Bolnisi bələdiyyəsinin Xidiskuri (keçmiş Həsənxocalı) kəndində bir təhsil ocağı var – Parlaq Gələcək Gənclər Mərkəzi. Mən bu gün bu təhsil ocağının uğurundan bəhs etmək istəyirəm.
Təhsil sistemində çox az bir vaxt ərzində mövcud olmasına və bu dönəmdə çətinliklərlə, sıxıntılarla üzləşməsinə baxmayaraq təhsil mərkəzi öz fəaliyyətini inamla davam etdirdi. Təhsil mərkəzində çalışan müəllimlərin fədakarlığı sayəsində təhsil ocağı ən çətin vaxtlarda belə fəaliyyətini dayandırmadı. Onlar müəllimlik peşəsinin bir əqidə və məslək olduğunu göstərdilər və öz şagirdlərinə örnək oldular. Belə müəllimlərimizin sayəsində onlarla gəncimiz ölkəmizin ən nüfuzlu universitetlərinin tələbəsi oldular. Riyaziyyat müəllimləri Əhmədalı Babaşov və Araz Musayev, məntiq müəllimi Şahvələd Nəbiyev və Aqil Hakhıyevin əvəzsiz xidmətləri nəticəsində gənclərimiz qarşılarına qoyduqları məqsədlərinə çatdılar. Bu məqsədə gedən yol çətin və keşməkeşli oldu, ruhdan düşdükləri zaman da oldu. Məhz belə dönəmlərdə müəllimlər böyük sevgi və qayğı göstərərək şagirdlərinin yanında oldular və onları ruhlandırdılar.
Parlaq Gələcək Gənclər Mərkəzi bir təhsil ocağı olaraq tək Xidiskuri gənclərinin deyil, qonşu Muxrana, Balaxauri, Çapala və Naxiduri kəndlərinin gənclərinin də hazırlıq kursları keçdiyi bir mərkəzdir. Təhsil və inkişafı özünün əsas prioriteti edən təhsil ocağı bu istiqamətdə önəmli və səmərəli addımlar atdı və atmaqdadır. Gənclərimizin intellektual və mədəni inkişafına xidmət edən təhsil mərkəzi gənclərin inandığı və qürur duyduqları təhsil ocağıdır. Bu günlərdə mərkəzin hazırlıq kurslarını bitirmiş gənclərin böyük əksəriyyəti ölkəmizin ən nüfuzlu universitetlərinə qəbul oldular. Gənclər və onların valideynləri böyük zəhmət hesabına əldə edilmiş nailiyyətin sonsuz sevincini yaşadılar. Uğura aparan yol çətin oldu zaman-zaman, ancaq vaz keçilmədi. Parlaq Gəkəcək Gənclər Mərkəzi onlarla gəncin arzularının, məqsədlərinin kəsişdiyi ümid yeri oldu. Mərkəz özündə Muxrana, Xidiskuri və Balaxauri, eləcə də digər qonşu kəndləri əhatə etdiyinə görə yaşanan sevinc və xoşbəxtlik hisslərinin coğrafiyası da geniş oldu.
Mən bu gün bizlərə unudulmaz anlar yaşadan istedadlı gənclərimizdən bəhs etmək istəyirəm. Onlar bizlərin ümid yeri, gələcəyimizin qurucularıdırlar.
Günel Sədiyeva Muxrana ictimai məktəbini gümüş medalla bitirib. Riyaziyyat və məntiq fənlərindən hazırlıq kurslarını isə Parlaq Gələcək Gənclər Mərkəzində keçib. Günel ziyalı ailəsində doğulub. Babası İskəndər Sədiyev uzun illər Daşlıqullar, indiki Muxrana ictimai məktəbində biologiya fənnini tədris edib. Günel Parlaq Gələcək Gənclər Mərkəzində hazırlıq kursları keçərkən dəfələrlə sınaq imtahanları verib və uğurlu nəticələr əldə edib. O, bu günlərdə həyatının ilk böyük uğuruna qədəm qoyub. Günel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbəsi olmaq statusunu qazanıb.
Digər gəncimiz Nərgiz Məmmədovadır. Nərgiz də həmyaşıdı Günel kimi eyni təhsil mərkəzinin hazırlıq kurslarını bitirib. Babası Məhəmməd Məmmədov nə vaxtlarsa Nərgizin təhsil aldığı məktəbdə müəllim kimi çalışıb. Böyük bir ailənin davamçısı olan Nərgiz Məmmədova təhsilini Tbilisi Dövlət Universitetində davam etdirəcək.
Nurlan Hüseynov universitetə hazırlıq kursu kimi Parlaq Gələcək Gənclər Mərkəzini seçib. O, qonşu Çapala (keçmiş Qoçulu) ictimai məktəbində təhsil alırdı. Nurlan digər həmyaşıdları kimi imtahandan uğurlu nəticə əldə edib. Nurlan təhsil mərkəzini seçməkdə düzgün addım atdığını vurğuladı.
Tələbə statusu qazanmış gənclərimizdən Pinar İsmayılova imtahan zamanı hədsiz dərəcədə həyəcanlı olduğunu, ancaq buna baxmayaraq kifayət qədər bal topladığından danışdı. Pinar İsmayılova bu günlərdə yaşadığı uğura görə riyaziyyat müəllimləri Əhmədalı Babaşova, Araz Musayevə və məntiq müəllimi Şahvələd Nəbiyevə minnətdar olduğunu dedi.
Fərid Əbdürəhmanov, Ülviyyə Məmmədova, Məhəmmədəli Xəlilov, Sona Həmidova və digərləri də Parlaq Gələcək Gənclər Mərkəzində riyaziyyat və məntiq fənlərindən hazırlıq kursları keçiblər. Onlar vahid milli imtahanlardan yüksək nəticələr əldə ediblər.
Parlaq Gələcək Gənclər Mərkəzində hazırlıq kursları keçmiş və sınaq imtahanlarından yüksək nəticələr əldə etmiş gənclərimiz də bizlərə sevinc yaşatdılar. Mərziyyə Yusifova, Aliyə Əliyeva, Aydan Yusifova sınaq imtahanlarından yüksək nəticələr göstərən gənclərimizdir. Aliyə Bolnisi şəhərində yerləşən Sulxan-Saba Orbeliani adına məktəbdə təhsil alır. İstedadlı və bacarıqlı Aliyə gələcəkdə informasiya texnologiyaları sahəsində təhsil almağı planlaşdırır.
Qeyd etmək istəyirəm ki, gənclərlə söhbətdən aldığım təəssürat məni çox ruhlandırdı və sevindirdi. Ümidlərimiz bu gənclərə bağlıdır və məhz onlarla söhbət etdikdə, onları daha yaxından tanıdıqda gələcəyimizin etibarlı əllərdə olduğunu gördüm. Bu, məni çox sevindirir. Yaxın günlərdə bu gənclərin tələbə həyatı başlayacaq. Onlar həyatlarının yeni səhifəsini yazacaqlar. Artıq tam fərqli bir rəngdə...
Gənclərimizə uğurlar arzulayıram! Yolunuz açıq olsun!
Leyla YUSİFOVA