Əvvəlki yazımda “Yoxsul teatr” anlayışından bəhs etmişdim. Yazının sonunda isə qeyd etmişdim ki, “Yoxsul teatr” hansısa kasıbçılıq deyil. Əslində, rituallardan yaranan sənətin özünə qayıtması, texnologiyanın əsirinə çevrilməməsi, bir sözlə, teatrın öz saf halına bürünməsidir.

 

Bu gün teatr deyəndə əksəriyyətimizin gözünün qarşısına böyük səhnələr, ağır pərdələr, mürəkkəb işıq sistemləri, bahalı dekorlar gəlir. Bəzən elə düşünürük ki, teatr həmişə belə olub. Halbuki teatrın tarixinə nəzər saldıqda tamam fərqli bir mənzərə ilə qarşılaşırıq. Nə teatr binası var, nə səhnə, nə pərdə, nə də bu gün bildiyimiz mənada aktyor. Sadəcə bir tonqal, onun ətrafına toplaşmış insanlar və inandıqları bir ritual...

 

Teatr tarixini araşdıran alimlərin böyük əksəriyyəti teatrın başlanğıcını məhz ritual mərasimlərində görür. Qədim insanlar bəzən yağış diləmək, bəzən bol məhsul istəmək, bəzən də uğurlu ovdan sonra inandıqları qüvvələrə təşəkkür etmək üçün bir yerə yığışırdılar; mahnılar oxuyur, ritm tutur, rəqs edir, müxtəlif hərəkətlər nümayiş etdirirdilər. Amma bütün bunları hansısa tamaşa göstərmək üçün etmirdilər. Bu, onların inancının və gündəlik həyatının ayrılmaz bir hissəsi idi.

 

Həmin insanlar heç ağıllarına da gətirməzdilər ki, min illər sonra tarixçilər bu mərasimləri teatr sənətinin başlanğıcı kimi izah edəcəklər.

 

O dövrdə “aktyor” və “tamaşaçı” anlayışları bir-birindən ayrılmırdı. Hamı eyni hadisənin içində idi. Hamı eyni hissi yaşayırdı. Amma zaman keçdikcə bu mənzərə dəyişməyə başladı. O insanların arasından biri irəli çıxdı, danışdı, canlandırdı, artıq təkcə özünü yox, başqasını da yaşamağa başladı. Bəzən bir tanrını, bəzən bir ruhu, bəzən də hansısa bir qəhrəmanı...

 

Teatrın doğulduğu an məhz budur. Bir insanın ilk dəfə başqa bir insanın, yaxud başqa bir varlığın həyatını öz bədənində yaşatmağa çalışdığı an...

 

Sonralar bu mərasimlər Qədim Yunanıstanda, xüsusilə Dionis şənlikləri zamanı daha sistemli forma aldı. Xor yarandı, daha sonra ilk aktyor meydana çıxdı və ritual yavaş-yavaş teatra çevrildi. Artıq teatr bildiyimiz sənət növünə doğru inkişaf etməyə başladı. Amma bütün bu dəyişikliklərə baxmayaraq, onun mahiyyəti dəyişmədi.

 

Bu gün teatrın ən çox itirmək təhlükəsi ilə üz-üzə qalan tərəfi də elə onun başlanğıcıdır.

 

Texnologiya inkişaf edir, dekorlar böyüyür, işıq sistemləri müasirləşir, səhnə imkanları genişlənir. Bütün bunlar təbiidir və əlbəttə ki, mən bunların əleyhinə deyiləm. Amma bəzən elə təsəvvür yaranır ki, teatrın gücü məhz bunlardadır.

 

Başlanğıca qayıtdıqda görürük ki, əslində, bunların heç biri olmayıb. Teatrın ilk günündə bunların heç biri yox idi. Nə işıq, nə dekor, nə səhnə mexanizmləri, nə də bahalı kostyumlar... Amma insan var idi.

 

Bəlkə də elə buna görə Qrotovski “Yoxsul teatr” anlayışını irəli sürərkən teatrı yenidən onun başlanğıcına qaytarmağa çalışırdı.

 

Düşünürəm ki, bu gün də teatrın gələcəyini müəyyən edəcək əsas amil nə yeni texnologiyalar, nə də milyonlarla ölçülən büdcələr olacaq.

 

Çünki teatrın əsl gücü heç vaxt binasında, texnologiyasında və ya dekorunda olmayıb.

 

Onun gücü həmişə insanda olub.

 

Anar Rafiqoğlu

“Era Teatrı”nın bədii rəhbəri, rejissor