Cəmiyyət böyük bir binaya bənzəyir. Bu binanın divarları, sütunları, bünövrəsi var, amma ən əsas hissəsi onun kərpicləridir. O kərpiclərin hər biri isə insandır. Biz adətən cəmiyyəti böyük bir anlayış kimi düşünürük, sanki bizdən ayrı bir varlıqdır. Amma həqiqət çox sadədir: cəmiyyət bizim hər birimizin əksidir. İnsan necədirsə, cəmiyyət də o cür formalaşır. Buna görə də “cəmiyyətin aynası – insan” fikri yalnız söz deyil, gerçək həyatın ən dəqiq ifadəsidir.

 

Uşaqlıqdan bizə deyirlər ki, yaxşı insan ol, böyüklərə hörmət et, vicdanlı davran. Bu nəsihətlərin kökü təkcə əxlaq deyil, həm də cəmiyyətin sağlamlığıdır. Çünki bir insanın davranışı təkcə özünə aid deyil. Kiçik bir yaxşılıq bir başqasının gününü gözəlləşdirir, bir başqasının gülümsəməsi isə başqasına keçərək zəncirvari yayılır. Eynilə bir nəfərin etdiyi haqsızlıq, kobudluq və yaxud yalan da cəmiyyətin ruhuna zərbə vurur. Deməli, insanın atdığı hər addım cəmiyyətin gələcəyinə yazılan bir cümlədir.

 

Cəmiyyətin formalaşmasında ən böyük güc xalqın içindəki dəyərlərdir. Dürüstlük, mərhəmət, ədalət, hörmət, təmiz vicdan – bunlar sadəcə sözlər deyil, bütöv bir ölkənin gələcəyini müəyyən edən xəzinələrdir. Bir insan yolda tapdığı pulu sahibinə qaytardıqda, bir uşaq yaşlı birinə yer verdikdə, bir müəllim şagirdinə sevgi ilə yanaşdıqda cəmiyyətin aynası daha da parlayır. Əksinə, insanlar bir-birinə qarşı laqeyd olduqda, qonşu qonşusuna biganə qaldıqda və ya başqalarının haqqı tapdalandıqda aynanın üzərində ləkələr yaranır. Ən maraqlısı isə budur ki, insanlar çox vaxt cəmiyyətdən narazı olurlar: “İnsanlar niyə belədir?”, “Niyə mənəvi dəyərlər azalır?”, “Niyə yaxşı insanlar az görünür?” Amma çox nadir hallarda özümüzə sual veririk: “Bəs mən öz davranışımla cəmiyyətdə hansı izi qoyuram?” Bir gülüş, bir xoş söz, bir kömək, bir anlayış – bəlkə də bizə kiçik görünür, amma cəmiyyət üçün böyük dəyişikliklərin başlanğıcıdır.

 

Cəmiyyət insanı formalaşdırdığı kimi, insan da cəmiyyəti formalaşdırır. Bu münasibət qarşılıqlı bir aynaya bənzəyir: biz ona baxırıq, o da bizə baxır. Əgər biz aynanın gözəl görünməsini istəyiriksə, əvvəlcə öz üzümüzə, öz davranışımıza, öz dəyərlərimizə baxmalı və onları düzəltməliyik. Çünki gözəl cəmiyyət yaxşı insanlar çoxalanda yaranır; pisliyin kökü isə bir insanın laqeydliyi ilə başlayır. Hər yeni nəsil cəmiyyətin gələcək rəsmini çəkir. Gənclərin savadlı, mədəni, məsuliyyətli olması bir xalqın sabahını müəyyən edir. Gənclər xeyirxahlıq etdikcə, öyrəndikcə, inkişaf etdikcə cəmiyyət də yüksəlir. Biz hansı cəmiyyətdə yaşamaq istəyiriksə o cəmiyyəti öz əlimizlə qurmalıyıq – davranışlarımızla, sözlərimizlə, düşüncələrimizlə.

 

Sonda bir gerçək dəyişməz qalır: cəmiyyət insanla gözəlləşir, insanla pozulur, insanla yenidən qurulur. Biz necə oluruqsa cəmiyyət də elə olur. Ona görə də hər birimiz öz üzərimizə məsuliyyət götürsək dünyanı dəyişmək üçün böyük gücümüz olduğu ortaya çıxar. Cəmiyyətin aynası bizik. Ayna parıldasın deyə əvvəlcə içimiz parlaq olmalıdır.

 

Məhəmmədəli Allahyarov