GİRİŞ

 

İnsanın ən böyük istəklərindən, maraqlarından biri yeni yerlər, yeni nəsnələr görməkdir. Bəlkə də, bu, bəşər tarixinin ibtidasından belədir. Ov dalınca gedən qədim ovçunun, yığıcılıqla məşğul olan əski qadının qida axtarışında nə qədər yeniliklər gördüyünü, gördüklərini saf-çürük etdiyini yada salaq. Hər açılan sabah qədim ovçunun ova çıxmaq, yığıcının nəsə toplamaq üçün yola düşmək məcburiyyəti ovçu-yığıcı əcdadlarımızı yeniliklərə qarşı gözüaçıq, diribaş olmağa vadar edirdi. Düzdür, ibtidai insanın yeniliklər dalınca dünyanın bu başından o başına getmək imkanları məhdud idi. İlk nəqliyyat vasitələrinin kəşfinə, atın əhliləşdirilməsinə qədər ibtidai insanın məsafə üzərində hökmranlığını təmin edəcək cəmi bir vasitəsi var idi. O da onun öz ayaqları. İnsan ayaqlarının onu apara biləcəyi məsafəyə qədər dünya ilə tanış ola bilirdi. Məskənindən ovlağa, çəmənliyə, su mənbəyinə qədər getdiyi yolu insanın ilk səfəri, ilk səyahəti saymaq olar. Bu yolda onun ilk gördüyü hər şeyi isə yeniliklər adlandıra bilərik.

 

İnsanın öz gözləri ilə görmədiyi yerlər barədə təsəvvürü olduqca məhdud, məhdud olduğu qədər də dumanlı, qarışıq, həlməşik, bəzən heç nə anlaşılmayacaq qədər gerçəklikdən uzaq olur. Əski dönəmlərdə, lap elə müasir dövrümüzdə də insanların şaiyələr əsasında müəyyən bir nəsnə, istənilən bir şəxsiyyət və ya hər hansı bir ölkə haqqında fikirlər söylədiklərinin, hökmlər verdiklərinin şahidi olmaq mümkündür. İlk baxışda müasir insanın yerin altını da, üstünü də bildiyini düşünürük, amma məsələ bəhs olunan hər hansı konkret bir detala, xırdalığa gəldikdə biz yanıldığımızın fərqinə varırıq. Uzaq-yaxın ölkələr haqqında, bu ölkələrdə yaşayan xalqlar, bu xalqların adət-ənənələri, davranışları, inancları, sevincləri, ağrı-acıları barədə bizim təsəvvürlərimiz, demək olar ki, yox dərəcəsindədir. Təsəvvürümüz olsa belə, çox yayğın, doğrudan çox yalana bənzəyən, ağızdan-ağıza keçərək həqiqi mahiyyətindən uzaq düşən bir neçə çeynənmiş faktdan ibarət olub, bizi utandıra biləcək səviyyədədir.

 

Bunu mən Niderlandda yaşadığım bir ildən çox vaxt ərzində az da olsa anlaya bildim. İnanın ki, bu müddət ərzində mən Niderlandı hər gün özüm üçün kəşf etməklə məşğul olmaqda keçirmişəm. Bu sözlərimdə bir damcı da olsa qeyri-səmimilik və ya şişirtmə yoxdur. İstənilən holland da Azərbaycana, Gürcüstana gəlib üç ay, beş ay burada yaşasa, inanıram ki, o da Azərbaycan haqqında, Gürcüstan barədə eyni sözləri söyləyə bilər. Burada yaşadığım aylar ərzində özümə dəfələrlə sual vermişəm ki, mən buraya ayaq basanadək Hollandiya barədə nə bilirdim. Sən demə, universitet diplomunda ixtisası tarixçi kimi göstərilən şəxsin bildikləri heç nəyə yaramayan bir neçə quru faktdan, utandırıcı yanlış təsəvvürlərdən ibarət imiş. Atalar deyib axı, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Mən öz acı təcrübəmdən çıxış edərək, atalarımıza haqq qazandırıram. Nədən ki, Niderlandı mənə oxuduqlarımdan çox, gəzib, gördüklərim tanıtdı.

