Başlığı oxuyarkən yəqin düşünəcəksiniz ki, indi Anar yenə öz teatrının problemlərindən, şəraitsizlikdən, imkansızlıqdan dəm vuracaq. Xeyr, bu dəfə mövzumuz bu deyil. Problemlərimizlə onsuz da cəmiyyət illərdir tanışdır. Təəssüf ki, heç nə düzəlmir. Daha da təəssüf doğuran odur ki, artıq düzələcəyinə də inamım yoxdur. Buna baxmayaraq, axtarışlarım, araşdırmalarım davam edir.
Son zamanlarda teatr tarixində dərin izləri olan reformator-novator rejissorları, bu sahədə nəzəriyyələrə sahib şəxsləri və onların nəzəriyyələrini öyrənməyə çalışıram. Bu prosesdə mənə bir çox maraqlı məqalə və araşdırma yazıları göndərən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, hörmətli Gümrah Ömər bəyə təşəkkürlərimi bildirirəm.
Öncəliklə, novator rejissor nə deməkdir? Gəlin ilk öncə bundan başlayaq. Novator rejissorlar teatra fərqli metodlar, anlayışlar gətirən, eksperimental yanaşmalara sahib olan və bunları tətbiq edən rejissorlardır. Bir başqa və sadə dillə desək, onlar əksəriyyətin getdiyi klassik yolu seçən yox, daha fərqli yol izləyən, alternativ təqdim edən şəxslərdir.
Onda belə çıxır ki, hər fərqli tərzə sahib olan rejissor novatordur? Xeyr, əlbəttə ki! Bunun üçün sənin öz metodunla, fəlsəfənlə bağlı geniş bir manifestin olmalıdır. Daha da önəmlisi, açmağa çalışdığın bu yol teatr dünyasında qəbul görməli, başqaları tərəfindən də davam etdirilməlidir.
Novator rejissorun nə demək olduğunu az-çox anladıqsa əgər, bir az da bu sahədə teatrda adına ən çox rast gələcəyimiz şəxslər barəsində danışaq. Bunlardan ilki Antonen Arto və onun “Qəddarlıq teatrı” manifestidir.
1930-cu illərdə Arto “Qəddarlıq teatrı”na dair iki manifestini irəli sürdü. Daha sonra isə bu ideyaları “Teatr və onun oxşarı” adlı əsərində bir araya gətirdi. Artonun manifestinin əsas ideyası ondadır ki, teatr tamaşaçını sarsıtmalıdır, söz ikinci plandadır, bədən, səs, ritm və işıq əsas vasitələrdir.
Lakin Arto, təəssüf ki, ömrünün bir hissəsini ruhi xəstəxanada keçirdiyi və gənc sayıla biləcək bir yaşda vəfat etdiyi üçün onun ideyaları əsasən nəzəriyyədə qaldı. Ancaq onun açdığı bu cığır teatrda bir çox şəxsə ilham mənbəyi oldu.
1960-cı illərdə isə Yeji Qrotovski “Yoxsul teatr”, Piter Bruk isə “Boş məkan” adlı kitabında öz nəzəriyyəsini açıqladı. Qrotovskinin əsas ideyası: dekor minimuma endirilir, texnika minimumdur, teatrın mərkəzində yalnız aktyor və tamaşaçı qalır. O, Artonun “Qəddarlıq teatrı”ndan ciddi şəkildə təsirlənmişdi, amma onu başqa istiqamətə inkişaf etdirdi. Arto daha çox tamaşaçının hisslərinə hücum etməyi düşünürdüsə, Qrotovski teatrda əsas gücü aktyorun daxili dünyasında görürdü.
Son olaraq Brukdan bəhs etsək, baxmayaraq ki, o, həm Artodan, həm Qrotovskidən təsirlənmişdi, lakin bir az fərqli yol izləyirdi. Brukun məşhur cümləsi: “İstənilən boş məkanı götürürəm. Bir adam o məkandan keçir, başqa biri ona baxır və bu artıq teatr üçün kifayətdir”. O, bu cümləni sadəcə deməklə kifayətlənməyib, öz praktikasında da əməl edib. Xüsusilə 1970-ci illərdə heyəti ilə birgə Afrika, Yaxın Şərq və digər bölgələrə etdiyi səfərlər zamanı çox sadə şəraitdə çıxışlar edib. Onlar bəzən boş həyətlərdə, kənd meydanlarında, məktəblərdə, anbarlarda, açıq məkanlarda tamaşalar nümayiş etdirirdilər.
