Saatları, günləri, ayları keçirərək nəhayət bu ilin də sonuna gəlib çıxdıq. Yola salmağa tələsdiyimiz kimi, qarşılamağa da tələsmişdik 2020-ci ili – atəşfəşanlıqla, çal-çağırla qarşılamışdıq. Ancaq gözlənilən kimi olmadı. Bunun üçün də indi tezbazar yola salmağa tələsirik.

 

Koronavirus pandemiyası səbəbi ilə insanlıq tarixinin bəlkə də ən böyük böhranlarından biri kimi də xatırlanacaq olan bu il bütün dünya üçün çətinliklərlə dolu bir il oldu. Çünki pandemiya səbəbi ilə mağazalar, restoranlar, ticarət mərkəzləri və bir çox iş yerləri fəaliyyətini dayandırmalı oldu. Bu isə xalqın iqtisadi vəziyyətini çətinləşdirdi. Bəli, anlayırıq ki, qoyulan qaydalar virusun yayılmasının qarşısının alınması üçündür. Ancaq bu vəziyyət hər yerə və hər kəsə şamil olunmalıdır.

 

Bu il həm də ölkəmizdə parlament seçkiləri ilə yadda qaldı – qalmaqallı seçkilərlə. Yuxarıda da qeyd etdiyimiz qadağalar məhz seçki kampaniyalarına aid edilmədi. Heç kim də anlaya bilmədi ki, bu virus seçənləri və seçilənləri tanıyırmı ki, orada onlara bulaşmadı? Hələ də sirr olaraq qalmaqdadır.


Bu ildə təhsilin səviyyəsi də sıfıra endi desək bəlkə də yanılmarıq. Onsuz da çox səviyyəli olmayan təhsil sistemimiz onlayn üsulla daha da aşağı və acınacaqlı vəziyyətə düşdü. Əhali iqtisadi cəhətdən çox çətinliklərlə üzləşdi. Düzdür, dövlət bəzi yardımlar etdi, ancaq bu yardımlar gah lazımlı ünvalara yönləndirilmədi, gah da heç verilmədi. Edilən bəzi yardımlara da elə şərtlər irəli sürüldü ki, verilməsə daha yaxşıdır dedirdəcək hal aldı.

 

Bəli, ilin yarısını evdə oturaraq, digər yarısını da artıq bir parçamıza çevrilən maskamızı da yanımızda daşıyaraq ili başa vurduq. Gələn ilimizin necə olacağını bilməsək də bu ili yola verdiyimizə sevindiyimiz üçün atəşfəşanlıqla ili uğurlayırıq. Bəlkə də gələn il uğurlu gələcək və virusa qarşı vaksin tapılacaq. Bəlkə də heç tapılmayacaq və ömrümüzü evdə oturaraq və ya bir parçamız olan maskamızla sona yetirəcəyik.

 

Yuxarıda da qeyd etdiyim kimi, əhali iqtisadi yöndən çətinliklər çəkdi. Ancaq yenə də bəzi vətəndaşlarımız koronavirusa inanmadıqları kimi gələcək günlərin hansı çətinlikləri gətirəcəyini düşünmədən son qəpiklərini fişəngə, qoz-fındığa verərək bayram qeyd etməyə hazırlaşırlar. Bunlara bir deyən yoxdur ki, ay rəhmətliyin nəvəsi, beş qəpik saxla, bəlkə aclıq olur. Vallah, hər mağazaya girdiyimdə mat-məəttəl qalıram. Dini bayramlarını qeyd edən xristianlar qalıblar bir tərəfdə, bizim müsəlmanlar az qalırlar bayram keçirtmək üçün mağazalardakı, bazarlardakı məhsulları son dənəsinə qədər daşıyıb evlərinə doldursunlar. Deyə də bilmirsən ki, ay anam, ay bacım, onlar dini bayramını qeyd edir, bəs sən? Deyəndə də, deyirlər Yeni ili qeyd edirik. Bəs köhnə ili niyə düşünmürsən? Ömründən bir il də ötdü. Nə yaşadın, bu yola saldığın ildə nə əkdin ki, yeni ildə nə biçəcəksən? Bunu heç düşündünmü bu bayramı düşündüyün qədər?

 

Hacı BƏKİROĞLU