AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
Mən onlara əvvəllər də rast gəlmişdim. Hələ Avropaya gəlməmişdən qabaq Tiflisin tünlük yerlərində, adamların daha gur olduğu yeraltı keçidlərdə, hətta bir dəfə metro qatarında onları görmüşdüm. Və bu adamları “Tiflisin küçə bülbülləri” adlandırıb, onlar barədə “Varlıq” qəzetində eyniadlı bir yazı da çap etdirmişdim. Bu, mənim onlarla ikinci görüşüm sayılmalıdır. Bunu müəllifin Avropada küçə bülbülləri ilə görüşü də adlandıra bilərsiniz. Belə adlandırmaqla xəncərinizin qaşı da düşməz. Son cümləni zarafatla yazdığımı da inanıram ki, göydə tutmusunuz.
Küçə bülbüllərindən biri barədə yazım da var. Sayca ikinci yazı. Özünün işığa çıxmasını gözləyir. Bu qaraladığımsa üçüncüdür. Adam öz hesabını bilsə yaxşıdır. Nədir, yaxandan medalmı asacaqlar? Bunu da deməsəm olmazdımı? Nə bilim, bir söz idi ağzımdan qaçdı və mənzərənin bütövlüyü xatirinə saxlamalı oldum.
Mənim onları – küçə bülbüllərini Niderlandda da, Belçikada da dinləmək imkanım oldu. Ən çox da Almaniyada – Kölndə, Essendə. Söhbətin küçə musiqiçilərindən getdiyini yüzdə yüz bilməyinizi əminliklə söyləyirəm. Sizin bəsirət gözünüzün olmasına da əminəm.
Bülbül adlandırdığım bu musiqiçilərin niyə küçəni özlərinə tamaşa meydanı seçmələri sualı onları Tiflisdə ilk gördüyüm gündən qafamdadır. Təkcə bu sual yox, bu musiqiçilərlə bağlı beynimdə xeyli sual işarəsinin yaranmasını da etiraf edim və beynimdə düzülmüş o sualları sırasıyla sadalayım.
Bəlkə sənət yolunda uğurun başlanğıcı elə bu küçələrdən keçir? Və ya bəlkə əksinə küçələr onların uğursuzluqlarını ört-basdır edən bir yerdir? Və ya nədən bu bülbüllər özlərinə qızıl qəfəs – konsert salonu tapmağa cəhd etmirlər? Və ya kapitalizm cəmiyyətində bülbüllərə qəfəsmi çatmır? Və ya bəlkə mənim qəhrəmanlarım qəfəsə girmək istəmirlər? Və ya küçədə azadlığın havasımı boldur? Və ya qəfəsə girmək üçün başqa meyarlarmı gərəkdir? Və ya qəhrəmanlarım öz potensiallarının, qablarında olanın ancaq küçəyə layiq olduğunumu düşünərək, küçələrə düşüblər? Və ya küçə onlara dahamı çox gəlir verir?
Bu ritorik sualları uzatdıqca uzatmaq olar. Mən bunlarla kifayətlənirəm. Örnəklər verməklə küçə musiqiçilərinin obrazını ətə-qana gətirmək niyyətindəyəm. Alınsa deyərsiniz, alınmasa da canınız sağ olsun, bir də cəhd edərəm.
Amersfortun küçə və meydanlarında dəfələrlə rastlaşdığım qaraçı akkordeonçunun məqsədi pul qazanmaqdır. Onunla bu barədə söhbətim olmuşdu. Orta yaşlı bu adam bu məqsədini gizlətmək fikrində də deyil. Gündə bir neçə dəfə yerini dəyişərək, az-çox qazanır da. Bolqarıstan qaraçısı elə bu məqsədlə “qastrola” çıxmayıbmı? Kişi çörəyinin ucunu tapıb, ağ-qara nə fərqi.
Həmişə meydanın baş tərəfini özünə səhnə seçən qoca holland şarmankaçı da şöhrət-filan düşünmür, məncə. Həm gününü keçirir, həm də sənətini yaşadır. Köhnə vərdişi hər gün onu küçəyə səsləyir. Üstəlik də, artıq tikə göz ha çıxarmır, beş-üç şahı gündəlik ruzisini çıxarır. Qoca şarmankaçı geyiminə-keciminə fikir verən adamdır. Qara frakı, ağ köynəyi, bu ağlığa yaraşan kömür qarası kəpənək papyonu, bütün bunları tamamlayan şəvə kimi qara panaması ötüb-keçənlərin ona diqqət yetirməsində ifa etdiyi musiqi qədər önəmlidir. Bunu onun pul qutusuna atılan sikkələrin sayından da görmək olar.
Bu gənc gitaraçının dərdi, deyəsən, pul dərdi deyil. Könlündəkiləri gitaranın simlərində musiqiyə çevirib, sanki içinin məhrəm duyğularını insanlara ötürmək istəyir. Onun ifa etdiyi musiqi parçaları könül söhbətləridir, yarımçıq qalmış arzuların, çiliklənmiş bir eşqin sızıltılarıdır. Göylərin maviliyinə dikilmiş dalğın baxışları da belə düşünməyimə nədən olur. Qutusuna atılan metal sikkələrin cingiltisi belə onu bu dalğınlığından qopara bilmir. Heç pul verənlərə təşəkkür də etmir. Ya buna gərək olmadığını düşünür, ya da öz aləmində olduğundan doğrudan doğruya ifasının maddi qarşılığı sikkələrin cingiltisi belə onun üçün eşidilməzdir.
