(Tənhalıq şairi Qalaktion Tabidze)
Düz iki il məktəbdən verilən tibbi polis sayəsində onda Tiflisin “Leçkombinat” adlanan və Çavçavadze 4 ünvanında yerləşən şəfaxanasında müalicə aldım.
Günlərin bir günü nevropatoloq kabinetinə növbəmizi tutub küçəyə açılan bəzəkli, amma həm də qüssəli pəncərənin önündə gözləyərkən, dərhal bəlalar çəkmiş kimi görükən başından unudulmaz şair Konstantin Balmonta bənzəyən bir kişi mənə belə pıçıldadı:
– Bax, bu hüzn dolu pəncərələrin birindən vaxtı ilə Qalaktion özünü atıb. Özü də həmin pəncərə dəmir şəbəkəsi olmayan yeganə pəncərə imiş. Bunu sənə şair olduğun üçün deyirəm. Çünki Gürcüstanımızın suyundandır sanki! Milli mənsubiyyətindən asılı olmayaraq, buralar doğumlu neçə şairimizin qanında-ruhunda bir Qalaktionçuluq var. Heç bilirsənmi, o, öz ilğım-iztirab intiharı ilə neçə ruh qohumunu – leylək qələm sahibini xilas elədi!.. Yoxsa gürcü pravoslav kilsəsi onun intihar günahını bağışlayardımı?
...Səhər çağının əsl günəş vannası qəbul eləmək vaxtı idi: saat doqquz – on arası olardı. “Qalaktion pəncərəsi”ndə günəşin ilıq və şəfqət dolu şüaları oynaşırdı. Bu işıq telləri, bu işıq axını əsəbləri sanki hüzura, ahəstəliyə çağırırdı.
...Şüalar təkcə Günəşdən deyil, başqa bir işıq mənbəyindən də ola bilir. Mənim ucqar havası ilə limhəlim həyatımda şairlər belə işıq mənbələrindəndir. Və bu işıq mənbələri sırasında başda gələn şairlərdəndir Qalaktion!
Şairlər uşaqlıqda günəşlə – onun şüaları ilə, şəfəqləri ilə oynamağı çox sevirlər və sonralar özləri də bir işıq mənbəyinə çevrilirlər. Müxtəlif dillərdə yazsalar da şəfəqləri oxşardır, işıq telləri şahanədir, çünki lılıx deyil, lirikdir.
Misilləmə misal üçün bizdə Tofiq Bayramın bir “Uşaq və dəniz” şeiri var.
Şəfəqlərdən üzü nurlanan körpə dalğalara sarı iməkləyir, elə bil ki, əl uzadıb günəşi dənizdən almaq istəyir:
Yenə göy sulara al şəfəq düşür,
Yüyürüb gəl deyir, o, yenə gəlmir.
Əl atır, ovcundan çıxıb sürüşür,
Bu necə balıqdır, əlinə gəlmir?
Sonralar Məmməd Araz bu şeirin təsirilə “Günəşlə oynayan uşaq” şeirini yazır və Tofiq Bayrama həsr eləyir:
Üfüqdə qırmızı günəş gərnəşir,
Dəniz alovlanır, dəniz odlanır.
Uşaq yüyürür ki, tuta günəşi,
Uşaq günəşi də oyuncaq sanır.
Bu yerdə Qalaktionla bağlı oxşar və təsirli bir xatirəni də paylaşmaq lazım gəlir:
Bir dəfə anası balaca şairi evdə tək qoyub gedir. Qayıdanda Qalaktionun pəncərə qarşısında günəşin şüaları ilə oynadığını və onları necə... öpdüyünü görür.
Heyrətlənmiş anası sonralar bu barədə öz xatirələrində yazmışdı...
...Yenidən Konstantin Balmonta (Qalaktionun ona böyük hörməti olub) bənzəyən kişini xatırlayıram. Bunu da o söyləmişdi:
– Mənim sözlərim deyil, amma sənə deyirəm: mürəkkəbin axmadığı yerdə qan axır. Elə elə mürəkkəbin həmişə axsın; sanki dərya imiş.
...Heç bir həftə keçmədi ki, yolum-yönüm yaxşılığa döndü.
Tiflisdə həkimimin birdən-birə işıqlanan baxışlarını, kəndə dönəndə anamın sevinc dolu göz yaşlarını yaşadım.
P.S.
Dostlarımın bəziləri bilir indi Qalaktion haqqında kitab yazdığımı.
Və əllərindən gələni əsirgəmirlər: məsələn, Allahverdi Təhləli Qalaktionun şeirlərini tərcümə elədi. Həm də çox gözəl tərcümələr oldu.
Mirzə Məmmədoğlu Qalaktionla bağlı xeyli xatirə paylaşdı. Səhifəsinə baxıb oxuya bilərsiniz.
P.P.S.
Hazırda Rustaveli prospektindəyəm. Qalaktion buralarda gəzməyi çox xoşlayırmış.
Hava çox günəşlidir. Fikrimdən keçir ki, şeirdən, şeirin şüalarından və şəfəqlərindən qorunmaq lazım deyil; əksinə, şeir qəlb məsələsi olduğu üçün onları qəlbin dərin guşələrinə buraxmaq lazımdır.
Qorxmayın, şeirdən şüa xəstəliyinə tutulmazsınız, radioaktiv maddələrin təsirinə məruz qalmazsınız!
...Az qala yadımdan çıxmışdı: Konstantin Balmontun oxşarı bunu da deyirdi ki, Qalaktion sərxoş vaxtı qələmə heç toxunmazmış...
İBRAHİMXƏLİL