İnsan doğulduğu andan etibarən nəyisə axtarmağa başlayır. Bəzən bu, sevgi olur, bəzən güvən, bəzən isə uğur... Amma bütün bu axtarışların ortaq adı xoşbəxtlikdir. Bəs xoşbəxtlik haradadır? Niyə bəziləri onu asanlıqla tapır, bəziləri isə ömür boyu axtarır, amma yenə də tapa bilmir? Bəlkə də məsələ axtardığımız yerdədir. Çünki biz çox zaman xoşbəxtliyi xaricdə, uzaqda, başqa insanlarda və ya daha yaxşı imkanlarda görürük. Halbuki xoşbəxtlik çox vaxt öz içimizdə səssiz gizlənir – bizi doğru yerə yönləndirən daxili bir səsin içində.

 

Bu səssiz, ancaq bir o qədər güclü səs insanın daxili səsidir. O, ürəkdən gələn, səmimi və dürüst bir hissdir. Bəzən nəyisə edərkən içimizdə yaranan “bu mənə görə deyil” və ya “bunu istəmirəm” duyğusu məhz həmin səsin özüdür. O bizə nə əmr verir, nə də hökm edir. Sadəcə yol göstərir. Və bu yol çox zaman bizi əsl xoşbəxtliyə aparır. Xoşbəxtliyin təbiəti insanın yaş dövrlərinə görə dəyişsə də, ancaq onun əsas mənbəyi dəyişmir. Çünki xoşbəxtlik həmişə daxildən gəlir.

 

Uşaqlar üçün xoşbəxtlik sadə və təmiz duyğulardan ibarətdir – yeni bir oyuncağın sevinci, göyqurşağı, yağışda qaçmaq, bir dostla oynamaq... Onların daxili səsi həmişə güclüdür. Çünki cəmiyyətin “olmalıları”, “qanunları” hələ onların ruhuna toxunmayıb. Uşaq istədiyini açıq deyə bilir. Bəzən ağlayaraq, bəzən gülərək, bəzən isə sevinərək. Amma böyüdükcə bu daxili səs kənar səslərin altında çox vaxt itib-batır.

 

Gənclik dövrü axtarışlarla doludur. Gənc insan bir tərəfdən özünü tapmağa, arzularının arxasınca getməyə çalışır. Digər tərəfdən isə “başqaları nə düşünər” sualının yaratdığı qorxu ilə üzləşir. Bu dövrdə xoşbəxtlik qəbul olunmaq, sevilmək, azad olmaq kimi duyğularda özünü göstərir. Amma çox vaxt onu harada axtarmaq lazım olduğunu bilmək çətin olur. Çünki iç səs artıq boğulub, onun yerini cəmiyyətin səsləri alıb. Sanki cəmiyyətin düşüncəsi hər şeydən daha vacibdir.

 

Yetkin yaşlarda isə insanın xoşbəxtlik anlayışı dəyişir. Artıq insan yalnız özünü yox, ailəsini, övladlarını və yaxınlarını da düşünür. Bu yaşda xoşbəxtlik bəzən sadəcə sakit bir axşamda, bir stəkan çayda, övladının təbəssümündə, yaxınların birliyində gizlənir. Bu dövr bəlkə də daxili səsə ən çox ehtiyac duyduğumuz vaxtdır, çünki artıq anlayırıq ki, xoşbəxtlik sadəlikdə və iç rahatlığındadır.

 

Nənə-babalarımız isə bu həqiqəti çoxdan anlayıblar. Onlar üçün xoşbəxtlik artıq böyük arzulardan ibarət deyil. Onları yaxşı hiss etdirəcək bir neçə söz, ailə birliyi, nəvələrin gülüşü yetərli olur. Bu yaşda insanın daxili səsi daha aydın danışır. Çünki həyat özü artıq bir müəllimə çevrilib və ona dinləməyi öyrədib.

 

Çoxları xoşbəxtliyini bilet alaraq xaricdə tapmağa qaçır. Ancaq xoşbəxtliyin onun daxilində olduğundan xəbərsizdir...

 

Sosial şəbəkədə bir video diqqətimi çəkmişdi. Bəlkə də bu yazını yazmaqda səbəb elə bu video olub... Qadın belə deyirdi: “Xoşbəxtliyin arxasınca başqa ölkəyə getdim”. Paylaşımında iki bitkini nümunə göstərirdi. Biri torpağa uyğunlaşa bilmədiyi üçün qurumuşdu, digəri isə suya çatmaq üçün gölməçəyə doğru uzanmış və yaşamağa davam etmişdi. Və qadın belə deyirdi: “Mən də o quruyan bitki kimiyəm. Yerimi dəyişsəm də daxilimdəki səssizliyi dəyişə bilmədim”.

 

Əslində isə həqiqət çox sadədir. Xoşbəxtlik harada olduğumuzda deyil, necə hiss etdiyimizdədir. O, başqasının əlində, yeni bir şəhərdə və ya imkanlarda deyil. Öz içimizdə, bizimlə birlikdədir. Biz sadəcə onu eşitməyi öyrənməliyik.

 

 

Validə FƏTULLAYEVA