Bu minibusdan yekə, avtobusdan balaca furqona bənzəyən, cürbəcür rəsmlərlə bəzədilmiş şarmankanın ətrafında isə bir neçə adam dolaşır. Bu nəhənglikdə dəm-dəsgahın dörd tərəfində bu adamların dolaşması da təbiidir. Biri arxada şarmankanın dəstəyini fırladır, biri tamaşaçıları əyləndirir, biri də onlardan pul toplayır. Hamısı da klassik, uzaq keçmişin əlamətlərini daşıyan naxışlı geyimdə. Bir anlıq özünü bir neçə yüz il əvvələ getmiş kimi hiss edirsən.
Essenin küçə skripkaçısı barədə ayrıca yazı yazdığımın siqnalını yuxarıda vermişəm. Burada onun barəsində danışmağımdan susmağım yeydir.
Essenli yaşlı şarmankaçı barədə də ayrıca bir yazı düşünürəm. Nədən ki, əsil yazıya düşməsi gərəkən biri olduğunu yəqinləşdirmişəm. Sizi intizarda saxlamalı olsam da, qoca şarmankaçı barədə bundan artıq heç nə deyə bilməyəcəm. Üz vurmayın siz Allah, onsuz da deməyəcəm. Hələlik yəni.
Venloda müxtəlif ölçülü plastik boya vedrələrini ağzıüstə çevirib şəhərin ortasında zərb aləti kimi döyəcləyən holland uşağı musiqiçidən çox məzhəkəçiyə bənzəyirdi. Amma musiqi adına nəyəsə cəhd etdiyi də unudulmamalıdır. Uşaqdır, başqa imkanı yoxdur və azarını bu cür öldürür desək, dünyamı dağılacaq? Onun hərəkətini təqdir edənlər, rəğbət bəsləyib həvəsləndirənlər ayaq saxlayaraq, onun ifasını alqışlayırdılar. Əllərini ciblərinə salmaqları da bir ayrı. Bəlkə bu oğlanın musiqi ilə bağlı planları daha genişdir. Məsələn, pul toplayıb bahalı bir zərb aləti almaq və ya nüfuzlu bir musiqi akademiyasında təhsil almaq. Ola bilməzmi?
Kölnlü klarnetçi qızcığazla bağlı bir-iki cümlə yazdımmı bu yazı da tamam. Bir-iki cümləylə alınsa yəni.
Orasını da deyim, Köln şəhərinin bu küçə bülbülü yazımın yaşca ən kiçiyidir.
Kölnün təxminən 650 ilə tikilmiş qoşaqülləli kafedral kilsəsindən sağa dönüncə alış-veriş yerlərinin sıralandığı, insanların qayır-qayır qaynaşdığı küçənin daş soyuqluğu ilə üzləşirsən. Elə kilsə meydanında öz ölkənin rəngli təbaşirlərlə bayrağını çəkə bilərsən və ya səndən əvvəl kiminsə çəkdiyi bayrağı yenidən boyayıb, təzələyə bilərsən. Əlin cibində olsun. Bəs kapitalizmi nə bilmişdiniz? Orasını da deyim ki, kilsə meydanında dünyanın əksər ölkələrinin dövlət bayraqları arasında Azərbaycan, Gürcüstan bayraqlarını görmək çox qürurvericidir.
Meydandan keçib küçəyə daxil olursan. Küçə musiqiçiləri, səfillər və hər rəngdə insan, turistlərə şəhər gəzintisi təklif edən, uzaq Asiyanın rikşalarını xatırladan üstü çadırlı taksi-velosipedlər hər addımda qarşına çıxır. Və mən klarnetində həzin bir musiqi parçası ifa edən o qızcığazı görürəm. Qızcığazı görənlər, onun ifasını dinləyənlər səxavət kisələrinin ağzını açıb, onun qutusuna pul qoyurlar.
Bu klarnetçalan qızcığaz bir az utancaqdır. Həm isti, həm də ifasının insanlara necə təsir edəcəyinin həyacanı onun üz-gözünün pörtməsinə, yanaqlarının qızarmasına nədən olur.
Sənət sevgisimi onu küçələrə salıb, yoxsa ehtiyacmı? Bəlkə sənət zirvəsinə gedən yolun başlanğıcı küçədən keçir? Bəlkə bunun üçün küçənin bərkinə-boşuna düşmək gərəkdir? Bəlkə qızıl qəfəsin astanası, qapısıdır küçə? Böyük konsert salonlarının alqış gurultusuna alışmaq üçün küçə səhnəsi bir tramplinmi?
Elə bu sual dolu abzasla da yazımı tamamlayıram. Bilmirəm dadı-duzu yerindəmi oldu? Bu dəfə də belə olsun.
Afiq MUXTAROĞLU
Almaniya