 

Doğrudan da mən Hollandiya barədə nə bilirdim? Elə bu sualın qoyuluşu səhvdir. Bu ölkənin adı Niderlanddır. Onun 12 inzibati ərazi vahidindən cəmi ikisinin adında Hollandiya sözü var: Cənubi və Şimali Hollandiya. Niderland sözünün mənası “aşağı ölkə”, Hollandiya sözü isə “boş torpaq” mənası verir. Hollandiya əslində Niderlandın üzünə çəkdiyi bir sirli pərdədir. Niderland özünü, öz gerçəklərini bu pərdə arxasında gizlədib. Mən bu pərdəni azca aralaya bildim və bu zamanadək bildiklərimin çoxunun sırf təsəvvürlərdən ibarət olmasına, bu ölkənin gerçəklikləri ilə heç bir əlaqəsinin olmadığına inandım. Düzdür, mənim yanlışlarımın biçimlənməsində Niderlandın özünü bu sirli pərdənin arxasında gizlətməsi də az rol oynamayıb. Nədən ki, Niderland uzun müddət özünün “seks cənnəti”, “narkomaniya cənnəti” kimi məhsullarını, xidmətlərini dünyaya məhz “holland”, “Hollandiya” adı altında çıxarmış, onları bu adla tanıtmış və öz həqiqi varlığını bu ad arxasında gizlətmişdir.  

 

Bildiklərimi sırasıyla söyləyim, mən söylədikcə siz də bu ölkə barədə özünüzü sınaqdan keçirib, test edə bilərsiniz.

 

Mənim Hollandiyanın qədim dövrü barədə dəqiq təsəvvürüm yoxdur deməyim, daha doğru olar. Qədim romalıların buralara qədər gəlib çıxmaları haqqında ümumi bilgidən savayı, ortaya qoyacaq bir şey yox. Düzdür, interneti açıb nələrisə dəqiqləşdirmək, unutduqlarımın bir çoxunu yada salmaq imkanım da var. Amma mən gördüklərimə, hiss etdiklərimə dayanaraq, yazmağın daha doğru yol olduğuna inandığımdan, bu yöntəmdən az yararlanmağa çalışdım.

 

Uzaqbaşı hollandların hind-Avropa dil ailəsinin german budağına aid tayfalardan biri olmasını da bildiklərimin üzərinə əlavə edə bilərəm.

 

Elə erkən orta əsrlər dövrünə aid də, səhih bir məlumata malik olmadığımı söyləmədən keçməyim. Müstəqilliyinin elanına qədər Niderlandın İspaniyaya qarşı mübarizə apardığının, bu mübarizənin gedişində “dəniz gözü” adlandırılan partizanların mühüm rol oynadıqlarının yaddaşımın harasındasa ilişib qaldığını xatırlayıram.

 

Niderlandın dəniz ölkəsi olmasından, Niderland insanlarının gəmi düzəltmələrindən, usta dənizçi olmalarından, dünyanın hər yerinə üzə bilmələrindən, bu dənizçiliyin onları okeanın o tayında kiçik də olsa, torpaq sahibi etməsindən xəbərdar olduğumu da deyim.

 

Niderland insanının mübarizliyi, qələbə əzmi barədə bir az çox bilgiyə sahib olmağımı söyləməyimin təvazökar olmadığım anlamına gəlməyəcəyinə ümid edirəm. Dənizi ram edib öz ölkələrinin ərazisinə qatmaları faktını dönə-dönə xatırlamamı, hər xatırladıqca müsbət enerji almamı isə, bu şimal insanlarına böyük heyranlığımın bəlgəsi saymaq olar. 

 

Niderlandın forinti, güldeni barədə də nələrsə eşitmişdim. Hollandların bank işinin sirrinə vaqif olmalarından, dünya maliyyə bazarında əsas oyunçu sayılmalarından da az-çox xəbərim var idi.  

 

Niderlandın ilk burjua inqilabının vətəni olması da yadımdadır. Adama bu yerdə gəl, bunu da bilmə, a tarixçim, desələr yeri var.

 

Ölkənin iki – Niderland və Hollandiya adı ilə tanınmasını, ikinci adın isə ölkənin cəmi iki əyalətini əhatə etdiyini də bildiklərimin sırasına yazıram. Ölkənin paytaxtının Amsterdam olduğunu, amma hökumətin Haaqada oturduğunu da bildiklərimdən sayaq. Amma, etiraf edim ki, bunun nəyə görə olduğundan, tövbələr olsun, xəbərim yoxdur. Aha, oldu, bitdi. Bildiklərim bu qədər.

 

Hə, bir də Niderland rəssamlarının İntibah çağında yaratdıqlarından da bir-iki nümunəyə bələdliyim var idi. Rembrandt möhtəşəmliyini çoxdan kəşf etdiyimi də xatırladım.

 

Van Qoqun “Günəbaxanlar”ına vurğunluğum da yaddan çıxmasın. Onun kəşməkeşli, mürəkkəb və ziddiyyətli həyatına, yaradıcılığına az-çox bələdliyimi də söyləmədən keçməyim.

