Bahar insanları təravətləndirən, insanlara təbəssüm bəxş edən, qışa əlvida deyən fəsildir. Mən ən çox baharı sevirəm. Hər fəsil gözəldir, amma bahar daha da gözəldir. Bəzən bir ili üç aya sığışdırmaq istəyirsən...

 

Bahar gələndə təbiət yaşıl və müxtəlif rənglər alır. Təbiətdəki bu dəyişiklik hər kəsi xoşbəxt edir. Rəngarəng çiçəklər açmağa başlayır. Qışın soyuğu ilə evini bağlayan insanlar yazla birlikdə qabıqlarından çıxıb özlərini təbiətə buraxırlar.

 

İnsanlar yaz gələndə tamam başqa psixologiyaya keçirlər. İnsanın ürəyi mənasız xoşbəxtlik və hüzurla dolur. İnsanlar sadəcə gəzmək və əylənmək istəyirlər. Çünki pəncərədən süzülən günəş işığı o qədər cəlbedicidir ki, dörd divar arasına sığmayacaq qədər isti görünür, özünü küçələrə, parklara atmaq istəyir adam. Çünki yayın qızmar günəşi və qışın şaxtalı günləri arasındakı bir sığınacaq kimidir bahar. 

 

Hansımız uşaq olmamışıq. Hansımızın yaddaşında məktəblə bağlı acılı-şirinli, sevincli-kədərli, hamıdan gizlətdiyimiz məhrəm və ya hamı ilə bölüşməyə hazır olduğumuz, bizi yenidən uşaq olmağa sövq edən xatirələr yoxdur?..

 

O günlərə qayıdanda yadıma ilk öncə yaz fəslində məktəbə getməyimiz düşür. Məktəbə ən çox bahar gələndə getməyi sevərdik. Qışda qara, çovğuna görə məktəbə biri gələndə, biri gəlməzdi. Sinif otağına daxil olanda partaların çoxu boş olardı. Dərslər də qışın özü kimi əyləncəsiz keçərdi. Elə ki, yaz gələrdi hamımız sevinərdik, ən sevdiyimiz dərs bədən tərbiyəsi olmağa başlayardı, hava yaxşıdır deyə həyətə düşmək, oynamaq, vaxt keçirmək istəyərdik. Məktəbin həyəti uşaqların qəhqəhələri ilə dolardı. Sonra da səhər evdən geyinib çıxdığımız pencəklərimizi evə qayıdarkən qolumuzda asılı aparardıq. Hər il Novruz bayramından əvvəl dil-ədəbiyyat  müəllimimiz “yazın gəlişi” adlı inşa yazmağı tapşırardı. İnşaya başlayarkən nə yazacağımı düşünürdüm. Sonra birdən-birə qələmi dəftərə toxundurar, içimdən gəldiyi kimi, təbiəti duyarcasına yazmağa başlayardım. Daşlardan-qayalardan axan su şırıltısından, quşların şən civiltisindən, uşaqların qəhqəhələrindən yaranan bu nəğmələrlə dünyanın, təbiətin gözəlliyindən, yazın gəlişi ilə çalarını dəyişib yamyaşıl rəngə bürünən meşələri, çəmənləri, dünyamızın hər bir qarışının gözəlliklərini xəyal edərək yazardım. 

 

Oxuyarkən təbiətin bizim düşündüyümüzdən daha canlı olduğuna inandırmağa çalışardım dostlarımı. Danışmağa dili olmasa da, insanlara deməyə ürəkdolusu sözü var. Və bu sözləri baharda rənglərin dili, bulaqların şırıltısı, quşların cəh-cəhi ilə deyir. Bahar yeni arzular, həyatın oyanışıdır, təbiətin səsi hər yerdə eşidilir. Kimsə xoşbəxtliyi təsvir elə desə, onu bahar fəslinə bənzədərəm. Bəzən yaz yağışı yağsa da, güclü külək əssə də parlayan günəş həmişə bizi işıqlandırır.

 

Bahar fəslində həyat sürətlə axır sanki. İnsanların içlərindəki, adını qoya bilmədikləri, həyəcanın təmsilçisidir bahar. İnsan da xoşbəxtsə ürəyində güllər açır, gözləri bahar günəşi kimi parıldayır. İnsan nəyə inanırsa onu yaşayır. Nəyi görmək istəyirsə elə onu da görür. Bizlər budaqda tikanları deyil, onun üzərindəki çiçəkləri görsək hər şey daha gözəl olar. Özümüzü xoşbəxt görmək istəyiriksə ilk öncə buna inanmalıyıq. Harada olmaq istəyiriksə onun xəyalını qurmalıyıq. Çünki ən inanılmaz uğurlar da, ilk öncə, bir xəyal, arzu ilə başlayır.

 

Mark Tvenin “İnsan nədir” kitabında gənc və yaşlı adamın söhbətində yaşlı adam xoşbəxtlik haqqında bir fikir deyir: “İnsan bədbəxt bir temperamentlə doğulmuşsa, heç nə onu xoşbəxt edə bilməz və əksinə, xoşbəxt bir temperamentlə doğulmuşsa, onu heç nə bədbəxt edə bilməz”. Yəni xoşbəxtliyin açarı kənarda deyil, bizim özümüzdədir. İnsanın xoşbəxtliyi elə düşüncələrindən asılıdır. Hər kəs eynidir əslində. İnsan dünyaya gəlir, yaşayır, yaşadır, sevir, sevilir, aşiq olur, ayrılır, əzab çəkir, nifrət edir, nifrət qazanır, hörmət edir, hörmət qazanır. Amma hər şey bu qədər tez yazılsa da bu qədər tez baş vermir. Səbir etmək lazımdır, çünki səbrin sonunda mükafat çox dəyərli olur.

 

Bəlkə də bu bahar ümidini itirmiş, həyatla mübarizəsi olanlar üçün bir yeni başlanğıcdır. Bəyəm qurumuş, heç bir həyat əlaməti olmayan ağacın bir yaz günü tumurcuqlaması möcüzə deyilmi?

 

Yaşamaqdan qorxmayaq, həyatı yaşamaqda gecikməyək!

 

Aytən FƏTULLAYEVA