“Müxbirlərimizdən biri idarəyə kağız yazır. Həmin kağızda cənab müxbir üzünü Borçalı bəylərinə, zənginlərinə tutub deyir: “Ey gözəl Borçalının minlərdən dəm vurub təkəbbürlüklərindən kimsəni tanımayan, özlərini pişrov (irəlidə gedən, öndə olan, qabaqcıl – A.M.) sayan fitnəkar bəyləri, ağaları və qızıllı-gümüşlü kəndxudaları! Haçana kimi insafdan kənar olub ciblərinizin xatirəsi üçün özünüzü qəflət uyğusuna məğlub edəcəksiniz? Fəqir-füqəra, əlsiz-ayaqsız heyvanabənzər “çoban-çoluqlar”ımızı oğurluğa, yol kəsməyə, nahaq qan tökməyə və qeyri pis-pis işlərə iqva edəcəksiniz? Tövrbətövr hiylələr, məkrlər, böhtanlar və fitnələrlə başlarına döyüb, min-min zəhmətlə, cövrü-cəfa ilə qazandıqları pulları əllərindən zülm ilə alıb çöllərdə avara-sərgərdan qoyacaqsınız? Polisə qulluqçuları ilə siğə qardaş olub fəqir-füqəranın qan təri ilə qazandığı pulu onların (polisə qulluqçularının) uğrunda xərc edəcəksiniz? Nə vaxtadək eyşü-işrətə məşğul olub məclislərdə quru-quru millət tərəqqisi barəsində “gop” edəcəksiniz. Bilmirsinizmi boş “gop” ilə plov olmaz: yağ, düyü gərəkdir? Haçan ətrafınıza nəzər yetirib həmsayələrinizdən (qonşularınızdan – A.M.) ibrət götürəcəksiniz? Məgər bu axır vaxt əziz, bəlakeş Qafqaz vətənimizdə vaqe olan nahaq qanlı hadisələr, top, tüfəng, bomba səsləri siz borçalıları xabi-qəflətdən oyatmadımı? Dost-düşmənlərinizi tanıdıb sizə yaxşı-yamanı bildirmədimi? Məgər qəzetələr verdikləri məlumatlara nəzər yetirib görmürsünüz, eşitmirsinizmi ki, qeyri şəhərlərdə, ölkələrdə sizin din qardaşlarınız qeyrətə gəlib tərəqqi yolunda artıq hümmət, həmiyyət göstərirlər?””
Səhv başa düşməyin, bunu nə bizim müxbirlərimizdən biri yazıb, nə də idarəyə göndərib. Bunu 1906-cı il iyunun 23-ü “Həyat” qəzetinin 136-cı nömrəsinin 3-cü səhifəsində “Nər” təxəllüsü ilə heykəli Borçalının düz köbəyində ucalan Nəriman Nərimanov yazıb. Mən də olduğu kimi burada tirajlayıram.
Nərimanova münasibətin birmənalı olmadığını bilirəm, indi onun adını, soyadını oxuyub üz-gözünü turşudanların olacağını da bilirəm. Amma bu yazının baş qəhrəmanı nə Nərimanovdur, nə də onun başıbəlalı heykəli, yazının baş qəhrəmanı Nərimanovun xitab etdiyi Borçalı bəyləri, ağaları və kəndxudalarıdır.
Yuxarıdakı yazının üzərindən bir əsrdən çox vaxt ötsə də, sanki ötən ayın 23-ü yazılıb. Sanki Borçalının köbəyində ucalan heykəl bir əlində kitab tribunaya qalxaraq üzünü Borçalının “minlərdən dəm vurub təkəbbürlüklərindən kimsəni tanımayan, özlərini pişrov sayan fitnəkar bəylərinə, ağalarına və qızıllı-gümüşlü kəndxudalarına” tutaraq yuxarıdakı dırnaq içindəki sözləri bağırmaq istəyir. Amma bağıra bilmir, sözlər də heykəl olur, daşlaşır heykəlin dodaqlarında, baxışında, duruşunda... və beləcə əsrdən-əsrə ötürülür.
Bəlkə də elə buna görə insanların heykəllərini ucaldırlar (Bəlkə də elə buna görə heykəlləri sökürlər, dağıdırlar). Nə vaxtsa bu heykəllərin də cana gəlib öz sözlərini, fikirlərini yenidən yüksəkdən hayqıracaqlarına inanırlar. Heykəllər danışmasalar da, onların daşlaşmış sükutu onsuz da görən gözlər, eşidən qulaqlar üçün sözdən, səsdən ibarətdir həmişə. Nərimanovun Marneulidəki heykəli, Qızılhacılıdakı büstü kimi...
Dənizlərdə gəmilərə yol göstərmək üçün mayaklar ucaldıldığı kimi, quruda da insanlara yol göstərmək, yolu işıqlandırmaq üçün mayak isnanların heykəllərini ucaldırlar. Əlbəttə, bu, heykəli qoyulan bütün insanlara aid deyil. Onsuz da zaman o heykəllərin daşını daş üstündə qoymayıb, qoymur və qoymayacaq.
Nərimanovun Borçalının mərkəzindəki heykəlinin üzündə isə yuxarıdakı sözlər daşlaşıb qalıb. Heykəlləşərək üzünü hələ də Borçalının “minlərdən dəm vurub təkəbbürlüklərindən kimsəni tanımayan, özlərini pişrov sayan fitnəkar bəylərinə, ağalarına və qızıllı-gümüşlü kəndxudalarına” tutaraq üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq onların hələ də cibləri xatirəsi üçün qəflət yuxusuna məğlub olduqlarına; hələ də fəqir-füqəra, əlsiz-ayaqsız insanları oğurluğa, yol kəsməyə, nahaq qan tökməyə və digər pis əməllərə vadar etmələrinə; hələ də zəhmətkeşlərin zülmlə qazandıqları pulları hiylə və böhtanlarla əllərindən almaqlarına; fəqir-füqəranın qan təri ilə qazandığı pulu polislərə yem etmələrinə; hələ də eyş-işrətlə məşğul olub məclislərdə millətin tərəqqisi barəsində goplamalarına; hələ də dostu-düşməni tanımamalarına; əl-ələ verib birlikdə çalışa bilməmələrinə etiraz edir. Bəzən də az qalır bütün bu nadanlıqlardan, hansısa bir tərsanın dedi-qodularından postamentindən birtəhər qoparaq əlindəki kitabını da götürüb buralardan qaçsın – ya Bakıya, ya da Kreml divarı nekropolunda külünün uyuduğu Moskvaya. Çünki yuxarıda dırnaq içərisində yazılanlar hələ də aktualdır...
Azər MUSAOĞLU