Ömrümüzü fəsillərə, aylara böldük. Bölük-bölük illərin, ayların içində sevincli, kədərli günümüz oldu. Təqvimlər qəbul edəndə, ayları yazanda heç ağlımıza gəlməzdi ki, noyabr ayı Azərbaycan xalqı üçün sevinc ayı olacaq. Çox maraqlıdır ki, bayramlar ayı özündə dörd tarixi günü birləşdirdi, özü də sondan önə doğru, həm də tarixi keçidləri, nəticələri də təsadüfi bir ardıcıllıq yaşadı. Rəqəmlərin silsiləsi ilə qərarların qəbulu təsadüfi ardıcıllıq təşkil etdi.
Hadisələr geriyə dönüşlə qələbəyə doğru getdi, sanki dedi ki, mən özümə dönürəm, mən qalib millətəm. Mən gəlirəm. Axı bütün qaliblər geridən sürətlə irəli gəlir. Bu məcazi bir keçid də olsa təsadüfün bir ardıcıllığıdır. Aqillər deyər həyatda heç bir təsadüf yoxdur.
Gəlin noyabrın təsadüf kimi qəbul etdiyimiz tarixi keçidlərinə baxaq.
1. XALQ BİR OLSA DAĞ OYNADAR YERİNDƏN.
Bu həmin gün idi, illərlə susdurulan xalq ayağa qalxmışdı. Bu həmin gün idi, küçələr, yollar insan kütləsiylə nəfəsləndi. Bu həmin gün idi, insanlar “Azadlıq” deyə hayqırırdı. Bu həmin gün idi, kimin düz, kimin məqsədli olduğunu bilməyən xalq ölümə getməyə hazır idi. Bu həmin gün idi, “Türkmənçay”ın, “Gülüstan”ın bağladığı sərhədlər otaylı-butaylı Xudafərində lərzəyə gəldi. Bu həmin gün idi, günlərlə tonqallar ətrafına yığılan tələbə gənclik, fəhlə tətilləri dirçəlmişdi; Topqapının sədasına, Sumqayıtın şər səsinə, məcburi köçkünlüyün ah-naləsinə birlik oldu.
1988-ci ilin 17 noyabrında başlayan xalq hərəkatı sönmədi, tarix yazdı. Oraq-çəkicli bayraqla meydana çıxan yüzminlərlə insan 1918-1920-ci illərin üçrəngli bayrağını meydana gətirdilər. Leninin abidəsiylə tanınan Lenin meydanında – Azadlıq meydanında insanların azadlıq istəyi, sevgisi, məğrurluğu elə bir dəniz yaratdı ki, onun sədası silkələnən dünyanın siyasi səhnəsində ən öndə oldu. Hətta ABŞ-nin “Newsweek” jurnalı Azərbaycan xalqını “İlin xalqı” adlandırdı. Bu, heç də kiçik iş deyildi. İllərlə müstəmləkə olan xalq öz sözünü dedi, özü də tarix yazaraq dedi. Dirçələn xalq hərəkatı bir nəticəyə aparırdı. Bu nəticənin nəticəsini zamanla görəcəkdik.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildən prezidentin fərmanı ilə 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd edilir.
2. QANUN ŞAHDIR.
Süleyman Qanuni Şərqdə ilk konstitusiyanı yazsa da, Şərqin ilk demokratik respublikasının konstitusiyasını yaratmağa zamanı çatmadı. Azərbaycan SSR konstitusiyasını isə 1921-ci ildə qəbul edir. Azərbaycan müstəqil respublika kimi öz konstitusiyasını 1995-ci il 12 noyabrda qəbul etdi və 12 noyabr Konstitusiya Günü kimi qeyd olunur.
3.ÇIRPINIRDI QARA DƏNİZ...
Qədim Şərqdə ilk demokratik respublika 1918-ci ilin 28 mayında elan olundu və bayrağın yaradıcısı Əli bəy Hüseynzadə belə yazırdı: “Türk hissiyatlı, islam etiqadlı, firəng qafalı” dövlət (bəlkə də Fransa inqilabına istinadən firəng qafalı deyirmiş).
ADR-in yaranmasının 1 illiyində Üzeyir Hacıbəyli bayrağımızın rənglərindən yazırdı ki, bayrağımızda mavi türklüyümüzü, yaşıl islamı, qırmızı müasirliyimizi ifadə edir.
1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisində ilk dəfə bayraq Naxçıvan MR bayrağı kimi qaldırıldı və 1991-ci ildə isə Azərbaycan Ali Məclisi tərəfindən milli bayraq qəbul edildi. Nəhayət, 2009-cu ilin 17 noyabrında 9 noyabr Dövlət Bayrağı Günü kimi təsis edildi, dünyanın ən yüksək bayrağı Bakı şəhəri dənizkənarı parkda ucaldı və Bayraq Meydanı adlandırıldı.
4. HAQQ NAZİLƏR, AMMA ÜZÜLMƏZ!
17 noyabrda başlayan xalq hərəkatı dünya siyasətində öz möhrünü vurdu. İlin xalqı elə bir yol seçmişdi ki, bu yol 20 Yanvara gedirdi. Xalqın səsini tarixə yazacaq o gün yeni günlər doğuracaqdı. Bax, beləcə bu günkü varlığımızın təşnəsi o gündən başladı. Milli Dirçəliş Günü dedilər o günə. Dirçələn millət ov tüfəngi ilə haqq savaşına qalxdı. Haqq səsini ədalətin tərəzisinə çıxarmaq üçün 30 il zaman gözlədi.
2020-ci ildə 44 günlük böyük addımlar atdı. O addımlar zəfərə gedən yol oldu və 44 günə Azərbaycan Respublikası dünya tərəfindən tanınan sərhədlərini bərpa etdi. 8 Noyabr – Zəfər Günü kimi Azərbaycanda bayram edilir.
Bu gün Azərbaycan KİM sualına fəxrlə cavab verir. Bax, o kimliyin açarı milli diçəlişdən başlayır. Həmin günün iştirakçılarına minnətdarıq hamımız. Mübarizliyimiz xoş nəticə verdisə, nə xoş XALQ adımıza.
Mən öz adımdan hamınıza təşəkkür edirəm!
Xalq hərəkatı iştirakçıları, siz tarixi yaşadınız, biz öyrəndik, qeyrətli oğullar sayəsində ZƏFƏR yaşadıq. Payızın son ayı Azərbaycan tarixində belə yazıldı. Yaşa, var ol, AZƏRBAYCAN!
Esmira ƏLƏKBƏRLİ