20 mart tarixindən etibarən yaz fəsli başlayır. El arasında bu fəslə bahar da deyilir. Yaz daha çox Azərbaycan türkcəsində işlənir. Bahar isə fars mənşəli sözdür və tarix boyu ədəbiyyatda, xüsusilə də klassik şeirlərdə istifadə olunub. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi şairlərin əsərlərində bahar sözü işlədilib və poetik bir məna daşıyır. Bahar sözü daha romantik, daha zərif səslənir. O, təkcə fəsli yox, həm də yenilənmə, dirçəliş, sevgi, ümid mənasını ifadə edir.
Baharın gəlişini təqvimdən əvvəl insanların ruhu hiss edir. Bu gəlişi ən əvvəl çərşənbələr xəbər verir: Su çərşənbəsi, Od çərşənbəsi, Hava (Yel) çərşənbəsi və Torpaq çərşənbəsi. Hər biri təkcə bir günün adı deyil, minilliklərdən süzülüb gələn bir inanc və ənənədir. Bu çərşənbələr baharın addım səsləridir, təbiətin mərhələli şəkildə oyanışı və kainatın yenidən nəfəs almasının göstəricisidir.
Su çərşənbəsi ilə hər şey başlayır. Su həyat mənbəyidir. Qədim inanclara görə, bu gündə sular təzələnir, durulur, axar suların üzərindəki ağırlıq götürülür, buzlar əriməyə başlayır. İnsanlar suya üz tutur, ondan paklıq və şəfa diləyir. Çünki su yalnız torpağı deyil, insanın iç dünyasını da yuyub təmizləyən bir ünsürdür. Su çərşənbəsi bizə xatırladır ki, yenilənmə əvvəlcə insanın ruhundan başlayır.
Ardınca Od çərşənbəsi gəlir. Od istilikdir, od işıqdır, od dirçəlişdir. Tonqallar qalayırıq, üzərindən tullanırıq. Bu, sadəcə bir adət deyil, köhnənin yanıb kül olmasına, insanın içindəki qaranlığın işığa təslim olmasına olan inancdır. Od çərşənbəsi bizə gücü, cəsarəti və bütün xəbisliklərdən təmizlənməyi öyrədir. Ona görə od üzərindən tullanarkən “ağırlığım odda yansın, dərdim külə dönsün” deyirik.
Hava (Yel) çərşənbəsi havanın isinməsini, yelin (küləyin) oyanaraq təbiəti hərəkətə gətirməsini təmsil edir. İnanclara görə, bu gün əsən küləklər ağaclara baharın gəlişini xəbər verir. Külək əsir, budaqlar tərpənir, təbiət nəfəs alır. Hava həyatın davamlılığını təmin edən gizli gücdür. O, dəyişimin rəmzidir. Yel çərşənbəsi bizə xatırladır ki, həyat daim hərəkətdədir.
Torpaq çərşənbəsində isə torpaq artıq oyanır, cücərtilər baş qaldırır, ağaclar tumurcuqlayır, torpaq yenidən həyat bəxş etməyə hazırlaşır. Bu çərşənbə ümidin zirvəsidir. Çünki torpaq məhsuldarlığın, bərəkətin və davamlılığın simvoludur. Beləcə, bahar torpaqla birlikdə yenidən doğulur.
Bu dörd ünsür – su, od, hava və torpaq həyatın əsas təməllərindəndir. Onlar təkcə təbiətin deyil, insan varlığının da dayaqlarıdır. Çərşənbələr bizə göstərir ki, dirçəliş birdən-birə baş vermir; mərhələli, səbirli və ardıcıl bir prosesdir. Əvvəl ruh təmizlənir, sonra qəlb isinir, nəfəs yenilənir və nəhayət, həyat cücərir.
Çərşənbələr təbiətlə insan arasında görünməz körpü salan bir mərhələlərdir. Hər il bu dörd çərşənbəni qeyd etməklə biz, əslində, öz kökümüzə, öz mənəvi dəyərlərimizə qayıdırıq. Çünki bahar gələndə təkcə təbiət deyil, insanın içindəki inam da çiçəklənir.
