Bu yaxınlarda işə gedərkən minmiş olduğum “marşrut” dediyimiz ictimai nəqliyyat vasitəsinə oğlanlı-qızlı bir neçə yeniyetmə mindi və müəyyən bir məsafəni birlikdə qət etməli olduq. Bu müddət ərzində gənclərin evlərinin, avtomobillərinin və digər əşyalarının qiymətindən, özəlliyindən danışmaqlarından və geyimlərindən açıq şəkildə anlaşılırdı ki, maddi baxımdan imkanlı ailələrin övladları idilər. Ancaq özlərini aparmaları, qeyri-etik hərəkətləri və şit-şit danışıqları onların tərbiyə və mədəniyyət baxımından yoxsul olan bir ailədən çıxdıqlarının bariz göstəricisi idi.
Hər bir valideynin ən böyük arzusu övlad sahibi olmaqdır. Lakin məsələ sadəcə övlad sahibi olmaq deyil, ona verilən tərbiyənin keyfiyyətidir. Əgər biz uşağımıza gözəl əxlaq aşılaya bilmiriksə, bu, həm ailəmiz, həm də bütövlükdə cəmiyyət üçün böyük bir itkiyə çevrilir. Əsl hünər övladların sayını artırmaq deyil, onların mənəvi dəyərini və cəmiyyətə faydasını yüksəltməkdir. Elə bu səbəblə də mən düşünürəm ki, bəzən valideynlər övladlarını sadəcə yedizdirib-içirməyi, onları ən bahalı paltarlarla bəzəməyi öz vəzifələrinin sonu hesab edirlər. Lakin uşağı yalnız fiziki olaraq böyütmək, onu “vitrin malı” kimi geyindirib ruhunu ac buraxmaq ilahi hüzurda ağır məsuliyyət yaradır. Allah insanı ruh və bədənin vəhdəti olaraq yaradıb. Bədən üçün qida nə qədər zəruridirsə, ruh üçün də iman və əxlaq o qədər vacibdir. Dişi ağrıyan insanın ayağına məlhəm sürtmək necə faydasızdırsa, ruhunda boşluq olan uşağın yalnız qarnını doyurmaq da eləcə nəticəsizdir.
Peyğəmbərimizin (s.ə.s.) buyurduğu kimi, hər bir uşaq islam fitrəti üzrə, yəni təmiz bir vərəq kimi doğulur. Onu sonradan formalaşdıran, inancını və xarakterini müəyyən edən ailə mühitidir.
Uşaq əridilmiş maye kimidir; hansı qaba tökülsə, donanda onun şəklini alar. Əgər bir ata övladına “yalan danışma” deyib özü yalan danışırsa, uşağın qəlbinə yalan toxumlarını öz əliylə əkmiş olur. Tərbiyədə ən təsirli yol nəsihət deyil, valideynin öz həyat tərzi ilə göstərdiyi nümunədir.
Ailədə uşaqlar arasında fərq qoymaq – istər oğlan-qız, istərsə də böyük-kiçik ayrı-seçkiliyi – qardaşlar arasında ədavətə, valideynə qarşı isə soyuqluğa səbəb olur. İslam bizə uşaqlar arasında mütləq ədaləti əmr edir. Digər mühüm məqam isə ünsiyyət dilidir. Sərtlik və qışqırıq tərbiyədə çıxış yolu deyil. Necə ki, yavaş-yavaş yağan yağış torpağın dərinliklərinə hopur, mülayimliklə edilən nəsihətlər də uşağın ruhuna elə nüfuz edir. Həzrəti Ənəs tam on il Peyğəmbərimizə xidmət etmiş, lakin bircə dəfə də olsun “Bunu niyə belə etdin?” iradını eşitməmişdi. Bu, bizlər üçün ən böyük səbir və nəzakət nümunəsidir.
Övladlarımıza halal və haramı öyrətməklə yanaşı, onlara yaşadığımız cəmiyyətin bir parçası olmağın məsuliyyətini də aşılamalıyıq. Müasir dövrdə düzgün tərbiyə həm mənəvi saflıq, həm də dünyəvi biliklərin vəhdətidir. Övladlarımızı elə yetişdirməliyik ki, onlar Quranın nuru ilə daxili dünyalarını aydınlatdıqları kimi, elmin və ədəbin işığı ilə də dünyamızı daha yaşanılan hala gətirsinlər.
Unutmamalıyıq ki, uşağa verilən hər bir etik dəyər – istər dürüstlük, istər əməksevərlik, istərsə də başqasının haqqına sayğı – sabahın hüquqi və mədəni cəmiyyətinin təməl daşıdır. Mənəviyyatı güclü, dünyagörüşü geniş olan bir nəsil təkcə ailənin deyil, bütöv bir millətin ən böyük sərvətidir. Övlad tərbiyəsi həm ilahi bir borc, həm də vətəndaşlıq məsuliyyətidir.
Hacı Bəkiroğlu