Düşmən qəbilə və dost qəbilə anlayışlarına yaxın mənaları olduğu üçün daxili qrup və xarici qrup anlayışlarını da söhbətimizə daxil edə bilərik. Çox qədim zamanlarda, tarixin ilk vaxtlarında düşmən qəbilə və dost qəbilə var idi. Dövrümüzdə isə düşmən qəbilə və dost qəbilə haradasa məhv oldu, öz yerini xarici qrup və daxili qrupa buraxdı. Nədir daxili qrup, nədir xarici qrup?
Çox qədim vaxtlarda, bildiyimiz kimi, insanlar qəbilələr halında yaşayırdılar və bu qəbilələr arasında savaşlar, çəkişmələr olurdu. Hər hansı bir qəbiləyə daxil olan insanlar yolda gördüyü hər hansı bir insanın düşmən qəbilənin mənsubu olduğunu biləndə həmin insanın yaxşı və ya pis insan olduğunun heç bir mənası qalmazdı, artıq o insana nifrət edərdilər. Ancaq öz qəbilələrinə mənsub olan insanlar pis insan da olsa, o insanı öz qəbilədaşları olduğu üçün yaxşı insan kimi qəbul edər, o insana simpatiya bəsləyərdilər, hətta bəzən qəbilənin bəzi fərdlərini yaxşı və ya pis olmasından asılı olmayaraq müqəddəsləşdirərdilər. Bu fərd qəbilənin başçısı da ola bilərdi, ağsaqqalı da. Qəbilə başçısı və qəbilə ağsaqqalı ayrı şeylərdir.
Bir qəbilənin bir neçə ağsaqqalı ola bilərdi, ancaq mütləq bir başcısı olmalı idi. Çox təəssüf ki, indiki insanlarımızın da əksəriyyəti qəbilə təfəkküründədirlər. Bu təfəkkürü İrançılar və Turançılar qarşıdurmasında rahatlıqla müşahidə edə bilərik. İrançılar öz ağalarını müqəddəsləşdirdikləri kimi, Turançılar da öz öndərlərini müqəddəsləşdirməkdədirlər. O ağaların və ya bu öndərlərin yaxşı tərəfləri olduğu kimi, pis tərəflərinin də olması mümkündür, həmçinin əksinə. Ancaq bu fanatik insanlar bunu qəbul etməzlər. Qəbilə təfəkküründəki İrançılar üçün Turan düşmən qəbilədir, Turançılar üçün isə İran düşmən qəbilədir. Ancaq İrançılar üçün özləri kimi digər İrançılar öz daxili qruplarındadır, Turançılar isə xarici qrupda. İnsanlar daxili qrupda olanları ədalətli, mərhəmətli, yaxşı insan, dəyərli insan saymaqdadırlar. Bu daxili qrupda olanlar üzü nurlu, mülayim və nəcibdir. Xarici qrupda olanlar isə üzlərində təbəssüm qarışıq nur olsa belə, bu nur o insanın bicliyinə və “aferistliyinə” yozulmaqdadır.
Ən başda qeyd etdiyim kimi, düşmən qəbilə və dost qəbilə artıq yox kimidir, ancaq qəbilə təfəkkürü hazırda da mövcuddur. Yenə də qeyd edim ki, qəbilə təfəkküründə olanlar üçün özləri kimi olanlar öz daxili qruplarındadır, özləri kimi düşünməyib əksinə düşünənlər isə xarici qrupda. Yəni artıq qəbilə təfəkkürü, daxili qrup və xarici qrup var. Bu təfəkkür isə dünya barışının qarşısındakı ən böyük maneədir.
Dünya barışının qarşısına duran bir digər maneə isə çox böyük olmasa da elita və aşağı təbəqə arasındakı anlaşılmazlıq və uçurumdur. Elitanın aşağı təbəqəyə qarşı saymazyana münasibəti və aşağı təbəqənin yuxarı təbəqədəkinə nifrətini qeyd etmək olar. Yuxarı təbəqənin saymazyanalığına haqq qazandırmasaq belə, aşağı təbəqənin nifrəti bir az başa düşüləndir. Hətta aşağı təbəqənin arasında imkanlıları mövcuddur ki, özlərinə olan inamlarını işləri, yaraşıqlı evləri və bahalı maşınları ilə ölçürlər. Bu insanlar hamımızın bildiyi kimi, toylarda pul səpən, bahalı geyimlər geyinən, yüksək səviyyəli mağazalardan alver edən insanlardır. Bu insanlar bazarda əllərində kofe, banan və bu kimi şeylər gəzdirib satan, günə 4-5 lari qazana bilmək üçün çalışan stıcılardan nəsə almağı özlərinə sığışdırmazlar. Bu insanlar əsl ərdəmin insanlara faydalı olmaq olduğunu başa düşməzlər.
Mən bəzən düşünürəm, həyatda heç bir ali məqsədləri olmayan bu insanların yaşamaq səbəbləri nədir görəsən?.. Bu insanları metro, avtobus və bu kimi digər nəqliyyat vasitələrində görə bilməzsiniz. Bu kimi insanlar (o cümlədən elitadan olanlar da) kasıblıq səviyyəsində yaşayan insanların süfrəsində oturub onların yediyindən yeməz. Onlara yuxarıdan aşağı baxar. Əslində isə, əsil hörmətə layiq olan insanlar aşağı təbəqənin insanlarıdır. Çünki istehsal edən, əkib-becərən onlardır. Müharibədə ilk əvvəl onların balaları şəhid olmaqdadır. Çətin işlər onların boynundadır. Yuxarı təbəqə isə parazit kimi bu insanların zəhmətindən faydalanmaqdadır. Ancaq bu insanların arasında da mənim kimi düşünən insanlar, əlbəttə, vardır. Onlar mənim dostumdur. Yəni biz eyni qəbilədənik.
Vüqar VƏKİLOĞLU