Modern cəmiyyətin həyatında medianın rolu həmişə böyükdür. Belə ki, sosial şəbəkələrin sayı artdıqca mediaya maraq da gündən-günə artır. Sosial şəbəkələr vasitəsilə bəzilərimiz informasiya toplayır, bəzilərimiz isə məhz işlərimizin çoxunu bu şəbəkələrdən istifadə edərək həl edirik.
Artıq media həyatımızın bir hissəsinə çevrilib. Necə ki, insan susuz yaşaya bilməz, media da artıq bizim üçün bu qədər dəyərli hala gəlib. Böyüklərdən uşaqlara kimi hər kəs sosial şəbəkələrdən istifadə edir. Məsələn, qadınların əksəriyyəti üçün yemək proqramları, kişilər və gənclər üçün futbol, uşaqlar üçün xüsusi oyun proqramları, informasiya əldə etmək istəyənlər üçün isə xəbərlərin dərc olunduğu saytlar, gənc qızların marağını çəkən gözəllik yarışmaları və sair maraqlı gəlir. Eyni zamanda media vasitəsilə biz həm maddi, həm də mənəvi problemlərimizi həll edirik. Kimisi özünə şəxsi sayt açaraq məşhurlaşır və bununla gəlir mənbəyi əldə edir. Kimisi isə öz problemlərinin həllini məhz medianın köməyi ilə edir. Necə? Demək olar ki, çoxlarının eyni olan problemlərindən biri gəlir yerinin olmamasıdır. Məhz sosial şəbəkələr vasitəsilə çoxları onlayn rejimdə işləyirlər və qazanc əldə edirlər.
Bununla belə, sosial medianın gündən-günə istifadəçiləri artmağa davam edir. Dünyada, demək olar ki, insanların əksəriyyəti sosial medialarda gündə ən azı iki, üç saatdan çox vaxt sərf edirlər. Nənə və babalarımızın fikrinə görə, bu, qəribədir. Çünki illər əvvəl medianın nə olduğunu belə bilmirdilər. İnsanlar işlərini texnologiyasız həll edə bilirdilər. Amma indi hər kəsin əlində bir (və artıq) telefon var. Heç texnologiyanın bu qədər inkişaf etməsi ağla belə gəlməzdi. Ancaq indi bəzi insanlar sosial şəbəkələrsiz işlərini həl edə bilmirlər. Bu şəbəkələr vasitəsilə bir çox uğurlar əldə edənlər belə var. Medianın olması ən çox ərincək (heç bir fiziki iş görmək istəməyən) insanlar üçün yaxşı vasitədir. Belə ki, onların işlərini asanlaşdırır. Məsələn, əvvəllər toy mərasimlərinə dəvət etmək üçün evlərə gedərdilər, amma indi sosial şəbəkələrdən istifadə edərək xəbər verirlər. Belə getsə çölə çıxmağa ehtiyac olmayacaq. Hər şey evdən idarə olunmağa başlayacaq.
Hər şeyin yaxşı və pis tərəfi olduğu kimi medianın da həyatımızda pis təsiri də vardır. Pis təsiri odur ki, insanlar arasında rəqabət və qısqanclıq artır. Əlbəttə ki, rəqabət pis deyil. Ancaq insanlar bəzən çox boş şeylər uğrunda rəqabət aparırlar. Məsələn, onun yeni telefonu var, gözəl paylaşımlar edir, mən də son model telefon almalıyam; onun sosial şəbəkəsində izləyici sayı çoxdur, mən necə etməliyəm ki, izləyicilərimin sayı artsın və sair. Çölə çıxdıqda telefondan başını qaldırmayan, az qala başını telefonun içinə salan insanlara da rast gəlirik. Hətta, telefonuyla yatıb-qalxan insanlar da var. Xəbərlərdə oxumuşdum: Bir gənc qız ailəsi ona yeni telefon almadığı üçün evi tərk edib. Gör günümüz necə xəbərlərlə keçir.
Əlbəttə ki, sosial medialar olmasaydı biz harada nə baş verdiyini, dünyagörüşümüzü bu qədər çox inkişaf etdirə bilməzdik. Çünki illər keçdikcə texnologiyanın inkişafı bizi elə bir vəziyyətə gətirib ki, biz artıq istədiyimiz hər şeyi mediada axtarıb tapırıq. Xarici dili öyrənmək istəyiriksə xüsusi pul xərcləmirik, mediadan öyrəndiyimiz kursların və proqramların köməyi ilə pulsuz öyrənə bilirik. Beləliklə, sosial şəbəkələrdən aldığımız məlumatlar sayəsində həyatımız daha da asanlaşır. Əlbəttə, hər kəsin həyatı deyil, düzgün istifadə edənlərin.
Müəllif: Validə Fətullayeva