Üstünüzə xeyirli sabahlar açılsın! Sabah oldu. Ekzüperi demiş, “planet”imi qaydaya saldıqdan sonra telefona baxdım. Osman Əhmədoğlundan (torpağı nurlu olsun) zəng gəlibmiş: düz saat 22.30-da. Amma düz on üç ildən artıqdır ki, telefonumu saat 22.00-da bağlayıram. Dostlarımın hamısı bilir. Həkim məsləhəti ilə başlayan bu “əməliyyat” sonradan vərdiş halını aldı və indi də davam etməkdədir.
Osmanı yığdım. Kürüstünə, Küraltı bənövşələrə salamlardan sonra:
– Gecə zəng eləmisən, – dedim, – xeyir olsun!
– Ay sənin telefonun bağlı qalsın, ay evin tikilməsin, – dedi, – axşam sənə deyəcəyim sözlərin dadı-tamı bu zamanamı qalar? Hayıf elədin o gözəl sözləri! Vallah, zay elədin!
Osman xətrimi çox istəyirdi. Arada-sırada küssə də dönərgəsi yaxın idi.
– Kitabını aldım, – dedi, – payın çox olsun, amma orada bir “Müəllifdən anket doldurmaq cəhdi” var ha, yaman kövrəltdi məni: “Kazreti deyilən bir qəsəbədə müəllim işləyirəm. Birincilərin (cəmi iki nəfər) ayaqqabılarının açılmış qaytanını da bağlayıram, onbirincilərə proqrama düşməyən Axmatovadan da danışıram... və davamı)...
90-cı illərin faciəsi nə yeddi idi, nə də yetmiş yeddi. Sovet İttifaqı boyda bir nəhəng arxasını yerə qoymuşdu. O böyük məkanda millətçilik dalğaları daxil, münaqişələr alovlanırdı. Bizim bölgələrdən Bolnisiyə və Kazretiyə də sökün düşmüşdü. Amma bu, arazbarı ayrı!..
Məgər biz təkcə Müşfiqdən, Caviddən, Qalaktiondan, ya da Axmatovadanmı danışırdıq?
...Canımız can Azərbaycanın yanında idi. Sınıq körpünün bəri üzündə erməni təcavüzkarları tərəfindən işğal edilmiş məntəqələrin “qara” siyahısını tuturduq:
Xocalı – 26.II.1992
Şuşa – 8.V.1992
Laçın – 17.V.1992
Füzuli – 23.VIII.1993...
Və sairələrə sığmayan, sığa biməyən ümidlər, hönkürtülər. Gedənlərin, buraları tərk edənlərin dalınca baxa-baxa qalan biz, onda buralarda ənənələr və dəyərlər fonunda təkcə gələcəyimizi deyil, nə qədər qəribə olsa da, həm də keçmişimizi seçirdik.
Məhv olmaq üzrə olan bir ölkədə hətta “çiçəklənən individ” (Perikl) olmağı belə, kim istəyər? Təəssüf ki, “hampalar”la birlikdə müəllimlərdən də köçənlər oldu; heç olmasa üçcə gün sinif jurnallarını almağı belə gözləməyən müəllimlər! Amma nə etmək olardı?
Qaldıq “rəncbərlər”... Yəni “dəyərlərin problematikası” (M.Veber) bu dəfə də rəncbərlərə, əkinçilərə qalırdı... Bəzən ədəbiyyatı da, tarixi də, hətta... biologiyanı da bir müəllim keçirdi. Təki məktəb bağlanmasın! Çünki canımız məktəbdə idi!
Şagirdlər soruşurdular:
– Müəllim, Siz İbrahim xanın – söhbət III Qarabağ xanı İbrahimxəlil xandan gedirdi – şeşpərindən danışırsınız, bə Azərbaycan əsgəri o şeşpəri niyə çıxarmır? Niyə hərcayıların kəlləsinə çalmır onu?
Arada-sırada Koroğludan, Qıratdan, Misri qılıncdan danışırdıq.
Hardasan, ümidim, ya bir Koroğlu,
Qoşun yollarda qalıb (Akif Səməd). – misralarını səsləndirirdik. Amma uşaqlar şeşpəri, xəyallarında İbrahimxəlil xanın möcüzə olaraq gördükləri şeşpərini istəyirdilər; onlar da xilaskarı belə gözləyirdilər.
Yəni bu əmuddu, toppuzdu, gürzdü – eyni təyinatlı qədim silah növüdür ki, altıdillisinə şeşpər deyilib.
Anladırdıq ki, İbrahimxəlil xanın Azərbaycan tarixi muzeyində qorunan şeşpəri xanlıqlar dövrü Qarabağda hakimiyyət rəmzi olub. Şeşpər poladdanır, üstü nəbati naxışlarla, qızıl ilmələrlə bəzədilib. Hər növ qalxana və zirehə qarşı işlədilən üstün silah növündən artıq, hakimiyyət simvolu, vətən amanatı kimi işarələnməkdədir.
Şagirdlər bunu da bilirdilər ki, İbrahimxəlil xan həm də Qarabağın xarıbülbülü, sevda tutan qərənfili sayılan şairə Natəvanın babasıdır.
Burasını da deyim: siz heç Şuşa yaxınlığındakı (canımız Şuşa!) Xanbağı deyilən yerdə ailəsi ilə birlikdə güllələnmiş İbrahimxəlil xana bu qədər illər sonrası yas tutan gördünüzmü? Mən gördüm. 1992-ci ilin mayında! Şuşanın süqutu günü...
Azyaşlı şagirdlərin fikrini yayındırmaq üçün Giziroğlu Mustafa bəyin şeşpərinə keçirdik:
Bir atı var – Alapaça,
Aman verməz Qırat qaça.
Şeşpərinin ucu haça,
Giziroğlu Mustafa bəy!
Amma uşaqlar İbrahim xanın – İbrahimxəlil xanın şeşpərini istəyirdilər, onu təkid edirdilər! Onda onlara hətta Andersenin “Düyməcik”, “Kralın təzə libası”, “Çirkin ördək balası” kimi nağılları da maraqsız gəlirdi! Bir var Azərbaycanı, Şuşanı, Laçını Azərbaycanda sevəsən, bir də var Sınıq körpünün sınmaq bilməyən bəri üzündə! Onlar o şeşpərin, o əmudun, o toppuzun, o bozdoğanın (Türkiyə türkcəsində) sehrli gücünə inanırdılar. Çox inanırdılar! O uzaq, o yaddaşlara qan rəngində yazılan 92 – 93-cü ilərdə...
P.S.
...Aradan qərinə ötüb. Mənə ilk könüllülərlə Qarabağa yollanmış qardaşım oğlu Kamran 44 günlük müharibədən qalib olaraq qayıdanda danışıb bunları. Mən də sizə çatdırıram:
– Cəbhədə, xüsusilə də aylı axşamlarda, mənə bəzən belə gəlirdi ki, İbrahimxəlil xanın şeşpəri Azərbaycan tarixi muzeyindən çıxıb, Araz qıraqlarına gəlib və bizdən qabaqlarda par-par parıldayan da elə odur!..
İBRAHİMXƏLİL