Yaxın günlərdə bir layihə çərçivəsində sorğu aparmaq üçün Borçalının dağ kəndlərindən birinə getmişdik. Suallarımızdan biri belə idi: “Qadın ailədə fiziki şiddət, yaxud özünə qarşı hörmətsizlik gördüyü ər evində övladlarına xətir yaşamağa davam etməlidirmi?” Cavab isə “əlbəttə, etməlidir” olmuşdur.
Müsahibimiz təxmin etdiyiniz kimi, kişi idi (yaxud yaşlı qadın da ola bilərdi, qaynana rolundakı qadın), pensiyaya çıxmış kişi. Həm də bu kişi müəllim idi. Suallarımızdan bir qismi xatalı olduğu üçün sorğunu davam etdirməyə çəkindik, bu öz yerində. Burada bir şeyi aydınlaşdırmaq lazımdır ki, qadın ailədə fiziki və yaxud mənəvi şiddət görürsə mütləq ailə həyatını dağıtmalı deyil. Burada məsuliyyət əvvəlcə kişiyə düşür. Kişi anlamalıdır ki, ailədə yaranan anlaşılmazlıqları qaydasına salmaq və özünü düzəltmək məsuliyyəti onun üzərinə düşür. Əslində isə, istər qadın olsun, istər kişi, bir-birinə hörmət qoymağı ailə həyatına başlayanda ən başdan bacarmalıdır. Çünki bir dəfə bu hörmət bağı qırıldımı, bu bağ təkrar birləşdirilsə belə əvvəlki kimi olmayacaq. İnsan beyninin hissələrindən olan amiqdala bu təzyiqə bir dəfə məruz qaldımı, artıq bu təsiri ömür boyu özündə saxlayır. Yəni qarşısındakı insanı bir dəfə düşmən olaraq etiketləyir və bu etiketi silməsi mümkünsüzlük dərəcəsində çətin olur. Buna ürək sınması da demək olar, ulduzun barışmaması da...
Mütəxəssislər qeyd edir ki, fiziki və mənəvi şiddət şəraitində böyüyən uşaqlar da gələcəkdə, ailə həyatına başlayanda bu fiziki və mənəvi şiddət halını davam etdirir. Qadındırsa öz uşaqlarını döyür, kişidirsə xanımını döyür və bu hal nəsillər boyu davam edir, ta ki, bu nəsildən hər hansı bir şəxsin maariflənmə səviyyəsinə çatana qədər.
Məlumdur ki, insanlarımız tez ailə qurur, ata, yaxud ana olmağa tələsir, həyatın mənasını ata və ana olmaqdan ibarət sayır, həyatlarını yeknəsək yaşayır və gələcəkdə onların övladları da bu yeknəsəkliyi davam etdirir. Gənc və yeniyetmə qızlar təhsil almağa həvəsləndirilmir. Yalnız oğlan övladı təhsil almağa hazırlaşdırılır.
Çox təəssüf ki, təhsil alan gənclərimiz də, istər qız olsun, istər oğlan, seçdiyi ixtisas üzrə işləyə bilmir və evlənir, yaşayışını qaldığı yerdən davam etdirir, özünü inkişaf etdirmək barədə fikirləşmir. Ancaq yüksək səviyyədə təhsil alıb, yüksək maaşlı işlərdə işləməyə başlayan qızlarımız da var və bu qızlarımızın da bir qismi ailə həyatı qurduqdan sonra bu ailə həyatını davam etdirmir. Bu da, təbii ki, pul qazanmağı bacarmağı səbəbindəndir. Bu qızlarımız evlənməyi övlad sahibi olmaq üçün bir vasitə kimi seçirlər. Ailə həyatına son qoyduqdan sonra belə öz övladını saxlayıb böyüdə bilir və ərə ehtiyac duymur. Ər onun üçün övlad sahibi olmağa bir vasitə olur sadəcə olaraq. Təbii ki, əvvəlcə qeyd etdiyimiz kimi, bu da effektiv bir həyat tərzi deyil. Bu öz yerində.
Əvvəlki mövzumuza gəldikdə isə, qeyd etmək lazımdır ki, insanlarımızın ən ali məqsədləri övlad sahibi olmaqdır. Bundan daha ali məqsədləri övladı böyüdüb evləndirməkdir. Bundan da alisi isə övladın övladını görmək, ya da nənə, baba olmaqdır. Əlbəttə, nəslin davamı üçün ata-ana da olmaq lazımdır, nənə-baba da, ancaq məqsəd sadəcə bundan ibarət olmamalıdır.
İnsanlarımız kitab oxumağa gərəksiz bir şey kimi baxırlar. Bir çoxları isə teatr deyilən şeyin sadəcə adını eşidiblər və nə olduğunu da bilmirlər. Bir yaxınımızın yaşadığı məntəqədə kitabxana açmışdılar və bu yaxınımız bunun gərəksiz bir şey olduğunu, ondansa bir iş yeri açmağın daha yaxşı olduğunu deyirdi. Nə bilim vallah... insanlarımız övladı böyüdüb evləndirməyə, nənə-baba olmağa niyə tələsirlər? Ondansa onlara xeyirli vərdişlər öyrədə bilərlər. Mən bu yazı ilə kimisə dəyişdirmək iddiasında deyiləm. Onsuz da bu mövzudan xeyli yazanlar olub. Mənimki isə bir xatırlatmadır. Xeyirlisi.
Vüqar VƏKİLOĞLU