19-cu əsrdən üzü bu yana qızların oğlanlarla birgə təhsil alması, qadınlarla kişilərin bərabər hüquqlara sahib olmaları yönündə çox mübarizələr getmişdir. Təbii ki, bu mübarizələrin bəhrəsi də alınmışdır. Amma yenə də cəmiyyətdə arzuolunan tarazlıq yarana bilməmişdir. Cəmiyyətdə qadınların rolu artdıqca kişiləri üstələməyə çalışıblar və nəticədə kişilər səhnədən çəkilməyə başlayıblar. Müəyyən sahələrdə kişilər tam olaraq yoxa çıxıblar demək, təbii ki, doğru çıxmaz, ona görə də, azalıblar desək daha doğru olar. Və elə həmin sahələrdə qadın hegemonluğu, qadın hökmdarlığı cücərməyə başlayanda cəmiyyətdə feministlər yaranmağa başladı. Məqsəd bərabərlik, tarazlıq yaratmaq idi, amma bu cərəyan feministləri və anti-feministləri üzə çıxardı. Onların qarşıdurması nəticəsində isə stereotiplər və qeyri-stereotiplər yarandı. Onlar cəmiyyətdə baş verən hadisələri, peşə sahələrini, təhsili qadın-kişi cinslərinə ayırmağa başladılar. Sadə misallar göstərək: Təhsil müəssisələrində dərs deyən müəllimlərin əksəriyyəti qadınlardır; qızlar üçün ən düzgün peşə seçimi həkimlikdir; polis kişi peşəsidir və sairə...

 

Bu, təhsil sahəsində də belədir. Bu gün istənilən bir məktəbə gedib hər hansı bir sinfə nəzər salsaq görərik ki, oxuyanların, aktivlik göstərənlərin əksəriyyəti qızlardır. Siniflərdə bir-iki oxuyan oğlan ola, olmaya. Onların da böyük hissəsinin sona qədər oxumağı müvəqqəti haldır. Elə ki doqquzuncu sinfi bitirdilər, oxumağın daşını atırlar. Təbii ki, hamısına şamil etmirəm.

 

Bəs bu nə üçün belə olur? Bir zamanlar oxuyanlar yalnız oğlanlar idilər. Bu gedişat niyə dəyişdi? Kim dəyişdirdi? Bax burada yuxarıda yazdığım “cəmiyyətdə qadın hegemonluğu” ifadəsi bu suallara cavab verir, hansı ki, oğlanları səhnədən çıxarırdı. Amma əslində bu, qadınların aktiv cəmiyyət həyatından qaynaqlanmır. Bunun əsl səbəbi feminist ruhlu qeyri-stereotiplərdir, hansılar ki, cəmiyyətə öz əsassız düşüncələrini aşılayıblar. Bu tiplərə pedaqoqlar da daxildir. Daha bir sadə misal göstərək: Bir pedaqoqa əsasən, əgər hər hansı bir sinifdə (və ya qrupda) qızların sayı çox olarsa, həmin qrupda nizam-intizam hökm sürür. Onlar aktiv olurlar, yaxşı oxuyurlar, oxumayan da onlara baxıb həvəslənir.  Oğlanların üstünlük təşkil etdiyi yerlərdə isə əksinə, onlar oxumurlar, dərsə qulaq asmırlar, səs-küylə dərsi pozurlar. Evini tələbəyə kirayə vermək istəyən biri həmişə qızlara üstünlük verir. Çünki onlar evi səliqə-sahman içində saxlayacaqlar, əşyalara ziyan vurmayacaqlar, qonşuları narahat etməyəcəklər və sairə...

 

Bu sadalananların doğruluq payı yüksəkdir. Amma iş burasındadır ki, bəzi pedaqoqlar dərs prosesində həmin oğlanları görməzdən gəlirlər. Elə bil dərs yalnız qızlara aiddir kimi davranırlar. Oğlanlar ikinci planda qalıb gözardı edilir. Bəlkə elə buna görə oğlanlar öz anasının nəzərini özünə cəzb etmək istəyən körpə uşaq kimi davranırlar, səs salırlar, biz də buradayıq deməyə çalışırlar. Bu davranışları onları daha da gözdən salır. Nə qədər çabalasalar boşdur. Qaldı ki ev məsələsinə, bəli, bəzi oğlanlar ev işlərini görə bilmirlər. Amma bəziləri də var ki, necə deyərlər, on barmağında on mərifət, əllərindən hər iş gəlir. Yeməkdən tutmuş yumağa qədər – hər iş görürlər. Guya bütün qızlar məharətlidirlər. Məncə, bir qotur danaya görə naxırın adını pozmaq düzgün olmazdı. Bunlar da bir başqa tiplərdilər.

 

İndi isə qayıdaq yazımızın baş qəhrəmanı olanlara. Həmin qeyri-stereotiplər üçün əsas qızlardır. Təki onlar oxusunlar, peşə yiyəsi olsunlar. “Oğlana nə var, palçıq da qarışdırar, fəhləlik, çobanlıq edər, ailəsini dolandırar” fikri az qala şüarlarına çevrilə.

 

Bəlkə buna görə oğlanlar daha oxumurlar. Yəqin fikirləşirlər ki, müəllim onsuz məndən dərs soruşmur, boş yerə niyə yazıb-oxuyum. Müəllim ondan tələb etmir, onda məsuliyyət hissini oyatmır. Hələ şahidi olmuşam: bir oğlan tapşırığını yazıb yoxladanda müəllim “Düzünü de, özünmü yazıbsan, yoxsa qızlardanmı köçürübsən?” – deyə düşmüşdü uşağın üstünə. İndi təsəvvür edin, oxumaq o qədər qızlarınkılaşdırılıb ki, hər hansı oğlan dərs öyrənib danışanda dostları “qızsanmı dərs oxuyursan”, dəftər-kitabını çantaya qoyub gətirəndə “bu nədir, qız kimi çanta taxırsan”, – deyə lağa qoyurlar.

 

Bəzi feminist pedaqoqlar da buna zəmin yaradırlar. Təəssüflər olsun ki, bu dəfə də dərsi Əli, Vəli, Pirvəli danışsın deyən pedaqoqlar azalmağa başlayıblar, necə ki, oxuyan oğlanlar. Hələ ruhdan düşməyənlər isə deyəsən endemik növlərdir. Bəlkə bu gedişlə onlar da “Qırmızı kitaba” düşələr. Və bununla da feministlər qalib gələlər. Bəlkə gələcək əsrlərdə oğlanların cəmiyyətə qazandırılması yönündə lahiyələr baş tutacaq. Kim bilər. Amma son olaraq onu deyim, bu cəmiyyətdə tarazlıq bizim işimiz deyil. Tərəzinin hansı tərəfinə ağırlıq qoyuruq digər tərəfi sıradan çıxarır. Mən də həmişə qadın hüquqları tərəfdarıyam. Amma bu o demək deyil ki, kişilərin hüquqlarını taptalamalıyıq, onları cəmiyyətdə sıxışdırmalıyıq. Bizim hüququmuz bitən yerdə başqalarının hüququ başlayır. Əgər bərabərlik istəyiriksə indi dövr kişilərlə qadınların bərabərliyini qurmaq üçün kişiləri də cəmiyyətə qazandırmaq vaxtıdı.

Çiyalə OSMANOVA