URBANİZASİYA

24. VELOSİPED – NİDERLANDIN MÜASİR SİMVOLLARINDAN BİRİ KİMİ

 

 

Niderland cəmiyyəti dinamik, hərəkətli cəmiyyətdir. Az qala bələkdən çıxandan məzara gedənədək bu cəmiyyətin üzvləri hərəkətdədir. Bunu piyada gəzən, səhər-axşam deməyib, yüyürən-qaçan, velosipedlərdə harasa gedib-gələn, şütüyən maşınları ilə işinə-gücünə tələsən insanların hər yerdə gözə dəyməsi də təsdiqləyir. Niderlandda velosipedlərin sayı insanların sayından xeyli çoxdur. Ölkədə əhalinin sayının 18 milyondan az, velosiped parkının isə 21-22 milyon işlək velosipeddən ibarət olduğunu, ölkə əhalisinin 90 faizindən çoxunun velosipeddən istifadə etdiyini bilsəniz, mənim heç bir mübaliğəyə, şişirtməyə varmadığımı özünüz də təsdiqləyərsiniz. İşlək velosiped sözlərini də bilərəkdən istifadə edirəm. Nədən ki, hər gün yüzlərlə velosiped istifadədən çıxır. Onların bəzisi istifadəyə yararlı olmadığından metal qırıntısı kimi təkrar emala göndərilir. Bir qismi oğurlanaraq ölkədən çıxarılır. Böyük bir qismi isə ikinci əl məhsulu kimi xarici ölkələrə daşınır. Bir hissəsi isə sürücülərinin səhlənkarlığı və ya əlverişsiz hava ucbatından kanallara düşür, bunu da kanallar təmizlənərkən, çıxarılan və artıq istifadəyə yararsız velosipedlərin çoxluğundan görmək olar.

 

İstifadədən çıxmış velosipedləri isə yeniləri, daha təkmil yeni modellər əvəz edir. Yeni model demiş, Niderlandda velosipedin onlarla modelinə rast gəlmək mümkündür. Bir təkərli, iki, üç, dörd təkərli velosipedlərlə hər yerdə rastlaşa bilərsən. Adi pedalla hərəkətə gətirilən klassik velosipedlərlə yanaşı, elektriklə çalışan və ya hibrid velosipedlər də çoxdur. Təyinatına görə də velosipedlər bir-birindən fərqlənir. Yükdaşıyan, sərnişin, əsasən də uşaq daşıyan, xəstələrə və əlillərə xidmət edən velosipedlər çoxluğu ilə diqqəti cəlb edir. Yetər ki, sən əlini cibinə salasan. Hər zövqə, hər büdcəyə uyğun məhsul var. Çox pul sayarsan, daha yaxşısını alarsan, az pula alınanın da öz dəyəri var. Keçəl halva yeyir, puluna minnət deyimimizi sanki atalarımız bunu nəzərə alaraq söyləyiblər. Əlillərə bələdiyyələrin xüsusi elektrovelomobillər verdiyi də faktdır. Bunun üçün bələdiyyəyə baş vurmaq, əlilliyini təsdiqləyən sənədlər təqdim etmək lazım gəlir. Belə minik vasitəsinə malik olan əlilin kimsəyə ehtiyacı olmur. O, dükan-bazara bu nəqliyyat vasitəsilə sərbəst gedib-gələ bilir.

 

Böyük şəhərlərin meydanlarında, küçə və səkilərin hərəkət az olan hissələrində, dəmiryolu vağzallarının, metro stansiyalarının, avtovağzalların, alış-veriş mərkəzlərinin qarşısında park edilmiş velosipedlərin çoxluğu, küçələrdə bir-birinə toxunmadan hərəkət edən yüzlərlə, minlərlə velosipedin qaynaşması adama yuvasına yem daşıyan qarışqaları xatırladır. Elə bu velosipedlər də nəsə daşımaqla məşğuldur. Sərnişinlərilə bərabər velosipedlər onların yüklərini də daşıyır. Velosipedlərin qabaq hissəsinə bənd edilmiş xüsusi taxta və plastik qutularda, qarğı səbətlərdə evinə və ya başqa bir yerə nələrsə aparıb-gətirən velosiped minlərlədir. Qadınların velosipedləri daha süslü, bərli-bəzəkli olur. Onlar velosipedlərini süni, bəzən də təbii güllərlə bəzəməyi daha çox sevirlər. Uşaqların velosipedləri də müxtəlif bayraqcıqlarla, rəngarəng işıqlarla bəzədilir. Həm də uşaq velosipedləri parlaq boyaları ilə diqqəti cəlb edir.

 

Niyə 18 milyondan az əhalisi olan ölkədə velosipedlərin sayı bu qədər çoxdur? Bu, ölkədə velosipedə sevginin aşırı dərəcədə olması iləmi bağlıdır, yoxsa bunun bilinməyən bir səbəbi var? Fikrimizi bu suallara cavab verməyə cəhd etməklə aydınlaşdıraq.

