Vətən haqqında danışanda gərək arada-sırada musiqili danışasan; amma bir şərtlə ki, bu vətən deyiləndə despotizm zülmü olmaya! Çünki vətən – etnik vətən anlayışından daha geniş vətəni nəzərdə tuturam – eynən musiqi mövzuları kimi melodik və ritmikdir! Müxtəlif variantlarda istədiyin qədər oxuyub təkrarla:
Südüdür ki, dolanıb qanım olub,
O, mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən!
Vətən – anadır, ana dilidir, eşqdir, nəfəsdir. Nəbi Xəzri Vətənə xitabla “Anamın anasısan!” yazanda bunların hamısını yaxşı xatırladıb. Və əlbəttə ki, bunlar mövzunun mübahisəsiz tərəfləridir. Mübahisə doğuran tərəflər, “Vətən mənim üçün nə edib ki, mən vətən uğrunda ölümü belə, gözümə alam?” kimi təmənna doğuran tərəflərdir. Amma dünyada “Vətənpərvərlik tərbiyəsi haqqında” istənilən qədər yazmaq, danışmaq olar. Hətta bu yöndə qanunlar da qəbul edilə bilər, əsas mahiyyət dəyişməz qalır: yəni vətənə xidmət təmənnasızdır və əgər vətənə mənəvi, ruhi dünyanla bağlı deyilsənsə, deməli, haqsızsan! Üstəlik də, rəhmətlik İsmayıl Şıxlı demiş, deməli, vətəndə belə, “mənəvi mühacir”sən!
Yurdsevər, vətənsevər vətən övladının ona xas olan sifətləri batinindədir, öz iç dünyasında daşıyır onları. Daha “vətən”lə bağlı ildə beş layihə təqdim edib, pullar qazanaraq, ta xərcliyi tükənənə qədər artistik edənlər misallı libaslar dəyişməyib, dəfələrlə cilddən-cildə girməyib. Sonra da yenidən vətənə qarşı “revizorluğa-müfəttişliyə” başlamayıb.
Amma axı onsuz da günlərin bir günü M.Ə.Sabir demiş, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.
...Adam qalır mat-məəttəl! Biz tərəflərdə bəzi milli-vətənpərvərlik hərəkatları niyə bağırtılar, vurhəşirlər, vurçatlasınlar fonunda baş verir? Məgər bunlar hüzur melodiyalı, həzin notlar şəklində olmalı deyilmi? Axı hansı həqiqi məhəbbətdə, saf sevgidə qara qışqırıqlar olur? Daha oğru bağırmaqla doğrunun bağrı yarılmır k!..
Çünki dərdlərin, göz yaşlarının milli mənsubiyyəti yoxdur. Çünki tale qəfildən hər kəsin qapısını döyə bilir. Gərək dərs almağı bacarasan!
Gələk sözümüzün “Azərbaycan” sözündəki “can”dan olan canına!
Bu günlərdə 41 dəqiqəlik “Biz” tarixi-sənədli filminə baxdım. Film Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Çox təsirlidir. Daş ürəklərin anaxtarlarını belə, sındıra bilir. Burada bir kimsə qışqırmır: nə filmin rejissoru, nə direktoru, nə də operatorlar. Redaktorlar və montajçı da həmçinin!
Sitata keçirəm: sənədli filmin süjet xəttində müharibə dövründə fenomenə çevrilən, fotosu, videosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri – əsgərlər, həkimlər, təqaüdçülər, jurnalistlər danışırlar; həmin anlarda keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Baxın, filmin rejissoru Orman Əliyev bu yöndə fikirlərini necə bölüşür:
“Əslində çəkilişlər bütün çəkiliş qrupu üçün travmatik idi. Biz... əslində insanların yaşadıqları duyğuları toplayırdıq. Biz daxilimizdə bu filmi “emosiyalar ensiklopediyası” adlandırırdıq”.
“İnsanların yaşadıqları duyğuları toplamaq”! Burası çox-çox önəmlidir! Çünki bunlardan artıq səmavilik ətri gəlir! Ağrılı-acılı gerçəklərin səssiz hüznü, xiffəti başlayır. Burada saxta profillər, yerli sayılmaq, barmaqla göstərilmək mərəzləri, bağırmaqla tribuna əldə etmək iddiaları yoxdur. Heç yoxdur! Sanki durnalarla köçürsən! Bəsrədən də, Bağdaddan da uzaqlara!
Filmin qəhrəmanlarından olan yazıçı Seyran Səxavət demiş: yerdə dərd çəkməyə nə var, e! Dərdi gərək göydə çəkəsən!..
P.S.
“Biz” filmini ilin ən həqiqi vətənpərvər filmi adlandırardım. Həm də buna görə ki, məhz bu filmdə – içimizi doğrayıb-tökən, amma ən yaşıl və fidan ümidlər verən filmdə – əvvəl öz vətəninə, sonra da bəşəriyyətə mənsub olmalısan” qaydası-ənənəsi çox səmimi gözlənilmişdir.
Üstəlik də ustad M.Arazın:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Məndən, səndən ötən daşlar,
Vətən, vətən, sənə dəydi. – sərt prozası burada “Biz” tərəfindən dəf olunub. Bizim vətənpərvərlik variasiyalarımız əslində bu imiş!
Özümüzü tanıyaq!..
İBRAHİMXƏLİL