Elm, sənət, şəxs bildirən -şünas şəkilçisindən leksik şəkilçi olaraq danışmayanda iddia edənlər həmişə tapılır ki, bəs deməzsənmi, bir halda ki, “şünas” – xəbəri, məlumatı olan deməkdir, deməli, şünaslıq da əslində həm də düşüncə tərzi, həyat tərzi olmalıdır. Misal üçün, sənətşünas, teatrşünas, musiqişünas, ədəbiyyatşünas, şərqşünas və sairə.

 

Mübahisə eləmirəm.

 

Amma israrla arazbarı sözümün toz-tozanaq təkrarına qayıdıb bir də demək istəyirəm: əgər adı indi tez-tez hallanan Süsən-Sünbüldə birdən-birə bu qədər “saqqalşünas” peyda olmasaydı, əgər bu saqqal məsələsi bir zamanlar birlik, yekdillik simvolu olan bir kəndi bu şəkildə az qala paramparça eləməsəydi, saqqalın “fəlsəfəsi” illüziyalarını yaratmasaydı, bəzi lamberseksuallıq labirintlərinə gətirib çıxarmasaydı, qələmin quluncunu qıraraq ona qıyardımmı heç? Başqa sözlə və ana xətt olaraq, əgər bu kəndin adı Sadaxlı olsaydı, Dəllər, ya da Faxralı olsaydı, yəni Süsən-Sünbül olmasaydı, başım bədənimə niyə ağırlıq edirdi ki?

 

Ömürbillah, kənd adlarımıza (fərq etməz: şəhər, ya da qəsəbə) ayrı-seçkilik salmaram, şükürlər olsun, hamısı bir-birindən gözəldir, amma axı Süsən-Sünbül xınagül xalq mahnımızın adındandır! Kim istəyər ki, sevdiyi kəndin adı sevdiyi mahnının adına, sözü sözünə, özü özünə layiq olmaya? Xan əmidən üzü bu yana, bu mahnını Nuriyyə Hüseynovanın, ya da Gülderen Taştan Yavuzun ifasında tək bircə yol dinlə, gör könül candan ayrılırmı! Gör saqqal saxlayan da, saqqal saxlamayan da, lap elə kosa Səfər də sənə doğmalaşmırmı? Axı Allahın altı böyükdür və saqqallıya da, saqqalsıza da, lap elə bığlıya da, bığsıza da həmişə yer var!

 

Nə isə, mətləbdən uzaq düşdük deyəsən...

 

...Süsən-Sünbüldə ikidə-birdə iddia edənlər də tapılır ki, guya bu saqqal məsələsi, yəni saqqalın əvvəlcə mübahisəyə, sonra da münaqişəyə çevrilməyinin səfabəxş səbəbkarı Arazgül xanımdır. Yəni əgər Arazgül xanım (diqqətinizə çatdırım ki, Süsən-Sünbüldə qadın adlarının əksəriyyətində bir “gül” hissəsi də olur: Yazgül, Xəzangül, Fatmagül, Güldərən və s.) adamları ABŞ prezidenti (ah, Amerika, Amerika) Avraam Linkolna yazılmış məktubla tanış eləməsəymiş, bu mafraq mərəkə də qopmazmış. Yəni əsas “günah keçisi”ni tapmaqdır. Bizə də nə var? Münaqişə üçün bəzən heç nifaq alması da lazım olmur. Dava kağızımız əlimizdə deyilmi?

 

Təsəvvür edirsinizmi? On bir yaşlı bir qız (Qreys Bedellu) Linkolna yazır ki, “...Siz saqqal saxlasanız, daha da təmkinli görünəcəksiniz. Sifətiniz çox arıq olduğuna görə, saqqal Sizi daha yaxşı göstərəcək. Üstəlik də, saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və istəklilərini məcbur edəcəklər ki, Sizə səs versinlər. Və beləliklə də Siz prezident seçiləcəksiniz”.

 

Linkoln məsləhəti dinləyir və saqqal saxlamağa başlayır.

 

...Orda ayla, illə, burada müxtəsər dillə...

 

O, prezident seçildikdən sonra görüşə gəlir və tədbirə toplaşanların yanında həmin qızın əllərini yuxarı qaldıraraq deyir: “Mən ABŞ prezidenti seçildiyimə görə bu kiçik qıza minnətdaram”.

Həmin məşhur məktubun tarixçəsi xeyli uzundur, tapıb müfəssəl oxuya bilərsiniz.

