Mən bir müşkülümlə bağlı bir-iki gün Vlaardingendə yaşamalı oldum və müşkülümün nədəni barədə danışıb başınızı ağrıtmamaq üçün onun üzərindən sükutla keçməyi daha doğru hesab edirəm. O üzdən ki, hərənin özünə yetdik müşkülü də var, hələ üstəlik ayrı dərdi-azarı da.

 

Vlaardingen tipik holland şəhəridir. Təmiz, səliqəli, abad. Kanalları, yaşıllıqları da öz yerində. Orta böyüklükdə bir şəhər olan Vlaardingen yel dəyirmanları ilə də məşhurdur. Rotterdamın lap yaxınlığında binələşmiş bir şəhərdir.

 

Bir neçə gün yaşadığım mənzil beşmərtəbəli binanın üçüncü qatındadır. Eyni ölçülü dörd binanın yaratdığı düzbucaqlı nəhəng futbol meydançasına bənzəyir. Bu düzbucaqlı  böyüklüyünə görə heç stadiondan geri də qalmır. Yaşıl örtüyü istənilən müasir futbol meydançası ilə rəqabət aparmağa qadirdir.

 

Niderlanda gələn turistlər şəhərlərdə belə yaşıl sahələrlə tez-tez rastlaşa və təəccübdən “ərazisi kiçik, əhalisi çox olan bir ölkədə bu böyüklükdə boş sahənin buraxılması nə dərəcədə məntiqlidir?” – deyə sual da edə bilər. Əski şəhərlərin qədim məhəllələrində, bu, o qədər hiss olunmasa da, şəhərlərin yeni məhəllələrində, eləcə də sonradan salınmış şəhər və şəhərciklərdə belə yaşıl sahələrdən maksimum istifadə edilmiş və bu proses indi də davam etməkdədir.

 

Söz açılmışkən, Niderland evləri barədə də bir-iki kəlmə yazım. Ölkənin hər yerində fərdi evlərin fərqli bölgələrə görə dəyişən müxtəlif tipləri, adətən damı ilə birlikdə üçmərtəbəli və iki ailənin yaşaması üçün nəzərdə tutulmuş duplekslər, bir neçə ailənin eyni dama malik olduqları taunhauslar və müasir memarlığın şah əsərləri olan göydələnlərlə rastlaşmaq adi mənzərədir. Bütün bunların üzərinə hollandların gəmi evlərini, son zamanlar yaradılmış suda-quruda mövcudluğunu sürdürə bilən amfibiya evləri də əlavə edərək, holland evlərinin ümumi mənzərəsini bütövləşdirə bildiyimi düşünsəm də, sonradan bunu da deməliydim, onu da yazmalıydım adlı əndişələrimin qalacağından adım kimi əminəm.

 

Vlaardingendə bir neçə gün gecələdiyim mənzilin eyvanından görünən yaşıl meydanın böyük hissəsi bom-boş yaşıllıqdan ibarətdir. Yaşıllaşdırma idarəsinin uzanan otları vaxtlı-vaxtında biçdiyini, bu böyüklükdə ərazidə hər hansı bir tullantının olmamasını adi gözlə ilk baxışdan müəyyən etmək o qədər də çətin deyil.

 

Düzbucaqlını təşkil edən dörd bina künclərdə birləşdirilmədiyindən qalan boşluq hissə küçədə olanlara da nəzər yetirməmə imkan verir. Nəzərimi, bənzətməmin yerinə düşmədiyini bilirəm, kiçik qəbir daşlarına bənzəyən dörd qutunun üzərində saxlayıram. Bu qutular yeraltı bunkerlərə açılan giriş qapıları kimi bir şeydir. Məhəllə sakinlərinin məişət tullantılarını çeşidləyərək atmaları üçün quraşdırılmış yeraltı nəhəng zibil qutularının yerüstü hissəsi bu kiçik girişlərdən ibarətdir.

 

Qutulardan birinə kağız-karton, bir başqasına plastik, üçüncüsünə isə qarışıq tullantılar atılır. Qutuların qapağı kart vasitəsilə açılır. Bir torba atdınmı qapaq avtomatik bağlanır və ikinci zibil torbası varsa qapağı yenə kartla açmalısan. Sözümün canı odur ki, sənin zibilini atman üçün müəyyən qədər pulunun başından keçmən gərəkdir. Yoxsa kimin dədənə borcu var ki, sənin məişət zir-zibilini müftə atmağı boynuna götürsün.

