Dil insanlar arasındakı əlaqəni təmin edən ən inkişaf etmiş bildiriş vasitəsidir. Dil dilçilər tərəfindən bir cəmiyyəti meydana gətirən fərdlərin düşüncə və duyğularının, o cəmiyyətdə səs və məna baxımından etibarlı ortaq sənədlər və qaydalardan faydalanılaraq başqalarına ötürülməsini təmin edən çox istiqamətli və inkişaf etmiş bir sistem vasitəsi olaraq təyin olunmuşdur.
Dil insanın iç dünyası ilə xarici dünyasını bir-birinə bağlayan ən əhəmiyyətli vasitədir; nəsildən nəslə köçürülə bilən və cəmiyyətin müxtəlif xüsusiyyətlərini əks etdirən ictimai bir qurum olmaqla birlikdə mədəniyyətin qoruyucusu və daşıyıcısı olaraq təməl varlıqdır.
Prof. Dr. Muharrəm Ergin “dil insanlar arasındakı ünsiyyəti təmin edən təbii bir vasitə; öz qanunları içində yaşayan və inkişaf edən canlı bir varlıq; milləti birləşdirən, qoruyan və onun ortaq malı olan ictimai bir müəssisə; səslərdən hörülmüş böyük quruluş; təməli bilinməyən zamanlarda atılmış bir gizli andlaşmalar və müqavilələr sistemidir” deyə tərif edib.
Buradan da anlaşılır ki, dil şəxsiyyətin, ənənənin, dinin və mədəniyyətin daşıyıcısıdır. Bizi biz edən amildir. Bu günün gənclərində isə biz bunun tam əksini görürük. Çünki gənclərimiz bu gün ana dilimizə biganə yanaşırlar. Bir çox kəliməni və ya sözü hər hansısa bir xarici dildə ifadə etməyə çalışırlar və bunu da inkişaf olaraq xarakterizə edirlər. Guya ki, bu cür danışmayanlar geridə qalmışlardır. Daha düşünmürlər ki, başqasının sözləriylə özümüzü inşa edə bilmərik. Kimin sözləriylə danışırsansa onun sözləriylə düşünməyə başlayarsan. Bizə aid olmayan söz və ya anlayışlarla yerli düşüncə reallaşmaz. Əgər bu cür davam edəriksə bir müddət sonra özümüzə yad olmağa başlayarıq. Yadlaşmaq isə mənliyindən, şəxsiyyətindən, mədəniyyətindən və bir çox digər dəyərlərindən uzaqlaşmaq deməkdir. Keçmişlə bağımız qopduqda şəxsiyyətdən danışmaq da qeyri-mümkün olur.
Dəyişmək dil ilə başlayır, sonra həyatın tamamına sirayət edir. Milli və mənəvi dəyərlərə biganə yanaşılır və zamanla hər şey normal gəlməyə başlayır. Bu normallaşma keçmişlə bağımızı qoparır. O bağ qopduğunda bizi biz edən milli və mənəvi dəyərlərlə bağımızı da qoparmış oluruq. Bu baxımdan millətlərin qədərləri dilləriylə birbaşa mütənasibdir. Çünki başqalarının dillərində danışmağa başlayanlar getdikcə onların mədəniyyətini də mənimsəməyə başlayırlar. Bu hal isə artıq cəmiyyətimizdə mövcuddur.
Elə bu mövzuda yazmağa məni məcbur edən duyğu da bu yaxınlarda yad mədəniyyəti mənimsəmiş, öz dilində kəkələyə-kəkələyə danışan, oğlanın sırğa taxması, saç uzatması, qızın isə çox böyük iştah və zövqlə siqaret çəkməsidir. Bəli, kimlərə görəsə bu normal hal olaraq görünə bilər, ancaq mənim üçün mentalitet də əhəmiyyətlidir. Bəlkə də kimlərsə bu fikrə görə məni geri düşüncəli olaraq da adlandıra bilər, olsun, Teymur əmi demiş, əmi canı, qəti qorxusu yoxdur.
Bu mövzu bizim üçün bir də ona görə əhəmiyyətlidir ki, Sovetlər Birliyi kimi qəddar bir rejimin soyadlarımıza kimi müdaxiləsinə rəğmən dədələrimiz dilimizi qoruyub gətiriblər, ancaq bizlər rahatçılığa qovuşanda öz milli dəyərlərimizdən imtina etməyə başlayırıq.
Dili yaşayan və yaşadan millətlər həyatlarını davam etdirmiş, dili ölmüş cəmiyyətlərin varlığı isə sona çatmışdır.
Müəllif: Hacı Bəkiroğlu