 

Hollandlar gözlərini açıb bu dünyaya gəldikləri andan velosipedin onların həyatının bir parçası olduğunu görürlər. Ailənin böyük üzvlərinin velosiped sevdasının kiçik yaşlarından uşaqlara keçdiyini də güman edə bilərik. Nədən ki, ayağı yenicə yer tutan uşağın pedalsız sadə velosipedə mindirilməsi, həmin uşağın heç kimin yardımına ehtiyac duymadan velosipedi idarə etməsi burada ənənə halını alıb. Üstəgəl, uşağın velosipeddən yıxılacağı qorxusu da yox. Çünki hollandlar uşağın yıxılmasına təbii bir hadisə kimi yanaşır, yerli-yersiz uşağa qayğı göstərməyin onun tərbiyəsinə mənfi təsir göstərəcəyini düşünürlər. Bir-iki yaşından velosiped sürməyi öyrənən uşaq sərbəstlik, özünə inam qazanır, ictimai yerlərdə necə hərəkət etməyi, ən başlıcası isə müstəqil idarə etməni, idarə edilən kiçik, pedalsız velik olsa belə öyrənir. Velosipedə ilk uşaqlığında minən Niderland insanı ondan hərəkət qabiliyyətini itirdikdə və ya bir az kobud səslənsə də, yalnız öləndə enir. Bir az da dərinə getsək, yalnız ölüm bu insanları velosipeddən düşürməyə müvəffəq olur. Bu, mübaliğəsiz belədir. 80-90 yaşlı qadın və ya kişinin heç kimin yardımı olmadan velosipedə minərək öz işlərinin ardınca getməsi burada kiminsə təəccübünə səbəb olmayacaq qədər adi hadisədir.

 

Niderland insanlarının velosiped sevdası mənə nədənsə əski atlı xalqların – türklərin, monqolların at belində doğulmalarını, yaşamalarını, elə at belində də ölmələrini xatırladır. Atın bu xalqların milli rəmzlərindən birinə çevrilməsi də gerçəklikdir. Ata süvar olmağın bu xalqların məişətindən mədəniyyətinə, siyasətindən dininə, iqtisadiyyatına qədər yansıdığını da söyləyə bilərik.

 

Tarixə baş vurmuşkən, velosipedin yaxın tarixin icadı olmasını da söyləyim. Bu minik vasitəsinin tarixini öyrənmək üçün dağa-daşa düşməyə, arxeoloq olub torpaq eşələməyə də gərək yoxdur. İnterneti bir az qurcalayıb, axtarışa verdinmi onun tarixinə dair çoxsaylı məlumatlar tapmağın suiçimi qədər asandır.

 

Velosiped də digər nəqliyyat vasitələri kimi insanın zamana qalib gəlmək, məsafənin hakimi olmaq istəyindən doğmuş, qısa müddətdə təkmilləşdirilərək, müxtəlif modelləri yaradılmış, şükürlər olsun ki, hələ də insana xidmət etməkdədir.

 

Əgər atla velosipedi müqayisə analogiyamızı uğurlu saysaq, onda velosipedin də hollandların həyatında belə bir rola malik olduğunu, onun milli nişana, müasir simvola çevrildiyini söyləyə bilərik. Niderland deyərkən, ağla ilk gələn lalələr, yel dəyirmanları, holland pendiri və sair olur. Bunların üzərinə holland velosipedini də əlavə etdikmi Niderlandın bütöv obrazını canlandırmış sayılarıq. Burada dolaşan bir deyimi də verim: “Velosipedin varsa, sən kralsan”. Sözarası qeyd edim ki, Niderland kralının, ölkənin baş nazirinin velosipedlə gəzintiyə çıxdıqlarını da söyləyirlər. Nə yalan söyləyim, mən bunu gözümlə görməmişəm. Eşitdiklərimə də ağız sözü, şaiyə kimi yox, gerçəyin özü kimi inanıram. O üzdən ki, burada insanların dəbdəbədən uzaq, həyatı mürəkkəbləşdirmədən adi yaşayışlarını dəfələrlə müşahidə etmək imkanım olub.

 

Velosiped sözün bütün mənalarında ucuz nəqliyyat vasitəsidir. Hərçənd ki, hazırda dəyəri 5-10 min avro olan velosipedlər də istehsal olunur. Onlar bahalığına görə sayca azlıq təşkil edir. Sən aşağı və ya orta təbəqədənsənsə, 100-200 avroluq velosipedlə də keçinə bilərsən. Lap ikinci əl – “sekond hand” velosipedlə də işini aşırmaq imkanın var. İşlənmiş velosipedləri 40-50 avroya, lap uzağı 70-80 avroya da əldə etmək mümkündür. Hətta soraqlaşıb, heç bir pul-para vermədən də velosiped sahibi ola bilərsən. Bu barədə elanlara dəfələrlə rast gəlmişəm. Belə ucuz velosiped oğurlananda adama bir o qədər də yer eləmir. Uzağı “aparıblar canım sağ olsun, birini də tapıb alaram”, - deyirsən.

 

Orasını da demədən keçməyim, bu velosiped oğurluğu burada at oğurluğu kimi bir şeydir. O üzdən də gərək velosipedini bərk saxlayasan, kilidini bağlayıb-bağlamadığına nəzarət edəsən. Demirlərmi, özünü möhkəm saxla, qonşunu oğru tutma. Bizim bu məsəlimiz Niderlandda da keçərlidir. Oğurlanmış velosipedə görə polisə müraciət etməyin də çox zaman doğru-dürüst bir nəticə vermir. Demişdik ha, ölkədə velosiped bolluğudur. Bu şoğəriblərin də hamısı bir-birinə bənzəyir. Polis nə etməlidir? Elə bir sənədi yox, dövlət qeydiyyat nişanı yox. Yalnız xüsusi çiplərlə təchiz edilmiş velosipedlərin axtarışı müsbət nəticə verə bilər. Bu model velosipedlər isə azdır, həmin o 5-10 min avroya satılanlardır. Çox zaman sahibləri maşın qiymətinə aldıqları bu velosipedləri mənzillərində və ya xüsusi qarajlarda saxlayırlar. Başqa cür necə ola bilər ki, bir ətək pul verib alıblar.

(davamı var)

Afiq MUXTAROĞLU

Niderland