Allahın yer üzərində ağıl və düşüncə nemətilə yaratdığı ən mükəmməl, izzətli varlıq olan insan, ona verilən həyat o qədər dəyərli, o qədər əhəmiyyətlidir ki, irqindən, dinindən, düşüncəsindən, məzhəbindən, milli mənsubiyyətindən asılı olmayaraq “cana haqsız yerə qəsd etməyin” əmrilə bir canlının haqsız yerə öldürülməsini qadağan, yasaq edir və insan qətlini böyük bir günah, böyük bir cinayət olaraq dəyərləndirir.
Son zamanlar dünyada qadın və uşaq cinayətləri, istismarlar, şiddətlə bağlı yaşanan hadisələr dəhşətli dərəcədə artıb. Qətlə yetirilən qadınlar arasında gənci də, yaşlısı da var.
Biz qadınlar dünyanın hər yerində hər yeni günə biraz daha əskilərək başlayırıq. Çünki qadın qətlləri hər gün artır. Bəzən ən yaxını, bəzən də heç tanımadığı biri tərəfindən öldürülür, döyülür, dillə deyilməyəcək əziyyətlərə məruz qalırlar qadınlar.
Hər vaxt şiddətdən əvvəl bir yol mövcuddur. Sadəcə bunu dərk etmək lazımdır ki, qadına şiddət heç bir problemin həlli deyil. Doğrudur, şiddət hər toplumda və hər dönəmdə geniş yayılmış bir problemdir. Ancaq qadına qarşı şiddət daha çoxdur. Dünyada hər üç qadından ən azı biri ya döyülmüş, ya təcavüzə, ya da müxtəlif zorakılıqlara məruz qalmış olur. Qadına şiddət xəbərlərində bunu edənlərin əksəriyyətinin həyat yoldaşı, sevgilisi, atası, qardaşı, əmisi, dayısı, keçmiş əri, qayınatası və ya yaxın qohumları olduğunun dəfələrlə şahidi olmuşuq.
Bir insanın həyatı sosial medialarda həştəq olana qədər heç kim heç kimlə maraqlanmır. Bu dəqiqə, hazırda dünyanın hər hansı bir yerində yenə qadınlar ölür, öldürülür. Bir ana uşağının gözü önündə döyülür, can çəkir və bunlardan hər hansı birini kameraya çəkib paylaşmaqdan başqa heç nə gəlmir əlimizdən. Hər gün ölüm xəbərini oxuduğumuz qadınların adını hansı birimiz yaddaşımızda bir gündən çox saxlaya bilirik. Statistikalar, rəqəmlər il ərzində öldürülən qadınların sadəcə sayını hesablayırlar.
Bu dünyada qadın olmaq çox çətindir, amma ölmək çox asandır. Küçədə, metroda, binaya daxil olarkən arxamıza baxmadan yeriyə bilmədiyimiz, tək başına taksiyə minə bilmədiyimiz, azad bir şəkildə gəzə bilmədiyimiz, həmişə bir narahatçılıqla gəzdiyimiz dönəmdə yaşayırıq. Bunu etsəm başıma bu iş gələr qorxusuyla yox, caamat nə deyər qorxusuyla yaşayırıq.
Ötən günlərdə Türkiyədə baş verən qan donduran hadisəni bir çoxunuz bəlkə də gördünüz. Hələ 19 yaşında idi, gənclik illərinə yeni qədəm qoyurdu ki, bütün xəyalları yarıda qaldı... Vaxtında müalicə olunmamış hansısa psixə görə həyatına son verildi. Vəhşicəsinə öldürüldü...
Bir ana üçün övladının parça-parça edilib yerlərə atıldığını görmək, “kaş silahla öldürülsəydi, canı daha az yanardı” cümləsindən daha ağır nə ola bilər.
Mən sadəcə kiminsə qızı, bacısı, sevgilisi, dostu deyiləm. Mən bir qadınam – insanam! Bir kişi qədər yaşamağa layiqəm. Çöldə tək olanda sürətlə yerimək, çox ciddi və sərt görünmək məcburiyyətində qalmamalıyam. Sadəcə yanımda oğlan xeylağı olanda özümü rahat hiss etməli deyiləm. Ən acınası isə, bir gün başıma bir iş gəlsə, həmin saatda orada olmağımla, paltarımla maraqlanılacağını bilməyimdir.
Bir qadının yaşama hüququnu əlindən almaq üçün heç bir səbəb, heç bir bahanə ola bilməz və olmamalıdır.
Hər kəs öz qızına “qızım ağıllı ol, yoldan keçəndə başını aşağı sal, heç kimə fikir vermə, pis adamlara baş qoşma, dərslərinlə məşğul ol” deyir. Amma heç kim öz oğluna “oğlum küçədən keçəndə özünü vəhşi kimi aparma, kiminsə qızıyla işin yoxdur, tanımadığın, bilmədiyin adamlarla danışma, heç nə götürmə, nömrəni paylama” demir. Hər kəs öz qızına tərbiyə verir, amma bəzi oğlanlar hələ də qalıb.
Ona görə də illərdən bu yana bizim millət sadəcə “ər arvadı döyər də, söyər də” “mədəniyyətini” qoruyub saxlayır.
Ərin arvadını döyməsini normalaşdıran bir cəmiyyətdə yaşadığım üçün utanıram. Oğlu gəlinini gözü önündə döyərkən qıraqdan baxıb “qoy döysün, öldürsün, yaxşı eliyir, ona hələ bu da azdı” deyən qayınanalar, sırf yengəsindən xoşu gəlmir deyə qardaşını “dolduran” baldızlar, “ər-arvad arasında olar belə şeylər” deyib səs-küyü eşitməməzliyə vurub qapını örtən qonşular, “vurub da vurub, öldürməyib ha, bizi də öpüb başa qoymayıblar ki, heç nə olmaz” deyən xalalarım, ey qadın düşməni millətim, etmiyin, normalaşdırmayın şiddəti, cinayəti, təcavüzü gizlətməyin. Xalq nə deyər deyə ört-basdır etməyin, yazığınız gəlsin. Bu gün susanlar vicdanlarını necə susduracaqlar, göz yumduğunuz hər şey bir gün sizin də övladlarınızın başına gələ biləcəyini unudursunuz.
Kimsə anlamır ki, sevgi bu deyil, sevgi öldürmür, incitmir, ziyan vurmur, qorxutmur, ağlatmır. Sevgi sadəcə bu dünyada xoşbəxtlik bəxş etməlidir.
Sevdiyin qadını qətlə yetirməkdə isə heç bir sevgi göstəricisi yoxdur, əksinə, potensial vəhşilikdir bu.
Artıq söz tapmıram, həqiqətən bildiyim tək bir şey var: insanlar bu mövzuda əsla susmamalıdırlar!
Aytən FƏTULLAYEVA