Yaşadığımız müasir dünyada texnologiya, elm, tibb, bir sözlə, həyatın bütün sahələri sürətlə inkişaf edir. Alimlər durmadan kainatı araşdırır, xəstəliklərə çarə tapır, həyatı asanlaşdıran saysız-hesabsız yeniliklər ixtira edir. İnsan ağlının yaratdıqları, bəzən insanın özünü belə heyrətləndirir. Lakin bütün bu inkişafa baxmayaraq dəyişməyən bir həqiqət var. O da insanın bitib-tükənmək bilməyən acgözlüyüdür.

 

Məhz bu acgözlük müharibələrin əsas səbəblərindən birinə çevrilir. Sanki bəşəriyyətin tək bir dərdi var, hər şey mənim olsun, ən güclü və ən varlı mən olum, dünyada nə varsa hamısı mənə məxsus olsun. Halbuki bu istək güc arzusu deyil, insanlığın özünü məhvə aparan böyük bir təhlükədir.

 

Hazırda bir çox ölkələrdə üstünlük qazanmaq üçün baş verən silahlı qarşıdurmalar minlərlə insanın həyatına son qoyur, milyonlarla insanı doğma yurdunu tərk etməyə məcbur edir. Səbəb isə ölkəni idarə edənlərin acgözlüyüdür. Müharibə yalnız torpaq uğrunda mübarizə deyil, həm də insanlığın vicdanına, dəyərlərinə və gələcəyinə vurulan ağır zərbədir.

 

Baş verən münaqişələr açıq şəkildə göstərir ki, siyasi maraqlar, güc uğrunda rəqabət və iqtisadi üstünlük arzusu çox zaman insan həyatından daha üstün tutulur. Dövlətlərin və hakimiyyətlərin qurduğu bu sərt oyunlarda ən böyük zərbə silah tutmayan, müharibəni istəməyən sadə insanlara dəyir. Müharibənin alovu ilk növbədə onların evlərinə düşür, onların həyatını alt-üst edir.

 

Müharibələrin ən ağır yükünü həmişə sadə insanlar daşıyır. Çünki səngərlərdə can verənlər də, bombaların altında qalan şəhərlərdə yaşamağa çalışanlar da elə onlardır. Siyasi qərarları verənlər təhlükəsiz otaqlarda xəritələr üzərində sərhədlər çəkərkən həmin qərarların nəticəsini insanlar öz həyatı ilə ödəyir. Bir gecənin içində evlər xarabalığa çevrilir, illərlə qurulan həyat bir anda dağılıb külə dönür.

 

Dağıdılmış şəhərlər, yetim qalan uşaqlar, evsiz qalan ailələr və sarsılmış talelər müharibənin görünən tərəfidir. Amma görünməyən tərəfi daha ağırdır. Ömrü boyu unudulmayan qorxu, insanın içində açılan sağalmaz yaralar, itirilmiş uşaqlıq, yarımçıq qalan arzular. Müharibə təkcə binaları yox, insanların ruhunu da dağıdır. Bir uşaq atasını itirəndə, bir ana övladını torpağa verəndə, bir insan doğma yurdunu tərk etmək məcburiyyətində qalanda müharibə amansız üzünü göstərir.

 

Ən acısı isə budur ki, bəşəriyyət bütün bu faciələri dəfələrlə yaşasa da, tarixdən dərs çıxarmaqda hələ də çətinlik çəkir. Texnologiya inkişaf edir, elm irəliləyir, dünya daha da müasir görünür, amma insanın içindəki acgözlük və hakimiyyət ehtirası dəyişmir. Halbuki müharibə heç vaxt qalib yaratmır, heç bir müharibədə qazanan tərəf olmur. Müharibə yalnız dağıdılmış şəhərlər, parçalanmış ailələr və yaddaşlarda qalan dərin yaralar qoyur.

 

Bəlkə də insanlığın qarşısında duran ən böyük sual elə budur. Bu qədər acıdan, bu qədər göz yaşından sonra nə vaxt başa düşəcəyik ki, heç bir torpaq, heç bir sərvət, heç bir siyasi maraq insan həyatından daha qiymətli deyil? Sülh yalnız bir seçim deyil, bəşəriyyətin yaşaması üçün yeganə yoldur.

 

Bununla yanaşı, müharibələr yalnız cəbhə xəttində deyil, insanların psixologiyasında da dərin yaralar açır. Qorxu, travma, itki hissi və gələcəyə inamsızlıq bütöv bir nəslin taleyinə təsir edir. Dünyanın müxtəlif ölkələrində insanlar sülh və təhlükəsizlik içində yaşamaq istəsələr də, siyasi qərarlar bəzən onların bu arzusunu kölgədə qoyur.

 

Bu yaxınlarda müharibə davam edən ölkələrin birində yaşayan rəfiqəmlə əlaqə yaratmışdım. Onun danışdıqları məni dəhşətə salırdı. Yaşadıqları şəhər müharibə zonası olmasa da ölkədə davam edən münaqişələrin, atışmaların onlara necə təsir etdiyindən danışırdı. Bu vəziyyətdə ən çox yara alan, təəssüf ki, uşaqlar olur. Hər an hücuma məruz qala bilərlər deyə təhsildən yayınırlar. Həyəcan siqnalı çalıb sığınacaqlara qaçacaqlar deyə hər dəqiqə tikan üstündə dururlar. Qısası uşaqlıqlarını, ən gözəl yaşlarını yaşaya bilmirlər. Qorxu, təşviş, həyəcan içində, travma alaraq böyüyürlər.

 

Tarix göstərir ki, müharibələr heç vaxt həqiqi qalib yaratmır. Bu qarşıdurmaların sonunda həm qalib, həm də məğlub tərəf böyük itkilərlə üzləşir. Bəşəriyyət üçün ən böyük qələbə isə silahların susduğu, insanların sülh və qarşılıqlı anlayış içində yaşadığı bir dünyanın qurulmasıdır. Çünki sülh yalnız müharibənin olmaması deyil, həm də insan həyatının ən ali dəyərlərindən biridir.

 

Afaq Azər