Qocalmaq hər adama nəsib olmur dedilər. İnsanın ən böyük xoşbəxtliyi deyilmi ki, dönüb geri baxanda gördüyün mənzərədən razı qalasan və fəxrlə düşünəsən: belə qocalasan qocalanda da... Bir ömür yaşayasan ucalan xətlə, rütbələr, vəzifələr, qibtələr içində, yəni bu qədərmi tale insana gülərdi. Bəzən yollar özü qarşında açılır, lap nağıllardakı kimi. O açılan yollarda xaruqələr yaratmaq isə fərdi qabiliyyətdir...
Bioqrafiyasına nəzər salanda heç bir yaradıcı insanı bu qədər əhatəli vəzifələrdə, həm də dolğun, bir sözlə, tarix yazan görmədim. Azərbaycan SSRİ və Azərbaycan Respublikası həmyerlimizi layiqincə mükafatlandırıb. Mən deputatlıqdan “Şərəf”, “Tərəqqi” orden-medallarına qədər titulları saymadan (kifayət qədər yazılıb) gəlirəm yurd bağlılığına.
Eyvaz Borçalı artıq 85-i arxada qoyub. Elə 85-in pəncərəsindən baxanda, görəsən, nələr düşünür dedim. Uzun illər şəhərlə kənd arasında qalan şair, qəlbim buradadır, ruhum Borçalıda deyirdi. Bəzən ruhun arxasıyca getmək istəsə də cismi çəkirdi. Beləcə, şəhərlə kənd arasında qalırdı.
Gözəl ailəsi – həkim qızıları, hüquqşünas oğlu, bu qədər zəngin keçmişi onu ovudarmı... 87-nin qapısına doğru gedən şair:
Səksəndən üz tutub gedən gəmiyəm,
Arxaya baxanda adam səksənir.
Çalxanan dəryada uşaq kimiyəm,
Göz həyan axtarır, qulaq səs-səmir...
O, çoxlardan biri kimi sadə bir sovet ailəsində doğuldu – qədim Borçalının Ağməmmədli kəndində, Ayvazlı nəslində. Elə adını da Ayvaz qoydular, sıradan biri kimi... 1938-ci ilin qadasından keçib 1945-ə çatdı. Kəndindəki məktəbdə də qələbə sevincini yaşayaraq şagird oldu. Bu onun uğurlara doğru ilk addımı idi. Məzun olarkən arzularının məskəninə – Bakıya üz tutdu. İçində bir ədəbiyyat sevgisi var idi. Tərcüməçi də olmaq istəyirdi. Axundov adına İnstitutda rus filologiyası fakültəsində tələbə oldu. Fakültə ab-havası, yenilik arzusu onu özündən aldı. Dərslərdən əlavə qiraətlərə ayırdı zamanını. Bəzən cızma-qara tərcümələr etdi. Bu minvalla davam edərkən diqqət çəkdi. Rəsmi şəkildə göndərişlə artıq beşinci kursdan Qorki adına Ədəbiyyat İnstitutunda tərcüməçi kimi tələbə oldu.
Artıq Borçalıdan xeyli uzaqlarda idi. Şimal soyuğunda bir istilik istədi. Doğmalardan uzaqda, yad eldə ruhunun səsiylə əlinə qələm aldı, ruh dedi, qələm yazdı, sonda da bir ad yazdı: EYVAZ BORÇALI.
...Borçalı torpağı əzəli sevdam
Adını adıma yaraşdırmışam.
Beləcə, bir imza yarandı, sıradan biri kimi, gənc şair kimi. İki il sonra da məzun kimi Bakıya döndü. “Azərnəşr”də işə başladı. Az vaxt sonra redaktor oldu və 7 il bu vəzifədə çalışdı. Bu hələ başlanğıc idi. Azərbaycan telefilmində ssenari redaksiyasında da üzv idi. Bir gün qərarlaşdılar ki, bir kinojurnal yaradılsın. Bu, Sovet İttifaqında ilk satirik kinojurnal olacaqdı. Onlarla rüşvətxorun, müftəxorun yuxusunu ərşə çəkən “Mozalan” belə yarandı. Redaktor məsuliyyət olduğu qədər risq idi. Artıq 5 nömrə televiziya ilə yayımlanmışdı. Əks-sədası respublikada hay-küy yaratmışdı. Baxmayaraq ki, dövlət sifarişi idi, rəsmi kanal, rəsmi iş, amma deyilənə görə, Heydər Əliyev komitədə iclas zamanı içtirakçılara öz məxsusi zəhmi ilə müraciət edib: “Mozalana baxırsınız? Mütləq baxın, baxın görün nə var, nə yox!”
Məmurlar arasında pıçhapıça çevrilən bu tapşırıq Eyvaz Borçalı üçün böyük motivasiya oldu. 13 il baş redaktor oldu, demək olar ki, hər ssenarini öz xəlbirindən keçirdi, ssenariləri çox vaxt özü yazırdı. Arxayın idi ki, ona heç kim heç nə edə bilməz, çünki “Mozalan”in hər buraxılışını Heydər Əliyev şəxsən izləyir, maraqlanırdı.
