Sağlam yaşamaq insan üçün ən əsas məqsədlərdən biridir. Bu səbəblə tibb elmi bütün insanlıq baxımından ən çox rəğbət görən elm sahələrindən biri olmuşdur. Hz. Məhəmməd (s.ə.s.) də sağlam həyat ilə əlaqədar səhabələrinə bəzi tövsiyələr verməklə birlikdə özü də xəstələnməmək üçün səy sərf etmiş və xəstə olduğunda isə müalicə olmuşdur. Bir çox elm adamlarına görə, onun müalicə üsulları, ümumiyyətlə, dərman və tətbiqlər baxımından təfsilat ehtiva etməyən, çox istiqamətli fayda təmin edə bilən və hər kəsin rahatlıqla çata biləcəyi dərmanları ehtiva edir. Onun hər hansı bir xəstəlik qarşısındakı tövsiyələri müsəlmanlar arasında qüdsi bir formada qəbul edilərək vəhy məhsulu olduğu qəbul görülmüşdür. Məhz buna görədir ki, onun vəfatından dərhal sonra bir çox mövzuda olduğu kimi sağlamlıq mövzusundakı hədislərinə və sünnələrinə xüsusi bir əhəmiyyət ətf edilmiş və bu hədis və sünnələr ədəbiyyatda "Tibbi Nəbəvi" olaraq yerini almışdır.
Tibb sahəsində işləyənləri də el arasında ağ xalatlı mələklər adlandırıblar. Onların saf və təmiz olduqlarını göstərmək üçün də bəyaz xalatlar geyiniblər. Yəni ki, insanların bir növ qurtarıcıları kimi biliniblər. Bəli, həkimlər loğmanlıqları sayəsində insanların dərdlərinə çarə olmağa çalışır, baş verən xəstəlikləri qurtarmaq üçün yeni dərmanlar, yeni tədavi yolları tapmağa çalışırlar. Bunun bariz nümunəsi olaraq yaxın keçmişdə yaşamış olduğumuz COVID-19 pandemiyası zamanında həkimlərin necə çətinliklər qarşısında insanların yardımına qaçdıqlarını, hətta bəzi həkimlərin canları bahasına insanları bu xəstəlikdən qurtarmağa çalışdıqlarını gördük. Düzdür, bu fürsəti əldən vermək istəməyərək, hər sahədə olduğu kimi, tibb sahəsini də gəlir mənbəyinə çevirənlər az deyil. Xəstəni müştəri gözündə görən həkimlərə də az rast gəlinmir. Son zamanlarda insan xəstələnməyə də peşman olur. Həkimin yazdığı dərman maaşın üçdə ikisini aparır. Hələ bəzi həkimlərin dönə-dönə “bax, filan aptekdən al haa” deyə tapşırdıqları dərmanlarsa maaşın üstünə pul əlavə olunaraq alınır.
Əziz oxucu, bu yazıya nə gərək vardı deyə düşünə də bilərsən. Məni bu yazıya vadar edən səbəb şəxsiyyət vəsiqəsinin üstündə olmayan xəstənin xəstəxanaya qəbul edilməməsi hadisəsidir. Əgər vətəndaş yolda gedərkən anidən vəziyyəti pisləşərək xəstəxanaya aparıldıqda vəsiqəsi üstündə deyilsə, ölməlidirmi və ya ağrı üzündən sənədini götürmə macalı olmayıbsa, köməksizmi buraxılmalıdır? Bu, yenə də yuxarıda vurğuladığımız mənaya gəlir: xəstə müştəri olaraq qəbul edilir. Əgər şəxsiyyət vəsiqəsi yanında deyilsə xəstə müəssisədə qeydiyyata alına bilmir, qeydiyyata alınmayan vətəndaş da pul ödəmir.
Bir də bu vəziyyətin ikinci tərəfi var. Hansı ki, bir çox vətəndaşın da qarşılaşdığı durumdur. Vəziyyəti ağır olan xəstə reanimasiyaya alınır, öldüsü və ya qaldısı haqqında yaxınlarına heç bir məlumat verilmir və dövət tərəfindən vətəndaşa ayrılan sığorta tükəndikdən sonra xəstə qohumlarına ya ölü halında, ya da bir neçə günlük ömrü qalmış vəziyyətdə təhvil verilir. Təbii ki, bu sadaladıqlarımız bütün həkimlərə və ya bütün xəstəxanalara şamil edilmir. Çünki vicdanlı, imanlı və namuslu həkimlərimiz də çoxdur.
Əziz həkimlər, biz xəstələndikdə ümidimizi öncə Allaha, sonra isə sizlərə bağlayırıq, gəlin bizim bu ümidlərimizi puç etməyin. Axı keçmişlərimiz sağlam bədəndə sağlam ruh olar deyiblər. Siz vətəndaşların sağlamlıqlarını təmin edin ki, sağlam ruhlu insanlarımız da sağlam gələcək qura bilsinlər.

Hacı BƏKİROĞLU