Günü-gündən qəddarlaşan dünyamızda uzun ömür yaşamağa dəyərmi? Burasına doğru-dürüst cavab verə bilməyəcəyimi bəri başdan söyləyim ki, sonra məni suçlu tutmayasınız.

 

Oradan başlayım ki, dünyada uzunömürlülüyün bir Yaponiya istisnası, bir yapon sirri var. Bunun nədən qaynaqlandığına dair bir-iki qənaətimi bir az sonra verməyi düşünürəm. Ona qədərsə, bu il Yaponiya tarixində bir ilk yaşandığını qulluğunuza yetirim. Belə ki, ölkədə yaşı 100-dən yuxarı insanların sayı 95 min nəfəri keçib. Yaşı 100-dən yuxarı əhalinin sayı ardıcıl 54 ildir ki, artır.

 

Keçən ilki məlumatlarla müqayisədə yaşı 100-ü keçənlərin sayında 2 min 980 artım qeydə alınıb. Orasını deyim ki, yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin kişi olduğu müəyyən edilib. Bu statistika uzunömürlü qadınların sayının kişilərə nisbətən yeddi dəfədən çox olduğunu təsdiqləyir. Yəni hesab qadınların xeyrinə 7:1-dir.

 

Yaponiya hökuməti yaşlı vətəndaşlarının rahat yaşamağa davam etmələri üçün tibbi xidmət, tibb bacısı xidməti və sosial rifah xidmətlərini artırmağa çalışacağını da bəyan edib. Al, bu da sənə yapon möcüzəsindən bir örnək.

 

Yaponiyada bir əsrdən çox ömür sürənlərlə bağlı əhali məlumatları ilk dəfə 1963-cü ildə qeydə alınmağa başlayıb.

 

Təxminən 125 milyon əhalisi olan Yaponiya uzunömürlülərinin çoxluğu ilə dünyaya meydan oxuyur. Dünyanın ən yaşlı insanı 116 yaşlı İtooka Tomiko da yapondur.

 

Yaponların bu göstəriciyə nail olmalarının xüsusi bir düsturunun, xüsusi bir reseptinin olmadığı düşüncəsindəyəm. Güman edirəm ki, bu uğura imza atan yaponlar öz yaşayışlarını düzgün təşkil etməyi bacarıblar. Düzgün iş şəraiti, düzgün qidalanma, steril həyat tərzi onları bu məqama gətirib.

 

60 yaşdan yuxarı yaşlı, qoca, uzunömürlü adamların həyat və fəaliyyətini öyrənən gerantologiya adlı bir elm sahəsi də var. Gerantologiya qocalmanın psixoloji və fiziki aspektlərini öyrənən elmdir və istənilən yaşda insan həyatının sağlam, fəal və pozitiv olmasına yardım edir. İndi bizim hər yarağımız bitib, bircə saqqal darağımız qalıb. Hər işimiz düzəlib, bir qalıb gerantoloqa müraciət etməmiz. Bizim insanımız yaşlanana qədər özünə həm mənəvi, həm fiziki cəhətdən elə zülm edir ki, yaşlandıqdan sonra yüz gerantoloq da yığılsa onun sıradan çıxmış orqanlarını yenidən həyata qaytarmaqda aciz qalır.

 

Yaponlarla bəhsə girə biləcək hollandlar arasında da uzun ömür sürənlərin sayı yetərincədir. 80-90 yaşlı holland qadın və ya kişinin heç kimin köməyi olmadan velosipedə minib-düşməsi, sərbəst şəkildə velosipedi, elə özünü də idarə etməsi yalnız qibtə doğurur. Bizim həmin yaşda olanlarımız velosipedə minib-düşmək bir yana, heç özlərini idarə edə bilmirlər. Düşünürəm ki, hollandların uzunömürlülüyə, fəal həyata nail olmaları da yaponlar kimi, sağlam həyat tərzindən, düzgün qidalanmadan qaynaqlanır.

 

Gerantoloji xidmətdən istifadə edənlərimizin sayı barmaqla göstəriləcək qədər olsa da, gerantologiyanın qocalmanın müxtəlif yönlərini öyrənən bir neçə sahəsi barədə qısa məlumat verim ki, bəlkə kiməsə gərək oldu.

 

Geriatriya yaşlı və qocalara xas olan xəstəlikləri öyrənməklə məşğuldur. Gerogigiyena qocalara qayğı və xidmət sahəsinə baxır. Yaşlılarda maddələr mübadiləsi zəifləyir, hüceyrələr yenilənmir, regenerasiya da yavaşlayır. Bütün bunlar isə xüsusi, diqqətli qulluq və gigiyenik prosedur tələb edir. Qocalma insanda spesifik psixoloji əlamətlər yaradır, xarakterdə dəyişiklik və yeni xüsusiyyətlər yaranır. Bunlarla gerentopsixologiya məşğul olur.

 

Qocalma prosesində insanda yeni xəstəliklər yaranır və bu xəstəliklər yaşlılar arasında geniş yayılır. Bu xəstəliklərə alsqaymer, parkinson, demensiya, hemorragik insult, dağınıq skleroz, qocalıq aqressiyası və yaşla bağlı digər psixi pozuntular daxildir.

 

Yaşlı pasiyentlərin normal reabilitasiyası özünəxidmət vərdişlərinə qayıtmağa imkan verir, nitqi, yaddaşı bərpa edir, müstəqil hərəkət etməyi, gigiyenik prosedurları həyata keçirməyi, qida qəbulunu və təmiz havada gəzməyi təmin edir.

 

Əgər ömür yolunu qəfil, ekstremal bir hadisə – qəza, təbii fəlakət, qətl, müharibə, yolxucu və ölümcül xəstəlik kəsməsə, hər bir insanın qocalma şansı mütləq var. Məhz qocaldıqda, ömrün qürub çağında insan keçib gəldiyi həyat yoluna bu və ya digər şəkildə nəzər salmaq imkanı qazanır. Nəyi yaxşı, nəyi pis etdiyini, hansı məqamda savab qazandığını, hansı nöqtədə günaha batdığını sərf-nəzər eməyə gen-bol vaxt tapa bilir.

 

Bütün bunlara nail olmaq üçünsə insanın sağlam həyat tərzi keçirməsi mütləqdir. İnsanın sağlam həyat tərzi keçirməsi üçünsə sosial-iqtisadi şərtlərin olması vacibdir.

 

Bu barədə sizin nə düşündüyünüzü də bilsəydim heç dərdim olmazdı.

 

Afiq MUXTAROĞLU