(Tarixixi-etnoqrafik qeydlər. I yazı)
Hər kəsin, – adam adama demirmi ki, dilimin andı var, – hər evin, hər ailənin, hətta bütöv bir nəslin anda çevirdiyi bir ad olurdu. Ailənin, nəslin hər bir üzvü bu adı əziz tutur, az qala müqəddəs sayırdı. Biz bu məsələyə ya yazının sonunda, ya da növbəti bir yazıda münasibətimizi bildirəcəyik. Vəd vermişik, gərəkdir ki, əməl edək. Kişi sözü yəni.
And universal anlayışdır. Bir qəbilənin və ya tayfanın elliklə müraciət etdiyi andlar var idi ki, həmin andlar yalnız həmin nəslə, soya məxsus olurdu. Bu məntiqlə bütöv bir xalqın müraciət etdiyi andların olması da mümkün sayılmalıdır. Bir dinə məxsus olan müxtəlif etnosların da ümumi bir and yerinin olması mümkün idi. Ayrı-ayrı xalqların nümayəndələrinin eyni bir varlığa sitayiş etməsi sıradan hadisə kimi görünürdü.
And insanın haqlı olduğunu sübut etmək istəyindən doğmuşdur. And içməklə insan şəxsin və ya toplumun ona yönəlmiş şübhələrini özündən uzaqlaşdırmaq istəmişdir. And ətrafdakıları inandırma vasitəsi kimi düşünülmüşdür. And əski çağlarda ictimai münasibətlərin tənzimlənməsi vasitəsi olmaqla cəmiyyətin idarə olunmasında müstəsna rol oynamışdır.
İlk andların hələ qəbilə dövründə yarandığını ehtimal etmək olar. Qəbilədaxili münasibətləri qaydaya salmaq üçün düşünülmüş vasitə olmasını da söyləmək mümkündür. And əski insanların inanc sistemində mühüm bir həlqə təşkil edərək, həmin sistemin bütövləşməsində, tamlaşmasında mühüm əhəmiyyət daşımışdır.
And içməyin xüsusi bir mərasimlə icra olunmasını da qeyd etməliyik. And içmək üçün xüsusi – təmiz, arı, pak bir məkanın, məsələn, uca bir təpənin, pak bir tapınağın olması da vacib idi. Qədim türk xalqlarında dövlətlərarası müqavilələrin at belində tərəflərin and içərək tamamlamasını da vurğulamadan keçməyək. Atın əski türk xalqlarında arılığın, paklığın rəmzlərindən biri kimi çıxış etməsi təbii bir hadisədir.
Andiçmə ritualında qəbilə üzvlərinin hamısının iştirak etməsini də gözləmək olardı və ya andiçmə xüsusi seçilmiş adamların nəzarəti altında da düzənlənə bilərdi.
Andın xüsusi bir mərasim vasitəsi ilə icra olunduğunu artıq bilirik. Mərasimdə and içənin “and içib, südünü göyə sağması” kimi bir ayinin icrasını biz xalqın yaddaşında daşlaşmış inam vasitəsilə bərpa edərək, bu barədə gümanlarımızı dilə gətirə bilərik. Əski türk xalqlarında ana südü müqəddəs sayılmış, ona arılığın, duruluğun, paklığın bəlgəsi kimi baxılmış, Kitabi-Dədə Qorqud boylarında ana südünə məlhəm kimi baxılmışdır. Əski inanclarımızda süd gölünün varlığını südə bu cür münasibətin mövcud olması ilə əlaqələndirmək mümkündür.
And predmetlərini canlı və cansız olaraq qruplaşdıra bilərik. İnsanlar qutlu, müqəddəs saydıqları dağlara, çaylara, yəqin ki, zamanında sitayiş etdikləri ağaclara and mənbəyi kimi baxmışlar. Monoteist dinlərə qədər hər qəbilənin öz toteminə – müxtəlif heyvanlara və quşlara and içdiklərini güman etmək olar. Gümanlarımızı əski qəbilə-tayfa əhlinin fövqəltəbii varlıqlara and içməsiylə daha da gücləndirə bilərik.
