İnsan olaraq hər birimiz həyata gəlirik, yaşayırıq və həyatla vidalaşıb gedirik. Həyata hər kəs ayaq basar, ancaq hər kəsin izi qalmaz. Əslində, çox insan izinin qalmasını istəyər. Bəzən bunun üçün ömrünü sərf edənləri görürük, bəzən insan planlaşdırıb əmək sərf etməsə də bu izlər qalır, ancaq əksəriyyətinin xəbərsiz olaraq düşən izləri müsbət yönlü olmur.

 

Doğuluruq, böyüyürük və cəmiyyətdə fərd oluruq. Yaşadığımız cəmiyyətin bir hissəsini təşkil edirik. İllər keçir, yaşayırıq, yaş üstünə yaş gələrkən başa da ağıl və təcrübə toplanır. Topladığımız təcrübələr bizləri biz edən amillər olur. Toplamış olduğumuz təcrübələrə rəğmən həyatda müsbət yönlü bir iz buraxa biləriksə, nə xoş bizlərə!

 

Əslində, insan yaşlanıb əldən-ayaqdan düşdükdən sonra anlayır həyatını necə keçirdiyini, insanlar üzərində necə bir təsir buraxdığını. Taqətdən düşüb, gözlərin qapılara dikildiyi, açılmağını səbirsizliklə gözlədiyi o qapıların astanasında dərk edir necə ömür yaşadığını. Əgər xeyirləri məsləhət görüb, yaxşı əməllərlə yoldaşlıq edəriksə o qapıların açılmasını gözləməyə ehtiyac qalmaz. Açılmasını səbirsizliklə gözlədiyimiz qapılar tez-tez açılıb-örtülər və içəri bizləri sevən, xoş ünsiyyətli, mehriban kimsələr daxil olar.

 

Həyat dediyimiz nədir ki – bəziləri səhnə adlandırır, bəziləri pəncərə adlandırır, bəziləri də müharibə meydanı adlandırır. Hər kəsin deyimində özünə görə haqlılıq payı vardır. Ancaq həyat iz buraxmaq üçün gəldiyimiz bir güzərgahdır deyərdim mən. Bu güzərgahda büdrəyib qalxmaq da var, yavaşlayıb durmaq da var, zaman-zaman irəliləyib düşünmək də var. Ancaq hər nə olursa olsun, düşərkən qalxmaq üçün tutduğumuz tutqacları yıxmadan qalxmağı bilməliyik. Biz dik duraq deyə başqalarını əyməmək, yıxmamaq məcburiyyətindəyik, ancaq bu yolla həyatda müsbət izlər buraxa bilərik.

 

Ömür yekunlaşdığında hər kəs xoş anılmağı, arxasında gözəl izlər buraxmağı istəyər. Bu da yalnız gözəl işlər görməklə mümkündür. Ona görə də ömrü elə tükətməliyik ki, qapımız bağlanmasın; elə ölək ki, yüz yaşımız olsa da gənc yaşda dünyadan köçmüşükmüş kimi təəssüratlar olsun arxamızda.

 

Başlıqda da vurğuladığım kimi, dünyadakı izimizin axirət sərmayəsi olması üçün cəmiyyət üçün xeyir həsənə – gözəl işlər görəriksə, keçilməsi çətin olan yolları hamar edəriksə, susayanların çox olduğu yerlərə sularla çatmağa çalışarıqsa, yetimlərin başlarına sığal çəkən əl olarıqsa, qərib kimsəsizlərin qeydinə qalarıqsa, heç kimsələrin salam vermədiyi kimsələrə salam verib hallarını soruşarıqsa, ümidləri solmuş kimsəyə ümid ola biləriksə və bütün sadaladıqlarımızı yalnız Allah üçün edəriksə, o zaman həyatdakı izimiz axirət sərmayəsinə çevrilə bilər. Sadaladığım xeyir işlərin yaxşılara məxsus olduğunu zənn edərkən yanılırıq. Tərsinə, hər kəs xeyir işləyə bilər. Bir mömin qədər hiyləgər bir münafiq də xeyir işinə girişə bilər. Çünki insanın xüsusiyyətlərindən biri də yaxşı bir insan olmaq yerinə yaxşı bir insan kimi tanınmaq arzusudur.

 

Yuxarıda sadaladığımız xeyirli işləri İlahi riza çərçivəsində görərək həm dünyada iz buraxmış olarıq, həm də axirət sərmayəmizi toplamış olarıq. Qısacası, iki tərəfli qazanc əldə edə bilərik Allahın izni ilə.

 

 

Müəllif: Lamiyə Hacıyeva

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri