İnsan üçün bu dünyadakı ən dəyərli xəzinə zamandır...
İnsanlar həyatda etdikləri ilə xatırlanırlar. Yaşarkən zamandan nə qədər yaxşı istifadə etsək bir o qədər yaxşı işlər etmişik deməkdir. Zamanı doğru istifadə etmək insanların əlindədir. Əgər zamanı doğru istifadə etməsək günün sonunda peşman ola bilərik.
Bəzən, ola bilər ki, həyat planlaşdırdığımız kimi olmasın, zaman bizimlə ayaqlaşmasın...
Bu yaxınlarda rəsm yarışması var idi. Müəllimim qatılmağımı çox istəyirdi, həmçinin özüm də çox istəyirdim. Ancaq müəllimə zamanımın olmadığını və buna görə yarışmaya qatıla bilməyəcəyimi dedim. Müəllimim mənə “əgər zamandan doğru istifadə edərsənsə yarışmaya qatıla bilərsən” dedi. Mən isə müəllimimin dediyini düşünüb, zamanımı doğru bir şəkildə planlaşdıraraq yarışmada iştirak edə bildim. Qalib ola bilməsəm də, zamanımı doğru dəyərləndirdiyim üçün xoşbəxtəm.
Bu həyatda hər gözəl şeyin sonu olduğu kimi zamanın da sonu vardır...
Əgər zaman olmasaydı necə olardı deyə heç düşünmüşükmü? Zaman olmasaydı insanlar yaşamağın, həyatın dəyərini bilməzdilər; həyat çox sadə və maraqsız olardı.
Həyatda hər şey yolunda getməyə bilər, sevdiklərimizi itirə bilərik, çox istədiyimiz nələrdənsə vaz keçmək məcburiyyətində qala bilərik, ancaq zaman insan üçün ən yaxşı dərmandır.
Dostlarımızı, yaxınlarımızı zaman keçdikçə daha yaxşı tanıyırıq. Belə bir söz vardır: tez qurulan dostluqlar az ömürlü olar. Bu, həqiqətən də belədir. İnsanların gerçək xasiyyətlərini zamanla daha yaxşı tanıyırıq.
Bir gənc olaraq mənə çox pis təsir edən bir məqam var: həmyaşıdlarım həyatı sadəcə günüm, saatım, zamanım keçib getsin deyə yaşayırlar; bilmirlər ki, axıb su kimi gedən zaman bir daha geri dönməyəcək, hədər olan gənclik bir daha geri qayıtmayacaq...
Alina Fətullayeva