 

Amma Arazgül xanım heç də Qreysdən az məşhurlaşmadı; Linkoln sanki Qreysin deyil, Arazgül xanımın məsləhəti ilə saqqal saxlayıbmış. Yeri gəlmişkən, Arazgül xanımın ərinin saqqalı üçün sinov gedənlər də az deyildir.

 

Süsən-Sünbüldə “Saqqala salam vermirsən”, “Saqqal qoydum ki, sözüm ötə” misilli ifadələr baş alıb getdi. Hətta ölkə prezidentinə, baş nazirə saqqalla bağlı məsləhət məktubları yazanlar da tapıldı: bəs deməzsənmi, saqqalı elə dara, belə uzat... Hətta həmin ili kənddə “saqqal ili” elan etmək istəyənlər də tapılmışdı. Halbuki, istəyi qaynaşanların bəziləri vaxtilə “saqqal vergisi” tətbiqinə keçmək istəyənlərdi! Beləcə, saqqal darağına çevrilmək həvəsi dumduru Süsən-Sünbül havasını korlayıb gedirdi.

 

Amma cəmi-cümlətanı 10-15 il bundan əvvəl Süsən-Sünbüllülər Makedoniyalı İskəndərin öz döyüşçülərinə “Təcili saqqalınızı qırxın!” əmrindən danışırdılar. Çünki düşmən tərəfin əsgərləri onları saqqallarından tutub sürüyərək məğlub edirdilər.

 

Saqqal saxlayanlar üçün dərsə “Saqqal insanı filosof eləmir” aforizmi ilə başlayırdılar. Onları M.Ə.Sabirin “Ay nənə, bir qırmızı saqqal kişi”, “Xandostu, amandı, qoyma gəldi” satiraları ilə hədəf alırdılar.

 

Bu, əslində hər şeyin axıb-dəyişdiyi vahid Vəhdət dünyasında nələr olmur?

 

Qısası, Fridrix Engelsin, Fidel Kastronun, Lev Tolstoyun saqqalları yenidən kopyalanmağa başlandı.

 

Amma finala qədərki kulminasiya nöqtəsindən sonra bir razvyazka gəlmirmi?

 

...Tərəflər arasında, yəni saqqal tərəfdarları ilə əleyhdarları arasında az qala qan düşəcəkdi ki, uca Allah özü betərindən saxladı.

 

Əhvalat isə belə olmuşdu: elə ki, qadınlara qarşı zorakılıqdan danışılmağa başlandı, müvafiq olaraq da hüquq müdafiəçiləri peyda oldular, müdafiə konvensiyaları gah öz mülayim, gah da sərt üzünü göstərdi, elə ki, “ərimdir (saqqallı, ya saqqalsız, fərq eləməz), sevər də, döyər də” prizması tənəzzülə uğradı, bax, belə günlərin birində gözəllər gözəli Yaygülə eyni yerdən, özü də artıq beşinci dəfə ədəlli-bədəlli elçi gəldi. Hələ astanadaca namizədin saqqalını görən qız bir ayağını beş başmağa dirədi ki, getmirəm, vəssalam! Çox dil tökdülər, çox yola gətirməyə başladılar. Nə fayda?

 

Yer həmişə qulaqlıdır. Onda hüquq müdafiəçiləri işə düşdülər, konvensiyalar görkəmə çıxdı, Süsən-Sünbüldə qadın zorakılığından danışmağa başladılar; guya Yaygülü güclə ərə verirlərmiş. Guya zor tətbiqi var, sərtlik var, məcburiyyət var və sairə. Adı heç zaman mənfiliyə hallanmayan Süsən-Sünbül qırılma anında idi!

 

Amma finalda belə məlum oldu ki, qızın, sadəcə olaraq  poqonofobiyası var imiş; yəni saqqaldan qorxurmuş. Misilləmə misal üçün, hələ uşaq vaxtlarından hətta Şaxta babanın pambıq saqqalından-parikindən da çəkinirmiş!

 

Hüquq müdafiəçiləri çəkilib qonşu qəsəbəyə getdilər.

 

...Qocalmaq, uzun ömür sürmək diləkləri ilə dolu alxış-alqış mənasında, saqqalın ağarsın sənin, cənab Avraam Linkoln! Saqqalın Mirzə Virusun da, Mirzə Mikrobun da, elə mənim də  saqqalımızdan çox, həm də çox uzunömürlü çıxdı!

 

İBRAHİMXƏLİL