Baharın gəlişini bir də torpağa nəfəs verilməyindən bilirik. Belə ki, çərşənbələr başladığı andan torpaq oyanmağa, nəfəs almağa başlayır. Əkin sahələrində torpağın nəfəs aldığı ana dəfələrlə şahid olmuşam. Təzə şumlanmış torpağın üstündə nazik dumanlı təbəqə yaranır. Bu o qədər gözəl mənzərədir ki, insanı ruhlandırır. Şəhərdə yaşayan rəfiqələrimə bu prosesi danışanda heyrətlə qulaq asırlar. Çünki şəhərin asfalt örtükləri bunu görməyə imkan vermir.
Nəhayət, bahar gəlir, qəlbləri isidir, həyatı canlandırır. Bahar təkcə bir fəslin adı deyil, ümiddir, yenilənmədir, başlanğıcdır. Baharın gəlişini insanlar çox sevir və bu günü bayram kimi qeyd edirlər. Novruz bayramını, digər adıyla desək, Bahar bayramını hər il sevinclə, böyük coşqu ilə, xüsusi hazırlıqlarla, tədbirlərlə qarşılayırıq. Çünki bahar fəsli torpağın nəfəs almasıdır, Günəşin hər səhər ümid kimi doğmasıdır. İnsanın içində uzun qışdan sonra açılan gizli pəncərənin səsidir.
Bahar bayramının insanı həyəcanlandıran ayrı bir yanı da var. Bayramda səməni cücərtmək, yumurta boyamaq, papaq atmaq, şəkərbura, paxlava, qoğal bişirmək kimi xüsusi adət-ənənələr də var. Eyni zamanda cıdır yarışı, Kosa və Keçəl, yumurta döyüşdürmək kimi oyunlar oynanılır. Bahar bayramını nişanlı qızlar böyük həvəslə gözləyirlər. Çünki oğlan tərəfi hədiyyələr və xonçalarla qız evinə qonaq gəlir.
Təbiət baharın gəlişi ilə yenidən oyanır və bu oyanış biz hiss etmədən içimizdəki donub buz bağlamış hissləri əritməyə başlayır. İnsan keçmişin tozunu silməsə yeni çiçəklərə yer tapa bilməz. Ona görə də bu fəsil təkcə təbiətin deyil, ruhun da oyanışıdır. Bahar bizə bağışlamağı, yenidən başlamağı, köhnə ağrıları torpağa basdırıb yeni ümidlər əkməyi xatırladır. Küsülülər barışır, məclislər qurulub şadlıqlar edilir.
Bahar torpağın oyanışıdır. Günəş şüaları torpağa toxunduqca donmuş xəyallar da yenidən isinir. Küçələrdə insanların addımları dəyişir, baxışlarında yorğunluq azalır. Qışın bozluğu öz yerini rənglərə verir. Ağacların budaqlarında açan çiçəklər sadəcə təbiət hadisəsi deyil, dirçəlişin rəmzidir.
Bahar həm də mənəvi yenilənmədir. İnsanlar yeni planlar qurur, yarımçıq qalan arzularını xatırlayır, həyata başqa gözlə baxmağa başlayırlar. Çünki bahar insana sübut edir ki, həyat davam edir; ən sərt küləklərdən sonra belə tumurcuq açmaq mümkündür. Bu fəsil bizə səbir öyrədir. Torpaq aylarla susur, amma zamanı gələndə səssizcə çiçək açır. İnsan da bəzən susmalı, dözməli və öz baharını gözləməlidir. Təbiətin hər il yenidən dirilməsi bizə xatırladır ki, həyat nə qədər çətin olsa da, hər qaranlığın sonunda bir işıq var. Bahar gəlirsə, deməli, ümid hələ yaşayır.
Afaq Azər