə ödədiyi maddi hər şey, o cümlədən də pul “yol” adlandırılırdı. Yolun bu şəkildə istifadəsinə biz “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlirik. Dəli Qarcar bacısı Banuçiçəyə elçi gələn Dədə Qorquddan soruşur: “Dədə, qız qarındaşımın yolına (kursiv bizimdir – A. M.) bən nə istərsəm, verərmisin?”. Dastandan gətirdiyimiz bu kiçik iqtibasda yol məhz oğlan tərəfin qız evinə verəcəyi malı-mülkü nəzərdə tutur. Ayrı-ayrı türk xalqlarında oğlan tərəfdən qız evinə verilən maddi nemətlər və ya bunu əvəz edən pul başlıq, kalın adlandırılsa da, yuxarıda da qeyd etdiyimiz kimi,  Qarayazıda “Kitabi-Dədə Qorqud” dastanlarında işlədildiyi kimi “yol” şəklində varlığını sürdürmüşdür.

 

Yol qanundur, yol türkün törəsidir. Bunun belə olduğunu Orxon-Yenisey yazıları da və digər yazılı türk qaynaqları da təsdiqləməkdədir. Bu xüsusda türk tarixinin böyük araşdırmaçısı Bahəddin Ögəlin fikirləri bu sahə ilə maraqlananlar üçün mühüm əhəmiyyətə malikdir. Bu gün biz hər işin bir yolu var deyəndə, hər işin bir qanunu, qaydası olduğunu anlatmaq istəyirik. “Yoldan çıxmaq”, “yolunu azmaq” kimi deyimlər də yolun qanun olmasını təsdiqləyir. Hər iki ifadədə şəxsin elin adətini, elin qəbul etdiyi qayda-qanunu pozmasına işarə edilir. “Yoluna düzəlmək” deyimində qanunu pozan, ona əməl etməyən şəxsin artıq qanuna tabe olduğu, haqq yoluna gəldiyi öz əksini tapır. Biz tərəflərdə işlədilən “Yoloğlu”, “Üzüyola” kimi deyimlərdə şəxsin qanunsevərliyi, qanundan çıxmağı ağlının ucundan belə keçirmədiyi ifadə olunur.

 

Biz bir yazının da sonuna gəldik düşüncəsi ilə üç nöqtə qoymağı düşünsək də, yolla bağlı mifik-etnoqrafik bütün məsələlərə münasibət bildirdiyimiz iddiasında deyilik. Dini, elmi, ədəbi yollar barədə burada söhbət açmamamızın ən başlıca səbəbi mövzuya qaldığımız yerdən davam etmək istəyimizlə bağlıdır.

 

Afiq MUXTAROĞLU