Bir zamanlar Ebru Gündeşin, ya da Kenan Doğulunun ifasında “Yaparım bilirsin” mahnı sözlərinin “Yakarım, Romayı da yakarım ben” misrasını arazbarı az qəbul eləyirdim. Axı niyə məhz Romanı – lap olsun Lissabon – yandırıb-yaxmaq? Əlbəttə, sevgi üçün kül olmağın özəllikləri anlaşılandır. Amma yanğınsız, yanğınsöndürənsiz olmazmı?
Üstəlik də Romadakı tarixi Venetsiya meydanının, Panteonun, Kolizeyin, Trevi fəvvarəsinin “yakılması”nı, biryolluq yıxılmasını heç istəməmişəm. Məgər içimizdəki tarixi həyəcanların, şirinli-acılı duyğuların arada-sırada yığılıb-yığılıb yanğın çıxarmaları azlıqmı eləyir?
Üstəlik də bir neçə il əvvəl qədim-qayım Romanın “Borgeze villası” parkında dahi Azərbaycan şairi Nizamiyə abidə ucaldıldı və lütfən, Ebru xanım da, Kenan bəy də inciyib eləməsinlər: dünyanın Sınıq körpü deyilən yerinə yaxın bir bölgəsindən imkan vermərəm Romanın – sevgi motivləri ilə olsa belə – “yandırılmağı”na! Çünki yüz bir səbəbdən biri, bəlkə də birincisi budur ki, mən bütün yolların Romaya apardığını məhz orada ustad Nizamiyə abidə ucaldılması ilə anlamışam.
Yəqin ki, sizin də yaddaşınızın yanmayan yerlərində bu qanadlı ifadə qalmış olar: tutte k vie conducano a Roma. Məhz bir möhtəşəmlikdən xəbər verən bu “Bütün yollar Romaya aparır” ifadəsi bizi elə bir vəhdət havasına kökləməlidir ki, ana dillərimizin beşikləri olan ana şəhərlərimizi – paytaxtlarımızı sevək: Tiflisi, Bakını, Ankaranı, Parisi, Londonu, Qahirəni (və sairə və ilaxır). Və bütün hallarda nədən bütün yolların “Romaya getdiyi”ni də qısqanıb eləməyək. Hətta günlərin bir günündə görəndə ki, sənin bədii inkişafımızın qızıl səhifəsi olan Dahin öz ana dilində deyil, misilləmə misal üçün, dari dilində, ya da latınca yazıb, təəssüf dumanlarına bürünməməlisən. Axı tarixilik baxımından Vahid Vəhdət dünyasında nələr olmayıb, ya da nələr olmur!?
Məgər əsərlərində İnsana məhəbbətinin böyüklüyünə görə ustad Nizaminin boyuna binəm ikinci şairmi var!
Bir də... Bakı demiş, bu günlərdə Bakını göstərirdilər: Bakını – yəni ana Sözümüzün böyük oğlunu! Daha doğrusu, ustad Nizaminin Bakıdakı heykəlini, mövzu ilə arazbarı əlaqəli, həm də N.Nərimanovun və S.Vurğunun heykəllərini göstərirdilər. Heykəllər yaman gündə idi. Ələlxüsus da ustad Nizaminin heykəli: bir zamanlar dimdikləri naməli nəğməli quşlar bir rəngə bələmişdi, xəzri bir rəngə boyamışdı... Süjet müəllifi demək istəyirdi: bir halda ki, can Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib, onda bu heykəl (lər) niyə belə yaman gündədir? Doğrudur, Nizami qəlb məsələsi olduğu üçün, Nizaminin əsl heykəli qəlblərdədir, amma məgər Nizami adına Ədəbiyyat İnstitutunda, ya da Azərbaycan Mədəniyyət Nazirliyində (Diazporla İş üzrə Dövlət Komitəsi də ola bilər) bir bikar adam yoxdurmu ki, heykəllərin təmizlik işlərinə baxa?
Qayıdaq biz tərəflərə: təbii ki, orada ayla, illə, burada müxtəsər dillə...
Marneulidəki “Çay Evi”nin həyətində Nizaminin – Ş.Rustaveli ilə birlikdə – barelyefi, xatirə lövhəsi qoyulub: yəni yastı səth üzərində alçaq qabarıqlı təsvirdir. Təbii ki, Gəncədən doğan, Azərbaycan göylərinə qalxan və bütün dünyaya işıq saçan Nizaminin, bu, “Poeziya dünyası allahının” (Bertels) əbədiyaşarlığı nə heykələ, nə də barelyefə sığan deyil. Amma bütün hallarda Marneulidəki Nizami Gəncəvi – Şota Rustaveli barelyefinin məhəbbətlə ziyarət edildiyinin şahidiyəm. Əlbəttə, siz şahidliyə çağırmasanız da deyirəm bunu.
Ustad Nizami ilə bağlı milyonlarla heyrət, minlərlə xoş söz, yüzlərlə “de-fakto” və “de-yure” var. Onlardan bir neçəsini diqqətinizə çatdırıram:
...M.Tebenkovun 1896-cı ildə Tiflisdə nəşr edilmiş “Qədim Rusiya ilə Xəzəryanı dövlətlərin münasibətlərinin Nizaminin “İsgəndərnamə” poemasında bir mənbə kimi xarakteristikası” adlı əsəri var. Amma bunu tarixə qulağa xoş gəlmək üçün deyil, həqiqəti demək üçün baxanlara deyirəm: arada-sırada bir “İsgəndərnamə”yə də göz gəzdirsinlər.
...1940-cı ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünlüyü (dekada) iştirakçılarından birinin qeydlərinə baxaq: “Bizə dünya ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycanın dahi şairi, əbədiyaşar Nizami rəhbərlik edir”. Bu, çox təsiredicidir, deyilmi? Amma ən əsası, “apriori iddiaları”nı ortaya atanlar səhv edirdilər: Nizami Azərbaycana “qaytarılmamışdı”, sadəcə, onun poeziya xətti “dünya – riyaziyyat dilində yazılmış bir romandır” iddiasına cavab olaraq “dünya – poeziya dilində yazılmış bir “sirlər xəzinəsidir” iddiasıyla cavab verirdi. Özü də Azərbaycan türkcəsində!
...“Qu quşunun nəğməsi” ifadəsi, adətən, yaradıcı şəxslərin ölümqabağı yazdığı parlaq sənət əsərlərini nəzərdə tutur. Məsələn, Şekspirin, Hötenin, Hüqonun, Puşkinin son “Söz”ləri!
Bəzən mənə belə gəlir ki, ustad Nizaminin son nəğməsi Üzeyirbəyin bəstələdiyi və Rəşid Behbudovun məsud oxuduğu “Sənsiz”dir.
...Düz 880 ildir ki, sənsizik, Nizami baba! Amma, təbii ki, cismən! Mənən və ruhən səninləyik!
P.S.
Doğrudan da ustad Nizaminin hər şeiri oxunanda özü də hər sözdə görünür: lap elə bu barelyefin bir addımında. Məgər əbəs yerəmi yazmışdı:
Yüz il sonra sorsan: “Bəs o hardadır”?
Hər beyti səslənər: “Burda, burdadır”!
...Sizin Nizami məhəbbətiniz də buralardan apaydın görünür. Var olun! Çünki, ustad demiş:
Məhəbbət odur ki, odu sönməsin!
İBRAHİMXƏLİL