“Allah oğul versin!”, “Oğlun sağ olsun!” və bu kimi oğul alqışlarıyla böyüdük. Hamımızın ailəsində oğlan nəsil davamçısı, arxa-dayaq kimi qiymətləndirildi. Daha kəskinlərimi deyim, cahillərimi deyim, çox böyük fərqlə qızı aşıladılar bir yana, hətta qız dünyaya gətirən anaya belə təhqirli münasibət bəsləyirdilər.
Bu xatırlatdığım epizodlar əski türk filmlərində daha qabarıq göstərilsə də, amma bizdən də yan keçməyib.
Haşiyə olaraq, biologiya müəllimi kimi özümə borc bildim izah edəm ki, övladın oğlan olması sırf atanın xromosomuna bağlıdır. Öz iqrik (y) xromosomunu verməklə ata geni önə keçə bilər. Günahkar özləri olduğu halda qadını qınayıblar həyat boyu.
Mən uşaqlıqda yəhudilərə qibtə edirdim ki, onlar nəsli ana xətti ilə qəbul etməklə daha ağıllı qənaətdədirlər.
Doğrudan da qızların valideynə daha sadiqliyini görürdüm. Anam nənəmin ona verdiyi üzüyü mənə hədiyyə etdi və tapşırdı ki, sən də qızına verərsən. Nəsil yadigarı kimi. Dayılarımsa yəqin bu barədə heç düşünməmişdilər.
Oğul çiynində məzara getmək arzusu ilə yaşayan çox ataların bütün qayğılarını məhz ikinci dərəcəli övlad hesab etdikləri qızları çəkib.
Mənim dayımın üç qızı, əmimin iki qızı vardı. Hər ikisinin oğlu yox idi. Nənələrim yaşadıqları həyat boyu oğlanlarını sonsuz kimi qiymətləndirdilər. Hərfi mənada bəli, davamçıları yox idi, amma onların elə qeyrətli, qayğıkeş qızları vardı ki, beş oğul əvəzi idilər. Onlar valideylərinin səhhətini, problemlərini elə qarşıladılar ki, heç oğullu valideynlər elə urvatlanmamışdılar. Hətta əmim qızı özü cənazənı çiyninə alıb kişilərlə birlikdə yürüdü ki, mən atamın oğluyam. O, yadlar çiynində yox, mənim də çiynimdə getsin son mənzilə. Hətta bir nümunə də yazım. Təbii ki, fərqlənənlər də olub.
Kəndimizdə ilk məktəb direktorlarından biri Lətif müəllim olub. Deyilənə görə, o qədər səmimi, mehriban, aqil bir insan olub ki, el arasında ona “peyğəmbər adam” deyərlərmiş. İxtisasca fizik olsa da onun poeziyadan başlamış tarixə, coğrafiyaya hərtərəfli savadı hamını valeh edərmiş. Allah ona da bir qız övladı nəsib etmişdi. Həyat yoldaşı Şahlıq müəllim bundan çox narahat olsa da, Lətif müəllim bundan qəti narahat olmazmış. Hətta yeganə qızı Məfkurə qızıl medalla məzun olub Azərbaycan Tibb İnstitutunda tələbə olanda da böyük valideyn diqqətini ondan əsirgəməzdi. O zamanlar az tapılan “Lama Palto” deyilən son dəb paltonu Tiflisdən alıb təyyarə ilə Bakıya uçmuşdu ki, qızım sabah bu paltonu instituta geyinsin. Özü isə elə təyyarə ilə qayıtmışdı ki, sabah dərsinə çatsın. Bax, budur əsl valideyn fədakarlığı!
Şahlıq müəllim oğlu olmamasını özünə çox dərd edərmiş, qızı ailə qurub gedəndən sonra həyət-bacasına baxıb köks ötürüb deyib ki, eh yurdumuz boş qalacaq. Bu xəbər qızına çatanda pərt olmuş və anasına demiş ki, neçə ki mən sağam heç vaxt sənin ocağın sönməyəcək. Doğrudan da ailə qurub Bakıda yaşadı, həkim işlədi, amma heç ata evindən diqqətini çəkmədi. Daim getdi, gəldi, el diliylə desək “yolları yağır elədi”. Valideynləri rəhmətə gedəndən sonra ata yurdunu təmir etdirdi, antik hesab olunan ev mebellərini, hətta 1955-ci ildə alınan soyuducunu belə rənglətdi, otaqları muzey kimi bəzədi. Hər qohum, qonşu üçün Məfkurə həkim o həyətdə, o məhlədə Lətif müəllimi, Şahlıq müəllimi daim yaşatdı. Söz düşəndə – “Anam özünə dərd edirdi, oğlum yox deyə, məncə, mən oğul edəcəklərini etmişəm onlara” – deyir... Məfkurə həkim üçün xeyirli övlad deyimi daha yerinə düşər. Pandemiya dövründə belə mövcud bütün variantlardan keçərək yenə də ata evinin işığını yandırmaq üçün Tiflis-Bakı göylərini də yağır etdi. Bax budur xeyirli övlad.
Övladın cinsindən çox ləyaqətini istəmək lazımdır. Nəsil onsuz da zamanla itir, şəcərədə yığılır, əsas odur ki, övlad sağlığında valideynin başını uca etsin, onu qiymətləndirsin. Yoxsa mərmər başdaşı və bananlı süfrə kimsəyə lazım deyil. O qədər oğullu evlər var ki, ata yurdunun işığı çoxdan yaddan çıxıb, öz işığıyla məşğuldur.
Allah cəmi ailələrə Məfkurə həkim kimi övlad, həyat yoldaşı, qayınana, nənə qismət eləsin! Övladlarınızın xeyirini görəsiz!
Esmira ƏLƏKBƏRLİ