 

Rotterdamlı Erazm, Spinoza kimi şəxsiyyətlərin Niderlandda parladığından, Niderland cəmiyyətinə təsirlərindən də nələrisə bildiyim var idi.  

 

Bir az da Niderlandın lalələrindən xəbərim var idi. Lalənin Osmanlı dönəmində Bursadan gətirildiyini, Niderlandın müasir bəlgələrindən birinə çevrilməsini də bilməmiş deyildim. Paho, nə böyük iş olub, gözümüzün biri aydın, biri də muştuluq da deyə bilərsiniz.

 

İnəklərinin bizim cırtdan boylu inəklərlə müqayisədə div nəhəngliyində olduğundan, bu nəhəng inəklərin südündən çeşid-çeşid pendir hazırlamalarından da xəbərdar idim. Bu ala inəklərin mənə dünyanın siyasi xəritəsini xatırlatdığını da gizlətmirəm. Hər inəyin nə az, nə çox 9000 litr süd verdiyini də qeyd edim ki, mənzərənin bütövlüyünə xələl gəlməsin. Ölkənin pendir ixracından böyük gəlir götürdüyü də yaddaşımda ilişib qalmışdı. Hətta həmin pendirlərdən bir neçə dəfə daddığımı da xatırlayırdım.

 

Narıncı rəngi sevdikərindən, futbola bağlı olduqlarından, narkomanların və fahişələrin leqal fəaliyyətindən, kanallarının çoxluğundan xəbərdarlığımı da əlavə etsək mənzərənin könülaçan olmadığını etiraf etməli olacam. Bildiklərimin azlığı və ümumiliyi, dumanlı olması göz qabağındadır. Adam utandırandır desəm daha doğru olmazmı? Amma “varını verən utanmaz” deməyiblərmi? Olanım ortada, aşağı-yuxarı bu qədər. Bu mövzuda başqa bir gizlinimin qalmadığını əminliklə söyləyə bilərəm.

 

Niderland haqqında səhv bildiyim məlumatlar arasında ölkənin soyuq bir iqlimə malik olması da var idi. İki qışı burada keçirən adam kimi söyləyim ki, Niderland şimalda yerləşməsinə baxmayaraq, mülayim havası ilə seçilən bir ölkədir. Buranın yaz-yay ayları isti keçir. Payız-qış ayları yağmurludur. Bu iki qış ərzində yerdə qalan, əriməsi günlər çəkən qar yağmadı. Bir-iki dəfə yağmağa cəhd etsə də, alınmadı. Dondurucu soyuqlar isə yerli-dibli olmadı. Mart-aprel aylarında ağacları çiçək açdı, hər yer yaşıla-ala büründü. Soyuqqanlı hesab etdiyim insanları isə təbiətindən də istiqanlı çıxdılar – öz xeyirxahlıqları ilə, yardımsevərlikləri ilə.

 

Mən bu kiçik bilgi yükümlə yola çıxaraq, Niderland haqqında, bu ölkənin insanları, təbiəti, pozitiv enerjisi barədə bir neçə yazı yazmağa cəsarət etdim. Təsəvvürümdə oxuduqlarımdan, eşitdiklərimdən formalaşan Niderlandla gözümlə gördüyüm, havasını udduğum, suyunu içdiyim, gözəlliklərini könlümə köçürmək istədiyim Niderlandı tutuşduraraq, yeni, tamamilə fərqli bir Niderland yaratmaq düşüncəsini isə bu cəsarətin qaynağı hesab etmək olar. Sonunda həmin yazıların sayca çoxalmasından ürəklənərək, onları bir yerə toplamağın, kitab şəklində başlarını günə gətirməyin ardınca düşdüm. Qərarımın nə qədər doğru olduğuna kitabı oxuyandan sonra qiymət verərsiniz.

 

Bu kitab təkcə Niderland barədə, bu ölkənin keçmişi, bugünü, gələcəyi haqqında düşüncələrdən ibarət deyil. Həm də mənim bir çox dəyərlərə ümumi baxışımın toplusudur. Mən Niderland barədə yazmaq istədiklərimi kağız parçalarına kiçik qeydlər aparmaqla başladım. Koronavirusun mənə bəxş etdiyi fakültativ saatlarda isə, həmin qeydləri və beynimdə toplanmış məlumatları bir-birilə müqayisə edərək, belə bir işi ortaya çıxarmağı daha doğru yol saydım. Yazı prosesində dəfələrlə doğulduğum yerlərə xəyalən gedib, qayıtdım. Gözəlim məmləkətimə, onun doğma insanlarına baş çəkdim. Uzaqları, onun insanlarını mənə aid olanlarla qarşılaşdırdım, üzləşdirdim, müqayisələr apardım. Müəyyən məqamların daha anlaşıqlı olması gümanıyla xatirələrə baş vurdum. Bəzi məsələləri tarixin aynasında, tarixə qısa ekskurslar etməklə yoluna qoymağa çalışdım.