Sonra kinostudiyanın direktoru oldu. Onda filmlər rus dilində çəkilib, Azərbaycan dilinə dublyaj olunurdu. Bu da səslənmədə sonra natarazlıq yaradırdı (bəzi rejissorlar kənardan aktyor gətirirdilər və məhz ona görə hamı rus dilində danışmalı olurdu). Eyvaz Borçalı bu ənənəni dəyişdi.
Yəqin “Mozalan”dakı uğurun nəticəsi idi ki, hətta özünün belə xəbəri olmadan onu birbaşa yeni yaradılan “Kirpi” jurnalına redaktor təyin etdilər. Artıq televiziya xofu indi jurnalla ictimaiyyəti satira ilə güldürür və ayıldırdı. Eyvaz Borçalı redaktor kimi yalnız tapşırıq verib nəzarət etmirdi. Özü rəssamları çağırıb karikatura eskizini də verərdi ki, belə çəkin. Qoyunların əlində gül Lenin abidəsi önünə gəlməsi, Mirzə Ələkbər Sabirin nazirlər kabinetinə daxil olması və titrdə “Qalxın, məhkəmə gəlir!” yazılması və s. kimiləri qorxuya salırdısa, nə qədər adam da təəccüblə “şir ürəyi yeyibsən” deyirdi. Eyvaz Borçalı isə yenə də motivasiya aldığı insanın uzaqdan da olsa dayağını hiss edirdi. Ürəklə, sevə-sevə işləyirdi.
Müstəqillik dövümüzdə baş verən ictimai, sosial problemlər Borçalıda da titrəyiş yaradanda gürcüstanlı ziyalılardan biri kimi el səsinə qoşuldu. Bakıda yaradılan Borçalı cəmiyyəti xətti ilə xeyli işlər gördülər: yer adlarının kütləvi dəyişdirilməsinin dayandırılmasında, məktəblərə Azərbaycandan dərsliklərin gətirdilməsində və s.
Bütün yaradıcılığını “Mozalan”a, “Kirpiy”ə həsr etməklə poeziyadan xeyli uzaqlaşdım – deyir şair – bəlkə daha geniş yaza bilərdim. Doqquz kitabı özü üçün az hesab edir. Uzun illər vəzifələrdən sonra bədii yaradıcılıq üçün tərcüməyə qayıtdı. Puşkin, Lermontov onun fikrincə fərqli tərcümə idi, axı tərcümənin də texnikası vardı. Təqaüdə çıxdıqdan sonra bir ixtisasçı kimi rus ədəbiyyatından 6 tərcümə kitabı nəşr etdirdi.
Azərbaycanı qarış-qarış gəzən şair yaşının ahıl çağında Borçalıda qoyub-getdiyi uşaqlığı üçün darıxır. Zamanı işə-gücə xərcləyəndə bəzən aylarla gedə bilmədiyi yurdu üçün darıxır, ayaqyalın qaçdığı otların üstündəki şeh üçün darıxır. Yaşanan o dəbdəbəli, vəzifəli, hörmətli bir ömür yolunun əvvəlindəki kiçik bir zaman üçün darıxır. Ucaldıqca ucalsa da içində bir balaca Ayvazuşağı tayfasının Ayvazı vardı, onun da bir xınalı quzusu vardı, yaylaqdakı uşaqlar vardı, bir də doğmalar vardı...
Nərgizli ot biçən kənd uşaqları
Mənim boz quzuma ot verdinizmi?
...Ötürə bilmərəm daha bu yazı,
Kərənti götürəm, ot biçəm gərək.
Şəhərli Eyvazla kəndçi Eyvazı
Beş-altı günlüyə borc alam gərək!
İnanmıram içimizdə elə biri olsun ki, Qaçaq Nəbi (“Atları yəhərləyin”) filmindən məşhur mahnını dinləyəndə kövrəlməsin:
Dağlara deyin çəkməsin bir də
Dumandan pərdə, dözmərəm dərdə...
Bütün varlığıyla məhz bu günündə doğma kəndinə gəlmək istəyən şair yuxularında getdiyi oylaqları addım-addım gəzmək istəyərdi, mümkünsüz də olsa istəyərdi, yollara baxa-baxa...
Yoxsa kəndimizin içindən keçən
Qoca Borçalıdan gəlir bu yollar...
...Sözlü-sovlu olur payız günləri
Gedim kəndimizə baş çəkim gərək!
Bəli, bilmirəm bütün insanlarmı belədir, yoxsa bizmi millət olaraq beləyik – başımız nə qədər ucalara dəysə də, ayağımızın dayandığı torpağa, havaya, suya can atırıq. Bu gün xəyalları yalnız Borçalıda olan Borçalı adını adında yaşadan Eyvaz Borçalıya, səhhəti zəifləyən eloğlumuza sağlıq arzu edirik!
Esmira ƏLƏKBƏRLİ