Neçə illər bundan əvvəl hər şey fərqli idi. Gündüzlər elektrik enerjisi verilməzdi, işıqlar axşam olduqda yanardı. 90-cı, 2000-ci illərin uşaqları olaraq işıqların yanmağını səbirsizliklə gözləyərdik, işıqlar yandıqda isə sevincimizin həddi-hüdudu olmazdı. O vaxtlar çoxlarının evində televizor yox idi. Yaxşı xatırlayıram, evimizdə televizor olmadığı üçün anam həmişə kitab oxuyardı. Dayımın o qədər də böyük olmayan kitabxanası var idi. Anam həmişə kitab oxuduğu üçün məndə də kitab oxumağa həvəs yaranmışdı (Kitabı həmişə dayımın kitabxanasından götürərdik). Bununla birlikdə, o vaxtlar indi istifadə etdiyimiz telefonlar da yox idi, kasetlə işləyən maqnitofonlar var idi. İndi olduğu kimi istədiyimiz musiqiyə istədiyimiz vaxt əlimiz çatmazdı, yəni o vaxt “Youtube” və bunun kimi internet saytlarından heç xəbərimiz yox idi. Amma bir şey var ki, o vaxtlar əlimizdə olan imkanlarla xoşbəxt idik.

 

İndi sizləri daha əvvəllərə, çox-çox əvvəllərə aparım. Vaxt var idi elektrik deyilən şey hələ kəşf olunmamışdı. İnsanlar şam işığında nahar edir, şam işığında yazır, şam işığında oxuyurdular. O vaxtlar bu gün biz istifadə etdiyimiz nəqliyyat vasitələrinin heç biri yox idi. İnsanlar nəqliyyat vasitəsi kimi at, dəvə və bu kimi minik heyvanlarından istifadə edirdilər. Bizim bir sutkada getdiyimiz yolu o vaxtın insanları bir aya gedirdilər. İndi bizim istifadə etdiyimiz təbii qazdan o vaxtın insanlarının xəbəri belə yox idi. O vaxtın insanları həm yemək bişirmək üçün, həm də isinmək üçün odun yandırmaq məcburiyyətində idi. Bizim təbii qazdan istifadə edərək yarım saatda bişirdiyimiz yeməklərə onlar saat yarıma qədər vaxt sərf edərdilər (Uşaqlıq dövrüm 90-cı illərə təsadüf etdiyi üçün, o vaxtlar isinmək və yemək bişirmək üçün bizim də odundan istifadə etdiyimizi xatırlayıram).

 

O vaxtlar bizim hazırda istifadə etdiyimiz sosial şəbəkələrdən heç kimin xəbəri belə yox idi. O vaxtlar insanlar məktublarını kağıza yazar, məktubun cavabını isə günlərlə, hətta yerinə görə aylarla belə gözləyərdilər. Baxmayaraq ki, biz indi sosial şəbəkələrdə məktub yazanda, yazdığımız məktubu saniyyələr içində göndəririk və məktubumuzun cavabını az bir vaxtda alırıq.

 

İndiki dövrdə biz paltar yuyanda müxtəlif yuyucu vasitələrdən istifadə edirik. Hətta paltarı əlimizlə belə yumağa ehtiyac yoxdur. Paltar yumaq üçün paltar yuyan maşından istifadə edirik. Keçmişin insanlarının isə texnologiyanın bu nemətlərinin heç birindən xəbərləri belə yox idi. Ancaq çətin də olsa paltar-palazlarını yuyub təmizləməyi bacarırdılar. Hətta deyərdim ki, buna məcbur idilər.

 

Bəs o vaxtın insanları əllərində olan imkanlarla xoşbəxt idimi? Böyük ehtimalla bəli, çünki hazırda bizim istifadə etdiyimiz texnologiya nemətlərindən xəbərsiz idilər. Bəs biz əlimizdə olan imkanlarla indi onlardan dahamı xoşbəxtik? Bu suala xeyir cavabı vermək olar. Elektrik enerjisinin kəşfindən sonra yaşayışımız asanlaşmağa başladı deyə bilərik. Soyuducu, paltaryuyan maşını kimi yaşayışımızı yüngülləşdirən vasitələr icad olundu. Ən sonunda isə telefonun, kompüterin və nəhayət internetin kəşfi ilə uzaq məsafələr bir addım qədər yaxınlaşdı. Buraya qədər hər şey çox gözəl idi.

 

Texnologiya inkişaf etdikcə insanlar texnologiyanın əsiri olmağa başladı. İnsanlar ehtiyac duyulmasa belə ən son çıxan texnologiya məhsullarına maraq duymağa başladı. İmkanı olan biri böyük ekranlı televizor alanda, imkanı olmayan biri də ondan geri qalmamaq üçün bu məhsulları kreditlə əldə etsin deyə cəht etməyə başladı. Əvvəllər yalnız, necə deyərlər, “zəng gəlib, zəng getsin” dedikləri telefonlar bizim üçün lüks olduğu halda (xatırlayanlar olar, bu telefonlara sahib olmaq necə sevindirərdi bizi) indi kiminsə bu telefonlardan işlətdiyini görsək onları zəmanə ilə ayaqlaşmayan insanlar olaraq tanıyarıq. Bir sözlə, artıq bizim üçün lüks olan şeylərin ünvanı dəyişdi, gələcəkdə daha da dəyişməyə davam edəcək. Böyük şirkətlər reklamlar vasitəsilə bizdə süni ehtiyaclar yaratdıqca və bizlər duyğularımızla hərəkət edib bu süni ehtiyacları qəbul etdikcə texnologiyanın əsiri olmağa davam edəcəyik.

 

Vüqar VƏKİLOĞLU