 

Niderlanda aid fikirlərimi ölkənin Amsterdam, Rotterdam, Haaqa, Utrext kimi böyük şəhərləri üzərindən təqdim etmədim. Nədən ki, bu şəhərlər barədə oxucularımızın əksərinin bu və ya digər dərəcədə xəbəri var. Sözarası qeyd edim ki, adını çəkdiyim bu böyük şəhərlərə qısa səfərlər etsəm də, hətta Rotterdam yaxınlığında bir neçə ay yaşasam da başqa yol seçməyin daha doğru olduğuna özümü inandıra bildim. O üzdən də kiçik şəhərlərin timsalında bu ölkəni, onun insanlarını tanıtmaq yolunu seçdim. Dəniz suyunun dadını bilmək üçün onun hamısını içməyə gərək yoxdur demirlərmi? Bir damla bütün dəniz barədə səndə təsəvvür yaratmağa kifayət edəcək. Mən buradan yola çıxmağı, bu ölkənin Vurden, Delft, Amersfoort, Venlo kimi şəhərləri barədə danışmaqla Niderlandın obrazını yaratmağa, məhz bu kiçik şəhərlər vasitəsilə onu tanıtmağa çalışdım.

 

Bir fikir də səsləndirmək istəyirəm. Bu kitabın yazılmasını heç kim mənə sifariş verməyib. Mən öz könlümün səsi ilə, ürəyimin istəyi ilə bu işin altına girmişəm. Bəlkə heç Avropanın, elə Niderlandın da mənim bu düşüncələrimə eytiyacı yoxdur. Sadəcə içimdən gələn bir səs belə bir kitab yazmamın doğru qərar olduğunu, bunun faydalı bir iş olduğunu dəfələrlə mənə xatırladırdı. Kitabı vərəqləyənlər arasında mənim Niderlandın görünən və görünməyən, bilinən və bilinməyən tərəflərinə münasibətimi, bəzən bu ölkəyə aşırı sevgimə, özümüzlə müqayisədə bu ölkənin üstünlüklərini qabartmama çiyinlərini çəkənlər və ya dodaqlarını büzənlər, məni avrofillikdə ittiham edənlər də olacaq, hətta hardansa maliyyələşdirildiyimi söyləyənlər də tapılacaq. Həmin o adamlara deyirəm bunu: mən Avropanın, heç Niderlandın da vəkili deyiləm, heç kim məni buna vəkil etməyib, heç qoca Avropanın, təkrar da olsa deyim, buna ehtiyacı da yoxdur.

 

Mən gözümlə gördüklərimi və bu gördüklərimlə bağlı nə düşündüklərimi doğmalarıma danışmaq niyyətilə bu işə qol qoyduğumu da çox yaxşı anlayıram. Vətənə dönərkən mənə bu ölkə barədə yüzlərlə sualın ünvanlanacağını indidən təsəvvür edirəm və bu kitabı həmin suallara cavab kimi də düşünə bilərsiniz. Üstəgəl, yaşayışın Niderland qaydası, Niderland formatı düşüncələrimə yaxın olduğundan, onunla doğmalaşa bildiyimdən bu yolu seçdim. Niderlandın timsalında mən keçmək istədiyimiz və ya keçməyə cəhd etdiyimiz yolları cızdığımı düşünürəm. Çünki bizim cəhd etdiklərimiz artıq bu ölkə üçün keçilmiş, yaşanmış mərhələdir. Gözümlə gördüklərim mənə bunları diktə etdi, mən də onları yazıya aldım. Mən bu yazını Niderland isteblişmentinin fikrinə dayanaraq yazmadığımı da söyləyim. Öz gözlərilə gördüklərini yazıya çevirən autsayder kimi davrandım.  Yazdıqlarımın nə üstünə qoyub şişirtməyi, nə də üstündən alıb əskiltməyi özümə yaraşdırmadım. İfrata varmamağa çalışdım, necə var elə yazmağa cəhd etdim.

 

Bir qeydlə fikrimi tamamlayım. Mən yazı prosesində ölkənin adı kimi ən çox “Niderland” sözündən istifadə etdim. Bəzən bilərəkdən ölkənin adı kimi “Hollandiya”, xalqın adı kimi “holland” sözlərindən istifadə etməməm isə, ölkənin bu adların arxasında gizlədilmiş həqiqi obrazını üzərə çıxarmaq istəyimlə bağlıdır.

 

Afiq MUXTAROĞLU

Niderland