Kim deyir ki, indi nail olmaq, uğur qazanmaq çətindir, mümkün deyil, heç bir şərait yoxdur – yanılır. Burada vəzifədə və ya müxtəlif fəaliyyət sahələrində irəliləmək, uğur qazanmaq, nail olmaq üçün münbit şərait, hətta şəraitlər var.

 

Kim deyir ki, işsizlik baş alıb gedir, ölkə boşalıb gedir – dübarə yanılır. Burada iş də var, işverən də.

 

Kim deyir ki, karyera qurmaq, karyerada irəliləmək üçün vəzifəli dostun-tanışın, deputat qohumun, nazir daydayın olmalıdır – səbarə yanılır. Burada karyera qurmaq, karyerada irəliləmək üçün əvvəlcə özün təpədən dırnağa karyerist olmalısan.

 

Bunu da qeyd edim ki, çaşbaş qalan olmasın, çünki bizim buralarda karyerlərin və karyerlərdə işləyənlərin sayı da az deyil. Mənim dediyim karyerist – karyerdə – daş, qum karxanasında işləyən yox, karyerasını hər şeydən üstün tutan mənsəbpərəstdir.

 

Hə. Karyerist oldunmu vəzifədə və ya müxtəlif fəaliyyət sahələrində irəliləyəcəksən də, arzuladığın işin də olacaq, maşının da, evin də, hətta sevgilin də. Kor nə istər? – İki göz! Biri əyri, biri düz! Amma sən karyerist olanda gözün hər ikisini də düz istəyəcəksən. Hətta hər yerdə gözün olmağa başlayacaq. Məsələn, başqasının malına, mülkünə, torpağına, maşınına, işinə, eşinə göz qoyacaqsan, karyerada irəlilədikcə gözün doymayacaq, acgöz olacaqsan; dostun-tanışın çoxalacaq, dostun-tanışın da sənin əvəzinə görməyə başlayacaq, sənin görə bilmədiklərini onlar görəcəklər, sənin göz qoya bilmədiklərinə onlar göz qoyacaqlar və beləliklə də görmə və gözqoyma arealın genişlənərək təkcə öz gələcəyini deyil, hətta qohum-əqrəbanın da gələcəyini görə biləcəksən, uşaqların da özün kimi “gözüaçıq” olacaqlar.

 

Amma əvvəlcə gərək karyerist olasan, heç nədən utanmayasan, çəkinməyəsən. Evdə oturub, diplomunu qabağına qoyub çəkdiyin zəhmətin hədər getməsi haqqında ağılar demək, dəyər verilməyən istedadını lənətləmək, vicdanını söyərək iztirab çəkmək əvəzinə bu münbit şəraitdən istifadə etməlisən – tüpürməlisən prinsiplərinə, mövqeyinin dirəyinə ingilis bayrağı asmalısan, səndən ötrü “ədalət” ümumi isim yox, xüsusi isim olmalıdır, zalımın əl-üzünü yumalısan, karyera bazarında bütün ictimai dəyərləri dəyər-dəyməzinə satmağı bacarmalısan, yeri gələndə milli kimliyini danmalısan, qınından çıxıb qınına lağ eləməlisən, partiyaya qoşulmalısan, seçkiləri saxtalaşdırmalısan, nahar yeməyini restoranlarda Kaxeti şərabı ilə, axşam yeməyini dindarlarla iftar süfrəsində yeməlisən... Bunları etmək o qədərmi çətindir ki, diplomunu qabağına qoyub, istedadını lənətləyib, vicdanını söyərək hər gün karyera qurmaq haqqında beynini yorub iztirab çəkirsən?..

 

Bu da sənə karyera qurmağın və karyerada irəliləməyin asan yolu. Nə qədər ki, bu münbit şərait var, istifadə elə. Bu cür şəraiti burada qoyub iş axtarmaq üçün, karyera qurmaq üçün Avropaya getməyə dəyməz. Bu cür münbit şəraiti Avropanın heç kəndində də tapa bilməyəcəksən. Sənin Avropada nə itin azıb? Avropada itin-pişiyin hüququ səninkindən yaxşı qorunur.

 

Amma qınamaq da olmaz. Axı karyerist olmaq üçün də istedad lazımdır. Hər yerindən duran vicdanlı, namuslu, əxlaqlı, əqidəli karyerist ola bilməz axı. Burada gendən də çox şey asılıdır. Ya gərək genetik olaraq karyerist olasan, ya uşaq vaxtdan görüb-götürəsən, ya da vicdanı, namusu, əxlaqı, əqidəni arxaizm kimi lüğətindan çıxarıb atasan. Əks halda, karyerana karyerdə daş yonmaqla başlayıb, daş yonmaqla da son qoyacaqsan. Burada belədir yəni.

 

Müəllif: Azər Musaoğlu