Həyatın sonrakı inkişaf mərhələlərində and predmetlərinin dəyişikliyə, müəyyən transformasiyaya uğradığını da əminliklə söyləmək mümkündür. Qəbilələrin birləşməsi, tayfaların yaranması, insanların dini inanclarında da əks olunmalı idi. Dünənə qədər and yeri olan bir nəsnənin unudulması və ya yenisinin meydana çıxması öz dövrü üçün yenilik, irəliyə doğru atılmış addım kimi qavranılmalıdır.
Monoteizmin qələbəsi ilə and predmetlərinin dəyişməsi mütləq şəkil alır. Politeizmin, dualizmin andiçmə predmetlərini, ənənələrini yeni dini məfhumların əvəz etməsi də təbiidir. Bugün də xalqın dil yaddaşında qorunub saxlanan elə andlar var ki, türk xalqlarının islamaqədərki inanclarının qalıqları kimi yaşamaqdadır. Günəşə, oda, ocağa tapınmanın izlərini yaşadan müxtəlif deyimlər, andlar bu qəbildəndir. Məsələn, “od haqqı”, “ocaq haqqı”, “bu işığa kor qalım”, “gün haqqı” kimi andlar dediklərimizi təsdiqləmək baxımından bizim üçün güclü tutalğacdır.
Çörəyə and içilməsini bəlkə də hamımız müşahidə etmişik. And içən and içərkən çörəkdən bir az qıraraq özünü təmizə çıxarmağa, suçsuz olmasını sübut etməyə calışır, and içərkən qırdığı çörək tikəsini isə kənara atırdı. Niyəsini deyim. Çörək, öz türkcəmizdə əppək Qurana bərabər tutulmuş, hətta onu “Qırmızı Quran” belə adlandırmışlar. Görünür and içən çörəyə, əppəyə bu cür münasibət göstərməklə yalandan and içərsə, özünün çörəyə möhtac qalmasını, çörək tapmamasını dilə gətirmək istəmişdir. Axı əski inanclarımızda yerə düşmüş çörəyin yerdən qaldırılması, üç dəfə öpülərək, göz üstünə qoyulması və yerdən götürülmüş çörəyin təmiz, yüksək bir yerə qoyulması adəti olmuşdur. Bu gün də, bu və ya digər dərəcədə buna əməl edənlər var.
Andiçmə bir nəfərin iştirakı ilə də icra oluna bilərdi, şübhəlinin ailə üzvləri ilə birlikdə, kollektiv şəkildə and içməsinə də təsadüf oluna bilərdi. Belə ki, oğul-uşağını qucağına alaraq, ətrafına yığaraq müqəddəs nəsnəyə and içmək ənənəsi yaxın keçmişə qədər mövcud olmuşdur. Fikrimizcə, “oğlumun canı haqqı”, “balalarımın canına and olsun”, “qardaşlarımın ölümünə” və bu kimi deyimlər, andlar kollektiv andiçmənin izlərini daşımaqdadır.
Yüzilliklər, minilliklər arxada qaldıqca andların məzmunu dəyişmiş, andların sırasına yeni predmetlər daxil edilmiş, zamanla ayaqlaşmayan andlar istifadədən çıxaraq, unudulmuşdur.
Gümanımıza görə, ilkin dönəmlərdə andlar sabit, toplumun norma kimi qəbul etdiyi mətnlərə malik olmuş, sonrakı dövrlərdə sosial-iqtisadi, dini-mənəvi münasibətlərin yeniləşməsi ilə bu mətnlər unudulmuş və ya unutdurulmuş, onların kiçik parçaları xalqın yaddaşında qalaraq, müasir dövrümüzə qədər gəlib çıxmışdır. Fikrimizi konkretləşdirsək, andlar bəzən mənaca genişlənərək ümümişləklik qazanmış, bəzən də mənaca daralaraq, istifadədən çıxmışdır.
Yazımızın davamı olacaq. Sözümüz sözdür.
Afiq MUXTAROĞLU