Neçə illərdir ki, gözəl yurdumun bölgələrini gəzib insanlarla görüşürük, onların ziyarətlərində oluruq. Bəzən böyük, bəzən kiçik məclislər, mərasimlər, şad günlər, yarışmalar və s. vasitəsi ilə onlarla bir araya gəlirik. Ümumiyyətlə, görüşlərimiz gözəl insanlarımıza, qadınlarımıza və qızlarımıza haqqı, ədaləti tanıtmaq, onları ilahi razılığı qazanmağa dəvət etmək, Yaradanın yaratdığındakı qayəsini təbliğ etmək, insanlarımızı gözəlliyə, səmimiyyətə dəvət etmək, dünyanın fani ləzzətində sovrulmadan həqiqəti idrak edə bilmələri üçün vasitəçi olmaq məqsədi daşımaqdadır.
Bu görüşlər zamanı qət etdiyimiz məsafələr, keçdiyimiz yollar, kənd mərkəzlərində toplaşaraq vaxtlarını keçirən insanlar, yollarda xeyir və ya şər mərasimlərinə tələsərək gedənlər, həyətlərinin önündən keçdiyimiz hər qapıdan eşitdiyimiz fərqli sözlər, cümlələr bizlərə zəmanəmizlə bağlı bir çox şeyi xəbər verir. Keçdiyimiz küçələrdə gördüyümüz hər qapının arxasında fəqli hekayələr var. Və bu hekayələr bizə yad olsa da, biz bu hekayələrin içərisində olmasaq da çatdığımız məkanda görüşlərimizdə bir çox hekayə gəlir bizim qarşımıza və bəzən səmimi bir söhbət əsnasında daxil oluruq hekayələrə. Hekayə dediyimə baxmayın, həqiqi yaşanan həyat hekayələrindən bəhs edirəm. Bəzən görüşlər kiçik və mütəvazi olduğunda insanlarla tanış olmaq, onların həyat hekayələrini dinləmək fürsətimiz olur. Daha sonra görüşə bilmək üçün əlaqələr qurulur və geri qayıdıb gəldiyimizdə özümüzlə o insanların hekayələrini də gətiririk bərabərimizdə. Onu da deyim ki, özümüzə yoldaş etdiyimiz hekayələr çox vaxt kədərli, dərdli, qüssəli olur. Nadir halda insanlar sevinclərini bölüşürlər bizlərlə. Daha çox dərd ortağı axtarır insanımız. Qınamadan, danlamadan, sirrini ifşa etmədən səmimi şəkildə dinləyən birini axtarır insanımız.
Qayıdıb gəldiyimizdə başqa yerlərdə başqa hekayələrlə qarşılaşdığımızda danışılan hekayələr cəmləşir bir bədəndə, bir qəlbdə və bölgələrimizdəki insanımızın səbrini, şükrünü görürük hekayələrdə. Birinin qarışqasının fil olduğunu, birinin filinin qarışqa olduğu görürük. Görüşlərdə qarşımıza gələn gözəl insanlarımızın qəlbi fərqli yüklü duyğulardan bəslənir, hər gözdə bir məna, hər baxışda bir hiss gizlidir, bəzən çox keçmədən üzə vurur gizlənən duyğuları, dildən sirri ifşa edən cümlələr tökülür. O zaman anlayırsan necə də doğru bir addım atdığını, necə də gözəl, ülvi bir məsləklə orada olduğunu. O zaman insanların dərdləri ilə dərlənirsən. O zaman yaş üstə yaş gəlmişcəsinə böyüyürsən. O zaman həyata baxışın formalaşır və o zaman anlayırsan insanlar arasında əskik olan duyğuları və qərar verirsən yaşanmış bu gerçəkləri misralara, sətirlərə sığışdırmağa. O zaman həyata baxışın dəyişir, başqalarının dərd etdikləri şeylər sənə sıradan gəlir, həyatda dəyər verdiyin şeylər dəyişir, formalaşır və sən sən olmağa başlayırsan həqiqi mənada. Bunu ancaq yaşayaraq bacarmaq olar, masa arxasında oturaraq, kitablar yazaraq, dəftərlər qaralayaraq bu gerçəkləşmir. Bu ancaq insanlarla səmimi olduğun vaxt yaşanan və qazanılan gözəl bir nemətdir.
Və keçən bu illər, qət edilən məsafələr təcrübə olaraq bizlərə dönür və bu dəfə də həyata olan ümidlərin fərdi olmaqdan çıxır, anlayırsan ki, dərdi fərdi olanın hüzuru uzun çəkməz. İstisnalar qaydanı pozmur, hüzursuz bir dünyada hüzur içində yaşayanlar da var. Başqaları hüzursuz olarkən hüzur içində yaşamaq insanın özünə xas şəxsiyyət məsələsidir. Hüzurun var olması və qalıcı olması üçün əlindən gələn səyi göstərməyə başlayırsan və bir çoxları tərəfindən anlaşılmasan da, bəlkə, qınansan da həyatda “öz kiçik dünyam var”dan çıxıb bütün dünyanı qucaqlamaq istəyirsən.
Ümid edirəm ki, illər keçdikcə insanlarımızın özlərinə həmsöhbət olaraq, dərd ortağı olaraq kənardan məsafələr qət etmiş birini gözləmələrinə ehtiyac olmayacaq və hər kəs bir-birini qınamadan, sirrini ifşa etmədən səmimi bir şəkildə dinləməyi bacaracaqlar. Bu şəxsimdə bəslədiyim bir duyğudur, bəsləyib, böyüdüb meyvəsini görmək də insan olaraq mənim ən təbii haqqımdır deyə düşünürəm. Bu meyvə bir çox dərdlərə məlhəm olacaqdır Allahın izni ilə...
Müəllif: Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri