“Biz ona iki yolu (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!” (Bələd surəsi, 10-cu ayə)
Hər insan yaxın dost axtarır. Xoşbəxt günlərini paylaşan, çətin anlarında özünə dəstək olan, çarəsiz qaldığı mövzuların həlli yollarını göstərən, özünü qeydsiz-şərtsiz sevən, sədaqət göstərən, qoruyub saxlayan, səhvlərinə şəfqətlə yanaşan, sağlığında olduğu qədər xəstə olanda da yanında olan insan axtarır. Ancaq insanın belə bir dost tapa bilməsi üçün qarşısında iki fərqli yol vardır. Bunların biri Allah rizasını güdən möminlərin seçdiyi Quran əxlaqının tələb etdiyi yoldur, digəri isə dünya mənfəətini qаrşısınа məqsəd qoyan və maddiyata söykənən dostluqların yoludur.
Əsl dost ola bilmək üçün bir insanı “yalnız gözəl əxlaqı üçün sevmək” lazımdır. Bunlar bir adamın “Allah qorxusu və sevgisi, imanı, səmimiyyəti və təqvası”dır. Qurаni-Kərimdə Allah (c.c.) buyurur ki, “Allah sizin düşmənlərinizi çox yaxşı bilir. Gerçək bir dost olaraq Allah yetər. Və köməkçi olaraq da Allah yetər”. Ancaq bu dəyərlər üzərində qurulan dostluqlar əbədidir. Belə yüksək bir əxlaqa sahib olan kəslərin dostluğu sarsılmaz bir xüsusiyyət qazanar.
Şübhəsiz, hər insanın ehtiyacını hiss edib axtardığı əsl dostluq çox böyük bir nemətdir. Əsl dost insanın yaxşı günündə də, pis günündə də yanında olan, özü üçün nə istəyirsə dostları üçün də tərəddüdsüz eynisini istəyən, onun xoşbəxt olmasını ən azı özü qədər arzu edən insandır; qısqanclıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və onun hər vaxt yaxşılığını istəyən insandır. Quran əxlaqından qaynaqlanan belə möhkəm dostluğu başqa heç bir şəkildə əldə etmək mümkün deyildir.
Əsl dost olmağın şərti o adamın dünyada və axirətdə xoşbəxt olmasını hədəfləməkdir. Lazım olduğunda dürüst və açıq danışıb, lazım gəldikdə ona imanı istiqamətdən əskik olan istiqamətlərini izah etmək, şəfqətlə bunları düzəltməsinin yollarını göstərmək də əhəmiyyətli bir dostluq xüsusiyyətidir. Bu cür bir davranışı ancaq həqiqətən sevən və həqiqətən dost olan bir insan edər. Quran əxlaqının yaşandığı bir mühitdə Allah qorxusu və iman, insanların bir-birlərinə əsl mənada sevgi və hörmət etmələrini təmin edəcək dəyərlərdir. İman edənlərin bir-birlərinə qarşı hiss etdiyi sevgi, güvən və sədaqət tamamilə onların Allah yolunda göstərdikləri səyə görə əsaslanmaqdadır. Allahın razılığını qazana bilmək üçün sahib olduğu hər şeyini xeyiri üçün istifadə edən, bu yolda düzgün bir istiqamət tutan bir mömin digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara ən gözəl şəkildə nümunə olacaq. Aralarındakı güclü sədaqətləri, bir-birlərinə qarşı olan sevgi, bağlılıq və inamlarının da artmasına səbəb olacaqdır. Bu səbəbdən dostluq və yaxınlıq insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərində qurulmuşsa, xəstəlik, ya da yaşlılıq səbəbi ilə yaranan fiziki dəyişikliklər bu dostluğa qəti şəkildə təsir edə bilməz. Əksinə, bu vəziyyətdəki bir möminə daha çox şəfqət və mərhəmət duyular. “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər” (Maidə surəsi, 55-ci ayə).
Quran əxlaqını özlərinə rəhbər etməyən insanlar, bütün istəklərinə baxmayaraq, əsl bir dostu əsla tapa bilməzlər. Bu səbəblə bir çox insanın bu mövzuda “çox təkəm”, “heç bir dostum yoxdur”, “hamısı çətin günümdə məni tək buraxdılar, hamısı da yaxşı gün dostuymuş” kimi sözlərə tez-tez rast gəlinir...
Bəzi insanların zənginlik, gözəllik, etibar, mövqe, ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç bir zaman davamlı olmaz. Çünki dostluğun söykəndiyi bu dəyərlərdə bir dəyişiklik olduğu anda, dostluq da bitər. Məsələn, bu əxlaqa sahib bir insan, çox gözəl və dəbdəbəli olduğu üçün, dost olduğu bir adamın, bir anda bir qəza nəticəsində tanınmayacaq qədər qüsurlu və eyni zamanda da baxıma möhtac, aciz bir vəziyyətə gəlməsiylə birlikdə bu adamla olan bütün əlaqəsini, yaxınlığını itirə bilər.
Rəqabət gözü ilə baxan, həsəd edən insanlar çox vaxt yalnız məcbur qaldıqlarında başqalarına səhvlərini söyləyərlər. Çünki, ümumiyyətlə, başqalarının özlərindən yaxşı olmasını istəməz və ya dostluqlarının pozulacağını düşünərək səhv istiqamətlərini görsələr belə “çox yaxşısan”, “biz səni belə, olduğun kimi sevirik” kimi sözlər söyləyərək çox vaxt qeyri-səmimi davranarlar. Mənfəətlərinə görə yaşayan insanlar özləri də həyatları müddətində bəzi maddi, mənəvi eniş və çıxışlar yaşayarlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirə bilərlər. Əvvəlində əsl dost zənn etdikləri insanların yaşlaşdığı, əldən düşmüş halda olduqlarında onlara dəyər vermədiklərini görərlər. Yaxşı günlərində canla-başla, çox yaxın davranan, bir-birlərinə ölənə kimi sədaqət sözü verən bu insanlar bir-birləriylə danışmayacaq və hətta bir-birlərini tanımazlıqdan gələcək qədər uzaq bir rəftara yol verərlər. Bir problemləri olduğunda bunu paylaşacaqları, məsləhətləşəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görərlər. “Ən yaxınım” dedikləri insanların belə mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayarlar.
Quran əxlaqına görə yaşamayan insanların bir-birlərinin pis, əxlaqsız xüsusiyyətlərini bilərək əsl mənada sevgi, hörmət edə bilmələri, güvənə bilmələri qeyri-mümkündür. Bir adamın yalan danışdığını, ikiüzlü və süni bir rəftar etdiyini bilib, mənfəətləri üçün başqalarını istifadə etdiyini görüb ona içdən bir sevgi və hörmət etmək mümkün deyil. İnsan hər nə qədər dostum, yaxınım desə də bu adamın başqalarına olduğu kimi, özünə qarşı da eyni yanaşacağını bilər.
“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır” (Furqan surəsi, 27-29-cu ayələr).
Müəllif: Hacı BƏKİROĞLU