Bu arada istər Qrotovski, istərsə də Bruk, çarəsizlikdən, imkansızlıq ucbatından bu yola addım atmayıblar. Onlar çox geniş imkanlara sahib olublar. İstəsələr ən böyük teatrların ən özəl vəzifələrində çalışa bilərdilər. Buna baxmayaraq onlar rahat və hazır olanı seçməyiblər. Teatrda fərqli bir anlayış, yeni bir dalğa, yeni bir yol açmağa çalışıblar. Məhz buna görə də bu gün adları tarixdə qalıb və onları gerçək novator rejissor adlandırmaq olar.
Bəs mən bunları necə və niyə araşdırmağa başladım? Qısaca bundan da bəhs edim.
Mən istər tərz olaraq, bəzən isə şərait yoxluğuna görə minimalist üsulda tamaşalar hazırlayıram. Məsələn, quruluş verdiyim son tamaşada sadəcə dörd stul, bir jurnal masasından istifadə etmişdim. Keçən il beynəlxalq teatr festivalına apardığım tamaşada iki aktyorum, iki də park oturacağından başqa səhnədə heç nəyim yox idi.
Festivaldakı 12 tamaşa arasında sadəcə bizim tamaşada tüstü effektindən istifadə olunmadı. Çünki gərək duymadım. Digər tamaşalarda isə lazımlı-lazımsız bir çox səhnədə tüstü effektindən istifadə olundu. Bir şeyi istifadə edə bilərsən demək onu mütləq istifadə etməlisən anlamına gəlmir.
Bundan əlavə, festivalda yeganə tamaşa bizim tamaşa idi ki, işıqlandırmamız sadə və sabit idi. Digər tamaşalarda işıqlar o qədər rəngarəng və tez-tez dəyişirdi ki, bəzən aktyorların üzünü görmək belə olmurdu. Bəli, qəbul edirəm ki, tamaşada xüsusi anlar var ki, bundan istifadə etmək lazımdır. Amma daha bütün tamaşa boyunca səhnəni gecə klubu görüntüsünə bürümək düzgün deyil deyə düşünürəm.
Yenə də öz-özümə düşündüm ki, görəsən onlar hər şeyi doğru edir, bəlkə mən səhv edirəm. Bəlkə mənim etdiklərim və düşündüklərim, ümumiyyətlə, teatr dünyasında qəbul görmür.
Özümü, tərzimi və verdiyim quruluşları sorğulayarkən, bir yandan da araşdırmalar etməyə, teatr kitablarını yenidən vərəqləməyə başladım. Qarşıma çıxdı ki, mən əslində fərqinə belə varmadan bir az Artonun “Qəddarlıq teatrı”ndan, bir az Qrotovskinin “Yoxsul teatrı”ndan, bir az da Brukun “Boş məkan”ından nələrsə götürmüşəm.
Mən böyük dekorlara sahib, ən özəl kostyumlardan, ən rəngli işıqlardan istifadə olunmuş çox tamaşalar görmüşəm, hansı ki, tamaşaçı yarım saat sonra sıxılaraq zalı tərk edib. Buna görə də mənim üçün önəmli olan mövzu, ötürüləcək duyğu və mesajdır. Bu duyğu və mesajın təsirli bir şəkildə ötürülməsi üçün isə yüksək aktyor performansına önəm verirəm. Və mən də gerçəkdən istəyirəm ki, tamaşaçı teatrdan sarsılaraq ayrılsın.
Son olaraq, “Yoxsul teatrı” deyəndə burada hansısa bir kasıbçılıqdan söhbət getmir. Rituallardan yaranan sənətin özünə qayıtması, texnologiyanın əsirinə çevrilməməsi, bir sözlə, vurulmağa çalışılan zəncirləri qırıb öz saf halına bürünməsidir “Yoxsul teatrı”.
Anar Rafiqoğlu
“Era Teatrı”nın bədii rəhbəri, rejissor