Bütün dünya üçün bir bəla olan koronavirus pandemiyası ilə qədəm qoyan 2020-ci ilin çıxış astanasındayıq. Bu il kimiləri üçün ağrılı, acılı və itkilərlə yadda qalsa da, kimiləri üçün də xoş təəssüratlarla xatırlanacaq. Doğrusu, pandemiya səbəbindən dünyada çox sayda tələfatlar, fəsadlar meydana gəldi. Ancaq ilin sonuna doğru, dəqiq desək, sentyabrın sonlarında erməni işğalçılarının Azərbaycana qarşı atəşkəsi pozmaları nəticəsində başlanan müharibə və 44 gün davam edən bu savaş 2020-ci ilə damğasını vurdu.

 

30 ilə yaxındır ki, Azərbaycan xalqı bu anı gözləyirdi. Hətta bu xüsusda hakimiyyəti tənqid etdikləri belə tez-tez olurdu. Ancaq hər şeyin bir vaxtının olduğunu başa düşən rəhbərlik doğru zamanda doğru həmlə həyata keçirərək dünyada bəlkə də ən qısa sürən – 44 günlük bir müharibəylə öz torpaqlarını işğaldan azad etməyə nail oldu. 30 ildə Minsk Qrupunun həyata keçirə bilmədiyini Azərbaycan igidləri 2 ay belə çəkməyən bir müddətdə həyata keçirdilər.

 

Bəli, bu müharibədə iqtidarıyla-müxalifətiylə, qadınıyla-kişisiylə, qocasıyla-gənciylə bütün dünya azərbaycanlıları bir yumruq halına gəlməyi bacardılar. Həm siyasi arenada, həm milli özünüdərkdə, həm də mənəvi duyğularda əl-ələ verən xalq düşmənə lazımi zərbəni endirməyi bacardı. Millət anlayırdı ki, bir tək ön cəbhədə vuruşmaqla vətən xilas olmaz. Ona görə də arxa cəbhədən də ən azı onlar qədər əmək sərf olundu.

 

Mən bu savaş sırasında yetişməkdə olan Azərbaycan gəncliyində nə dərəcədə vətən sevgisinin olduğunu, milli və mənəvi dəyərlərə bağlılığı gördüm. Onlara bu müqəddəs duyğuları aşılayan qürurlu, vətənpərvər valideynləri gördüm. Vətən torpaqlarını qorumaq və düşməndən azad etmək naminə qərib ellərdən güc bəla ilə vətənə gələrək döyüş meydanına yollanan oğulları tanıdım. Əsgərlərə öz əlləriylə yemək bişirib göndərən, nəvəsinə bir dənə belə erməni öldürmədən evə qayıtma deyən nənələr gördüm. İki övladını yanına alaraq döyüşə yollanan atalar tanıdım... Bəli, bu sıralamanı çox uzatmaq olar.

 

Bu müharibə onu göstərdi ki, yetişməkdə olan gənclik zənn etdiyimiz qədər də pozulmayıbmış. Vətən qayğısı, Qarabağ həsrəti çəkən gənc nəsil öz qanı bahasına o torpaqları azad etdi.

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Sözlərindən ilhamlanan igid oğullar vətənin daşını, qayasını düşməndən azad etmək və qorumaq uğrunda canlarını fəda etdilər.

 

Bəli, bu savaşda Azərbaycan xalqı 2783 gəncini, igidini, oğlunu itirdi. Bu igidlərin hər biri orduya yazılarkən, döyüşə yollanarkən geri dönməmək kimi bir aqibətin onları gözlədiyini bilirdilər. Bununla birlikdə onlar şəhadət məqamının yüksəkliyini, şirinliyini də anlamışdılar. Məhz bu sevgi onları bu döyüşə yolçu etmişdi.

 

Bu 44 günlük müharibə əsnasında Azərbaycan xalqı da dostunu və düşmənlərini yaxşı tanıdı. Bu xalq Türkiyənin kim olduğunu da, Fransanın kim olduğunu da açıq-aydın gördü. Bəli, savaş başlayandan bitənə qədər daim yanlarında olan və hər cür dəstəyi göstərən Türkiyənin dostluğu da, hər fürsətdə düşmənə arxa çıxan Fransanın düşmənliyini də gördülər. Hə, bir də, dost kimi görünməyə çalışan, ancaq əl altından düşməni dəstəkləyən İranın mövqeyini də Azərbaycan xalqı gözardı etmədi.

 

Ali Baş Komandanın yerində düzgün qərarları, televiziya kanallarına verdiyi yüksək səviyyəli müsahibələri də Azərbaycan ordusunun gücünə güc qatdı.

Və sonda 10 dekabr paradı. Qürurdan gözlərim doldu.

 

Savaşa qatılan igidlərin hər biri sağdır mənasında Türkiyə ordusundan da 2783 hərbçi Azərbaycan ordusunun cərgələrində parada qatıldı. Budur qardaşlıq. Sənin olmadığın yerdə mən varam deyə bilməkdir. 

Arazı ayırdılar,

Mil ilə doyurdular...

Çıxışı isə dostla düşməni ayırd etməyə kifayət etdi.

 

Ən qısa zamanda, ən uğurlu strategiyalarla dünya tarixində yeni səhifə açan qələbən mübarək, can Azərbaycan!

Qarayazı elinin igid oğlu, şəhidimiz İlqar Mirzəyevin də Milli Qəhrəman adına layiq görülməsi xalqımız kimi məni də bəxtiyar etdi.

Bu savaşda şəhid olan igidlərimizə Allahdan rəhmət, qazilərə və yaralılara şəfa diləkləri ilə...

 

Hacı BƏKİROĞLU