 

Dördüncü qutunun üç – yaşıl, ağ, şabalıdı gözcükləri şüşə qabların atılması üçündür. Bu qutunun açılması üçün kart-filan gərək deyil və sən istədiyin şüşə parçasını rənginə görə yeraltı bunkerə ata bilərsən.

 

Onu da deyim ki, belə bunkerlərin ətrafında bir çöp qırıntısına da rast gəlməzsən. Üstəgəl, onun  həndəvərində ürək bulandıran, üfunət saçan bir qoxu da hiss etməzsən.

 

Baxışlarım yenidən o nəhəng yaşıl meydana dönür.

 

Meydanda iki qalın kolluğun necə var saxlanması da gözümdən yayınmır. Əslində belə bir gözəlliyin nəzərdən qaçması da mümkünsüz. Bir-iki müşahidəm bu kolluqların məqsədli şəkildə saxlandığı qənaətinə gəlməm üçün yetərli oldu.

 

Qaratoyuqların, payız bülbüllərinin və digər kiçik quşların girib-çıxmaları bu kolluqların onların yuvalamaları, balaçıxarmaları üçün var olduğunu təsdiqləyirdi. Bu quşların bəyaz çiçəklərin bəzədiyi kolluğun ətrafında atılıb-düşmələri, şən civiltiləri xoşbəxt həyatlarının göstəricisi olmalıdır. Onların yaşamaq üçün yer seçimləri qüsursuzdur. Nədən ki, ətrafda qarğaları, qağayıları nəzərə almasaq onların balaları üçün heç bir təhlükə yoxdur. Heç kiçik quşcuğazların qənimi qarğaların, qağayıların da bu yaşıl kolluqlara girmək kimi düşüncələri də sezilmir. O üzdən ki, təbiətin onlara verdiyi ruzidən başqa, bina sakinlərinin də bir əlləri onların ağzındadır. Çinədanı dolu bir qarğanın və ya qağayının özünü kolluğa soxmasına gərək də qalmır.

 

Eyvanlardan sakinlərin atdığı qidanı havadaca tutan yaşılbaş ördəklərin meydançanın bir tərəfindən digər tərəfinə yanlarını basa-basa yer dəyişmələri tez-tez baş verir. Hər eyvana çıxan adamın hər dəfə onları yemləyəcəyini düşünən ördəklər axşama doğru əldən-dildən düşməlidirlər. Qənaətim belədir. Amma sonra da, işlərinin-peşələrinin adı nədir, quş ağıllı deyillərmi kimi düşüncələrə daldığımı da fərq edirəm.

 

Kül rəngli vağ isə bütün bu olanların arasında tərpənməzliyindənmi, ləngliyindənmi, yoxsa başqa bir səbəbdənmi  müqəvvaya-qorxuluğa bənzəyir. O, başqa quşlardan fərqli olaraq, eyvanların altını saymır, özünü tox tutması ilə diqqət çəkir. Amma onun bu davranışının aldadıcı, maskalanma-kamfulyaj kimi bir şey olduğunu da düşünmək olar.

 

Bu meydanı özlərinə yaşayış yeri, ov yeri seçən qağayılar, qarğalar, ördəklər çöl quşlarından daha çox ev quşlarına oxşayırlar, hər eyvana çıxan adama isə öz yiyələri kimi baxırlar. Onların təbii yolla əldə etdikləri ilkin yaşayış vərdişlərini yadırğadıqlarını, insanların onlara verdikləri yeməklər hesabına bir az da müftəxorlara çevrildiklərini, bir az da dilənçiliyə, ələbaxımlığa alışdırıldıqları qənaətimi də düşüncələrimin gözünə qatıram.

 

...Qağayıların şaqqanaq çəkib, ürəkdən gülən adamların gülüşünü andıran səsləri düşüncələrimi alt-üst etməyə yetir və mən yazıma son nöqtə qoymağa məcbur oluram...

 

Afiq MUXTAROĞLU

Vlaardingen

Niderland Krallığı