Hardasa oxumuşdum ki, insasn həyatında iki dəfə çox güclü ağrı çəkir: bir dünyaya gələndə, bir dünyadan gedəndə. Bəli, ağlayaraq gəlir, kədərlənərək gedir. Ortada qalan zamanı isə ya mübarizələr, ya anlaşılmazlıqlar, ya da nakam ömürlə keçir. Sonunda, sən demə, yaşanan ömrü heç kim Xoş Bəxtlə yaşamırmış. Görünməyən tərəflərini bilmədən birinə bəxtəvər deyirik, birinə xoşbəxt, birinə yarımış... Bax, budur həyat gerçəkliyi.
Məşhur bir müxbir sualı da var: “Yenidən dünyaya gəlsəniz bu ömrü necə yaşayardınız?” Bəlkə də taleyin ən acımasız sualıdır. Olmayacağını bilə-bilə arzulayırsan, xəyalla danışırsan. Axı heç birimizə o fürsət verilmir.
Hər şeydən əlimiz üzüləndə də bütün günahları qoyuruq taleyin, alın yazısının boynuna. Guya həyatımız ssenari imiş, biz də oyunçu... Heç bir günah etmədən bir rolumuz varmış, gəldik, oynadıq, bitirdik. Nə günahımız varmış, nə səhvimiz.
ƏSLA!
Həyata bir dəfə gələn insan təcrübəsizdir, səhv edə bilər, səhv düşünə də bilər. Yetər ki, səhvini təhlil edə bilsin, nəticə çıxarsın. Hörmət etdiyim bir nəfər onu da deyirdi ki, bir səhvin olanda dön geri bax, günahı özündə axtar, düşün harada səhv etdim. Çox xoşuma gəlmişdi bu fikir, hər kəs özünü təhlil edə bilsəydi səhvlər rəvayətə qovuşardı.
Adam var mühiti ziyalılar, ya sadə zəhmətkeşlər, ya kənd adamı, ya şəhər adamı olur. Ona görə də fikri birtərəfli olur. Adam da var, məni kimi, cəmiyyətin müxtəliflik əhatəsindədir.
Nə yaxşı ki, müəlliməm! Uşaqdan böyüyə, qocadan cavana, kəndlidən şəhərliyə, hətta kənddən şəhərə elə bir əhatədəyəm ki, heç psixoloqlar məni qədər müxtəlif dünya görüşlü, səviyyəli, fərqli həyat bucağına malik insanlar komandası yığa bilməzlər. Kəndlə şəhər arasında keçən həyatımın bu gününə qədər təcrübəsiylə elə bilirəm az bilmirəm. Ən azından psixoloq qədər anlayıram, nəticə çıxarıram, yol göstərirəm.
Həmişə yazmışam, demişəm, atalar sözləri dediklərimiz bir həyat təcrübəsinin yekun – xalqın elmi işidir. Heç bir səhv olmadan əsrlərin sınağında təkrarlanaraq məişətimizə daxil olub. Baxmayaraq dünyada məşhur alimlər var, amma biləsuvarlı xalanın dediyi cümləyə heç bir kitabda, heç bir araşdırmada rast gəlmədim: “Bir səhvin olanda dön geri bax!!!”
Hə, atalar onu da deyib axı, nə tökərsən aşına... Geri baxanda o aşın içindəki qaşıqlar bilir həqiqəti. Bax, hər birimiz qanunu-qaydanı əzbərləməkdənsə, geri dönüb hesabat baxışı baxa bilmək təhlükəmiz ola bilər deyə, daim özünə hesabat versə, müxbirin sualına çox asan cavab verər: “Dünyaya yenidən gəlsəm elə özüm olmaq istəyərdim!!!” – Nə gözəl ifadədir, deyilmi?!
Mən şagirlərimə həmişə deyirəm ki, hər axşam yatmamışdan öncə beş dəqiqə özünlə danış, bir yad kimi, bu gün nə oldu, harada səhv etdim, kimin xətrinə dəydim – nə üçün; kim məni incitdi – nə üçün, niyə? Bax, bu “niyə”lərlə mən illərdir özümə hesabat verirəm. Bir yad kimi təhlil edir və nəticə çıxarıram. Dönüb geri baxanda da özümdə səhvlər görmürəm. Ona görə ki, təcrübənin xoş nəticəsinə sevinirəm.
Həyat dediyimiz hərəmizə bir cür yol verir, axı yol düz olmur, enişi var, yoxuşu var. Asan yolda şütüyürük, bacardım deyə, varam, qazandım deyə. Heç kimi, heç nəyi düşünmürük. Elə ki enişə, dərəyə çatırıq günahkar axtarırıq. Gah Tanrıdan küsürük, gah da bəndədən. Sonda da “alın yazısı beləymiş” deyə təskinlik tapırıq.
Bütün yaşadıqlarımızın yaşatdıqlarımız olduğunu heç düşünmürük. Kaş ki hər səhvimizdə dönüb geri baxa bilsəydik...
Esmira Ələkbərli