Yaxşısı ilə, pisi ilə, sevinci ilə, kədəri ilə bir ili də geridə qoyub addımımızı atırıq yeni bir təqvim ilinə. Bəlkə yeni gələcək olan il də elə yola saldığımız il kimi olacaq, bəlkə daha yaxşı, bəlkə də daha pis. Onu gələcək göstərəcək. Görəsən bilmədiyimiz bir gələcək üçün niyə bu qədər sevinc içində oluruq. Bir il daha yaşlandığımız üçünmü, ölümə bir addım daha yaxın olduğumuz üçünmü, yoxsa daha yaxşı olacağına inandığımız üçünmü?
Keçən son bir neçə əziyyətli illəri qarşılayanda da, yaxşı yadımdadır ki, bugünkü kimi sevincli idik. Ancaq bu gün o cür illərin bir daha gəlməməsi diləyindəyik. Unutmayaq ki, biz bu dünyada imtahan olunmaq üçün var olmuşuq. İmtahanımızın əsas keçid balı isə Allaha olan qulluğumuz, ona qarşı səmimiyyətimiz və inancımızın dərəcəsinə bağlıdır. Ancaq bizlər bunun əksinə olaraq bu varolma məqsədimizi unudub əbədi yaşayacaqmış kimi ömürdən gedən illərə sevinirik. Bu illəri yola saldıqda atdığımız fişəngi atəşləyərkən yola verdiyimiz illə bağlı qısaca bir hesabat etdikmi? Nə qazanıb, nə itirdiyimizi xatırladıqmı, bunlardan bir dərs çıxardıqmı? Yoxsa dünyadakı zövq və əyləncəmizi əlimizdən alıb bizi karantin müddətində evə məhkum etdiyi üçün bir daha dönüşü olmaması üçünmü dua etdik. Bunun üçünmü əyləncə tərtib edib fit çaldıq? Unutmayaq ki, başımıza gələnlərin hamısı etdiklərimizin cəzası olaraq bizə vurulan bir sillə mahiyyətində ola bilər.
Deyəcəksiniz bu da köhnə bazara yeni adət gətirmək istəyir. Bu məni heç də narahat etmir, kim nə istəyir düşünə bilər. Ümidvaram ki, mən hərkəsin fikrinə hörmətlə yanaşdığım kimi mənim də düşüncələrimə hörmət göstərənlər tapılacaq. Ancaq bir şeyi nəzərdə saxlayaq ki, yaşadığımız toplum müsəlman toplumudur. Əgər bu günləri bayram hesab ediriksə, bəs öz dini bayramlarımızı niyə bayram əhval-ruhiyyəsində qeyd etmirik? Niyə quruca plov dəmləyib, ət bişirib ondan da bir dadımlıq yemədən işə tələsirik? Niyə yeni il şənliyi kimi süfrə bəzəyərək evimizdə bayram ab-havası yaratmırıq? Axı biz öz bayramımızı layiqincə qeyd etməsək kim gəlib bunu bizim gələcək nəsillərimizə təbliğ edəcək? Biz öz dinimizə sahib çıxmasaq kimsə bizə hörmətlə yanaşmaz. Çünki öz müqəddəsinə sahib çıxmayandan kimsəyə fayda olmaz. Bunu bizim qarşı tərəf yaxşı anlayır və bizim kimliyimizi, inancımızı, mədəniyyətimizi zədələyərək bizi özümüzdən uzaqlaşdırır. Biz də bunu mədəniyyət olaraq qəbul etməyə çalışırıq. Unutmuşuq ki, dünyaya mədəniyyəti İslam dini, türk milləti öyrədib. Unuduruq ki, fitr sədəqəsi kimi yardımlaşma ilə əsl sevinci bəxş edən mədəniyyət elə bizim Ramazan bayramıdır. Unuduruq ki, kəsilən qurban ətlərini paylaşaraq imkanı olmayanların da bayram etməsini ön görən Qurban bayramıyla əsl mədəniyyət elə bizim özümüzdədir. Unutmuşuq ki, təbəssümü belə sədəqə sayaraq insanların daim gülərüzlü olmasını təbliğ edən gözəllik bizim dinimizdir. Bu siyahını yüzlərlə sadalamaq olar. Əzizlərim, gəlin öncə özümüzə məxsus olan bayramlarımızı dərk edərək layiqincə qeyd edək, daha sonra özgə mədəniyyətlərini mənimsəyərik.
Yaxşı, təqvim ilini qarşılayırsınızsa qarşılayın. Ancaq bir daha deyirəm, papağınızı qoyun qabağınıza bir hesabat verin özünüzə, görün bu ili yola salarkən nəyi itirib, nəyi qazanmısınız. Xeyirdəsinizmi, yoxsa zərərdəmi.
Xoş gələcək arzusuyla...
Hacı BƏKİROĞLU