Bu gündən artıq körpə balalarımız məktəb həyatına başlayırlar. Bəziləri bu il başlayacaqlar, bəziləri də artıq məktəbin nə olduğunu bilirlər. Fürsətdən istifadə edib bütün məktəbliləri və ali məktəb tələbələrini yeni dərs dönəmi münasibətilə təbrik edirəm. Məhz mən də bu saydakı yazımı islam dininin təhsilə, elmə verdiyi əhəmiyyətə həsr etmək istədim.
Hər bir cəmiyyətin gələcəyini quran, o cəmiyyəti aydın gələcəyə daşıyan məhz o cəmiyyətin elmli, savadlı nümayəndələridir. İslam dini də bunu nəzərə alaraq məhz müqəddəs Qurani-Kərimin ilk ayələri ilə Hz. Peyğəmbər və onun şəxsində bütün müsəlmanlara oxumağı əmr etmiş, onları qələmlə yazmağa və elmdə inkişaf edib yetkinləşməyə təşviq etmişdir. “Yaradan Rəbbinin adıyla oxu! O, insanı “ələq”dən yaratdı. Oxu! Sənin Rəbbin ən comərd olandır. O, qələmlə yazmağı öyrədəndir, insana bilmədiyini öyrədəndir” (“Ələq”, 1-5) məalındakı ilk vəhyin “oxu” əmriylə başlaması və bu əmrin beş qısa ayə içində iki dəfə təkrar edilməsi, oxumanın və elmin dində və insan həyatında nə qədər əhəmiyyətli olduğunu ortaya qoymaqdadır. Ayədə nəyi oxuması tam olaraq qeyd edilməmişdir. Çünki islam dini heç zaman bir tərəfli baxmamışdır hadisələrə. Elmdə də bu yolu izləyərək istər dini elmlər olsun, istərsə də dünyəvi elmlər olsun, müsəlmanın oxuyub öyrənməsini istəmişdir. İslam dininin istədiyi bir şey vardır ki, bu, bir tək elmdə deyil, bütünlüklə hər sahədə bir şeyi kibirlənmək, göstəriş olsun deyə öyrənməyi yox, Allah üçün, başqalarına faydalı olması üçün öyrənməsini istəməkdədir. Onun üçün də məhz ayədə yaradan Rəbbinin adı ilə oxu buyurulmaqdadır ki, islam dininə görə, Allah üçün edilməyən heç bir işdə fayda yoxdur.
Başqa bir ayədə isə Allahdan qulları arasında yalnız alimlər (layiqincə) qorxarlar (“Fatir”, 28) buyurulmaqdadır. Bundakı məna isə budur ki, alimlər, həqiqi elm sahibləri həqiqəti görər və kainatdakı nizamı daha aydın müşahidə edər, Yaradanı daha yaxşı tanıyarlar. Onun üçün də onun qüdrəti qarşısında necə davranacaqlarını da bilərlər. Onu da qey edək ki, ayədəki qorxu hörmət mənasında da anlaşılmaqdadır.
“Zümər” surəsinin 9-cu ayəsində isə Allah “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar” buyurmaqdadır. Peyğəmbərimiz isə “Elm öyrənmək kişi və qadın, hər bir müsəlmana fərzdir” (Mişkatül-Mesabih, c. 1, s. 233) buyuraraq islam dininin elmə və təhsilə verdiyi əhəmiyyəti bir daha gözlər önünə sərir.
Məkkədən Mədinəyə hicrət edən Peyğəmbər (s.ə.s.) ilk olaraq Məscidi Münəvvərəyi inşa etdirməklə birlikdə islamın ilk universiteti deyə biləcəyimiz Suffə məktəbini də ona bitişik olaraq inşa etdirir. Orada təhsil alan səhabələr sonralar dünyanın müxtəlif ölkələrinə dağılaraq islamı yayırlar.
Fəxrəddin Razini, İbn Sinanı, Şeyx Nizamini, Füzulini və neçə-neçə elm xadimlərimiz məhz bu əmrləri özlərinə düstur alaraq həm dünyəvi, həm də dini elmləri oxuyaraq və oxudaraq o üstün səviyyəyə gəlmişdilər. Həndəsə elminin, cəbr elminin ixtirası da məhz islam alimlərinin elmlərinin dünyaya bir ərmağanıdır.
Bu gün islam dinini savadsızlıqla suçlayanlar, nə qədər ki, özlərini hər bir mədəniyyətini islamdan almış Avropa mənsubu sayacaqlar və oraya imrənəcəklər o zamanın içində də savadsız və elmsiz olaraq qalacaqlar.
Hacı BƏKİROĞLU