AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
Orxan Vəlini rəhmətlə anıram
Mənim loxmam aslan ağzında. Yox, daha dərində. Artıq Aslan sənə məxsus olanı mədəsinə endirib. İndi sənin başqa işin-peşən qalmayıb, gərək Aslanın çənəsini ayırasan, əlini mədəsinə salasan və zəhrimara qalan loxmanı çıxarasan. Vay o gündən ki, Aslanın mədəsi də boş ola. Bu loxma zəhrimar daha aşağılara düşə və əlinə keçsə də, bir işə yaramaya. Sən də yanıb yaxılasan, cızdağın çıxa.
Nə deyirsən, dostum, Aslan xoşluqla çənəsini ayırarmı? Sən də rahatlıqla əlini onun mədəsinə uzadıb loxmanı götürəsən, eləmi? Heç ağlın kəsməsin, dostum. Aslan qocalmayıb, qarımayıb ha, sənin qabağında leş kimi dura, sən də bildiyini edəsən. Heç qocalmaq fikri də yox. Qocalsa belə, arxasından gör neçə əniyi qalxır.
Zordu işin, çox zordu, dostum.
Hələ bir səbrini bas, gör bir nə deyirəm. Hələ bütün bunlardan əvvəl Aslanı tapman gərək. Aslan sallaqxana itidirmi dörd yanında sülənə, quyruq bulaya. Ağzımızda Aslan deyirik. İndi bir Allah bilir hansı dağda-daşda kefindədir. Aslan durub sənimi gözləyəsidir? Sənin işin Aslandan keçir, o, yeri gəlsə, dəli sözü, heç səni tanımır da. Bir sənsənmi əppəyi onun yırtıcı dişləri arasında olan? Milyonlar öz Aslanını aramada, bir yol-yöntəm bulub onun çənəsini ayırmaq, ölümünə də olsa qismətini onun ağızından çıxarmaq üçün çabalamada.
Aslan da, elə Aslan deyil ki, quyruğunu-qulağını hər deyən ələ verə. Lap deyək ki, Aslanı tapdın, quyruğundan yapışdın, qulağı da əlinə keçdi, gəl görüm onun qılınc dişlərinin arasından loxmanı necə götürəcəksən? Gücün çatarmı, dostum?
Zordu işin, dostum, çox zordu.
Sən Aslanı oyaq tapdın deyək, dik-dik gözünün içinə baxdın. Elə bilirsən, bu, Aslanı feyziyab edəcək. Elə bilirsən Aslan sənin bu məğrur duruşunu bəyənəcək, buyur, yuxarı başa keç deyəcək. “Gəlişinə quzu kəsim, gözümün biri aydın, biri də muştuluq”, - deyib, səni bağrına basacaq, eləmi? Gözləyirsən ki, belə qarşılanasan, hə? Hələ üstəlik yoluna payəndəz salalar, dağdan ağır Aslan da pişvazına çıxa, eləmi? Yox, dostum, yox. Aslanlığın belə bir qaydası yoxdur. Əksinə sənin dimdik duruşun, qürurlu baxışın Aslana başqa bir şey pıçıldayacaq. Aslana səni bir rəqib kimi tanıdacaq, Aslan səni özünə boğazortağı hesab edəcək. Aslan aslanlığını kiminləsə bölüşmək üçün qazanmayıb. Ağlının ucundan da keçirmə.
Sağ ol səni, dedim axı, Aslan nəmənəsinə çibinlər qonan qoca deyil ki, başının altına yastıq qoyub, yuxuya verəsən. Sonra da bildiyini tutasan, çənəsini ayırıb loxmanı çıxarasan. Aslan gözü açıq yatar, dostum.
Deyək ki, sən Aslanına çatmaq üzrəsən. Səni gözləyən sürpriz bilirsən nədir? Sənin yenilməz bildiyin, biləyi bükülməz saydığın Aslan tülkülərin, çaqqalların əhatəsində. Özüm demədim, heç sən də mənə düz-əməlli qulaq asmadın, elə gedəcəm, loxmamı alacam deyib, bildiyini babana vermədin. Guya məndən beşli-betər çox vuran oğulsan. Öz aramızda qalsın, sən də az aşın duzu deyilsən ha! Tərs keçi.
Sən gələnə qədər Aslan aslanlığını tülkülərlə, çaqqallarla bölüşübmüş, quruca adı qalıbmış. Necəsini soruşma, olan olub, torba dolub. Bilsən neyləyəcəksən? Aslanın aslanlığınımı geri qaytaracaqsan? Sən öz halal loxmanın hayına qalsan yaxşıdır.
Aslana, Aslanın ağzına, mədəsinə çatmaq üçün tülkülüyü yenməlisən, çaqqallığı yarıb keçməlisən. Və loxman olduğu yerə çatmalısan. Düzü sənin onları yenmənə, xışlayıb keçmənə gərək də qalmayacaq. Bu hiylə sürüsü səni görüncə, kənara çəkilib yol göstərəcək, hələ desən qarşında baş da əyəcək. Bilirsən nədən? Qurduqları hiylə baş tutub, sən də o tora düşmüsən.
İşin bəd tərəfi bilirsənmi nədir, dostum? Baxacaqsan loxman Aslan ağzında deyilmiş, heç Aslanın mədəsinə də düşməyibmiş. Biçarə Aslanın adı çıxıbmış. Yağlı əppək olub göyəmi çəkilib? Yoxsa yer yarılıb yerəmi batıb bu loxma zəhrimar? Aslan ağzında deyilsə, bəs hansı cəhənnəmdədir? Aman ver deyim də, amanı qırılmışın oğlu.
Tülkülər, çaqqallar sən gələnə qədər onu çoxdan bölüşdürüb, yemiş olmalıdırlar. Olsun ki, üstündən də sərin bulaq suyu vurublar. Hər yana da xəbər salıblar ki, bəs deməzsənmi, bunun loxmasını Aslan uddadıb. Sənin də qulağına bu xəbər dəyən kimi, Aslanın üstünə götürülmədinmi? Nə tez yadından çıxıb.
Sən də onların bu feykinə inanıb Aslanın üstünə atılmadınmı? Sənin loxmanın ucunu belə görməyən Aslanla cəng etmədinmi, qanlı bıçaq olmadınmı?
Tülkü-çaqqal sürüsü də qıraqdan sizin davanızı seyr edib, dırnaqlarını bir-birinə sürtmürdümü, xısın-xısın irişib dişlərini ağartmırdımı? Niyə də irişməməli idilər? Düzüb qoşduqları plan gerçəkləşmişdi, onlar sudan quru çıxmışdılar, şadlıqlarından şitlik edirdilər.
...Gördünmü Aslanda da aslanlıq qalmayıb, dostum?!.
Afiq MUXTAROĞLU
Almaniya, Hessel