Bilmirsən isti havadandır, ya xlorlu sudan, mağazaya girirsən satıcı aldığın məhsulları az qalır başına çırpa, növbədə duran alıcı az qalır qarşısındakını təpiklə vurub üstündən keçə. Aptekdə də eyni mənzərədir, əczaçıdan dərman haqqında nəsə soruşursan, növbədə duranlar bir of çəkirlər ki, sual da, cavab da yadından çıxır. Növbələrdə bu mənzərə ilə qarşılaşmamaq üçün bazara girib qiymət soruşursan, satıcı zorla cavab verir, xiyarın qiymətini söyüş intonasiyası ilə deyir, almasan arxanca iki-üç sətir yerli söyüşlərdən, qarğışlardan da tolazlayır. Hələ elələri də var, qiymət soruşanda müştərinin onun satdığı məhsulu alıb-almamasını dəqiqləşdirməmiş qiymət demir, elə bil dövlət sirridir. Avtobusa minirsən sərnişinlər üzünə nifrətlə elə baxırlar, az qalırsan düşəsən; avtobusdan düşürsən sürücü elə hirslə saxlayır, az qalırsan maşının ön şüşəsindən eşiyə aşasan. Xəstəxanaya gedirsən nəzarətçidən tutmuş həkimə kimi elə münasibət göstərirlər, xəstələnməyinə peşman olursan. Meriyaya girirsən səni o qədər sorğu-suala tuturlar, elə bil Ağ Evə girirsən, axırda da soruşurlar ki, bəs bura niyə gəlmisən, sən də çaş-baş qalıb suala cavab verə bilmirsən, gözlərini döyə-döyə kor-peşman gətirdiyin sənədlərini də qoltuğuna vurub qayıdırsan evinə. Evdə də bütün bunlardan bir horu fikrini yayındırıb televizora baxmaq istəyirsən ki, bayaq mağazada, aptekdə, bazarda, xəstəxanada, meriyada rastlaşdığın mənzərəni – kini, nifrəti, minnəti, aqressiyanı, saxtakarlığı televizorda da görürsən...

 

İndi gəl bu qədər kobudluğun, aqressiyanın, nifrətin, saxtakarlığın içində normal insan kimi qal, adam kimi mağazaya, aptekə, bazara, avtobusa, xəstəxanaya, meriyaya gir-çıx. Adam kimi girməyə girəcəksən, amma çıxanda mütləq onların dalğasına köklənmiş olacaqsan, yoxsa ya gərək ürəyin partlayıb öləsən, ən azından şəkər xəstəliyinə-zada tutulasan, ya da yoqaya-zada yazılasan ki, o zəhrimar da buralarda qəhətdir.

 

Kiminlə mülayim, mədəni, insan dilində danışırsan, sənə nifrət dilində cavab verir. Adamların, xüsusən də satıcıların, sürücülərin, həkimlərin, orqan işçilərinin üzündən niyəsə həmişə zəhrimar yağır, insanlarla aqressiv, minnətlə, kobud, nifrət dilində danışırlar. Elə bil bunlara bu peşəni, vəzifəni, işi biz seçmişik, biz təyin eləmişik.

 

Əgər alıcılarla, müştərilərlə normal, adam kimi davrana bilməyəcəksənsə, mağazada, marketdə, bazarda nə itin azıb, get zooparkda işlə. Əgər üzündən köçürə bilmirsənsə, sənəd işlərindən başın çıxmırsa, vətəndaşın adını, soyadını səhv yazaraq yazığı get-gələ salırsansa, sənin nə itin azıb ədliyyə evində, meriyada, get çöldə toxa vur. Və yaxud da, əgər Hippokrand andı içib sonra da insanların qanını içəcəksənsə, sənin nə itin azıb xəstəxanada, get sallaqxanada-zadda işlə və ilaxır.

 

Bilirik, dolanmaq, çörək pulu qazanmaq çətindir, gündə yüzlərlə insana xidmət eləmək asan deyil. Çoxu yuxarıda adı çəkilən bu peşələri heç özü seçməyib də, ya məcburiyyət qarşısında bacarmadığı işə girişib, ya da tanışlıqla, dayday vasitəsilə bacarmadığı işə təyin olunub. Səhv düşəndə yerimiz belə olur. Amma vicdan da yaxşı şeydir axı. İki eşşəyin arpasını bölə bilmirsiniz, heç olmasa yalandansa, etika xatirinə, insanlıq naminə üzünüz gülsün, insanlarla mülayim danışın, tərbiyəli davranın. Evdən çıxıb işə gedəndə problemlərinizi, milli, dini, siyasi maskalarınızı evinizdə qoyun, zəhərinizi insanların üzərinə tökməyin. Onsuz da bu ölkədə problem boğazdan yuxarıdır və bu problemlər qarşısında hamımız eyniyik, heç kəs birinci dərəcəli deyil, özünü buğda yeyib Cənnətdən çıxmış kimi göstərərək insanlara yuxarıdan aşağı baxmaqla sən bu problemlərin qarşısında fərqli ola bilməyəcəksən. Su kəsiləndə hamı üçün kəsiləcək, işıq sönəndə hamı üçün sönəcək, unun qiyməti hamı üçün qalxacaq, virusa hamımız yoluxacağıq, ölüm hamımızı haqlayacaq... Guya sən mənimlə nifrət dilində danışanda nəyin artacaq, haran böyüyəcək ki? İsa olub sol üzü çevirməyin çətin olduğu bu dünyada uzağı mən də sənə eyni dildə cavab vermək məcburiyyətində qalacam. Axı nifrət dilindən, eləcə də bütün dillərdən daha asan, hamının başa düşdüyü dil də var bu gəlimli-gedimli, son ucu ölümlü dünyada – sevgi dili. Bu dildə danışmaq istəmirsinizsə, susmaq qızıldır deyimini bəhanə edərək, heç olmasa susun. Axı qəzəbin yeganə dərmanı susmaqdır (Sokrat).

 

Azər MUSAOĞLU