AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Rotterdamın Bevervard (flamandcası Beverwaard) səmtindəki Fleringenstraat küçəsində işlədiyimiz mənzilin eyvanından qarşımda açılan mənzərənin detallarını incələyirəm. Öncə onu deyim ki, bayırda hava soyuqdur, kəsib tökür, külək adam aparır. Dairəvi meydanın ortasında üç süni təpəcik  ucalır, görünüşcə deyərsən ki, üç nəhəng göbələkdir. Bir cümlə ilə deyirəm, Niderlandın ən hündür nöqtəsi Vaalserberg adlanır və hündürlüyü 322 metrdir, ağızlarını da ağrıdıb həmin nöqtəni dağ adlandırırlar, qarlı dağları ha yoxdur, baxanda papağın düşə. Mürəkkəb cümlədə verdim ki, yalanımı tutmayasınız. 

 

Məktəbdən dönən uşaqlar bir əl bu təpəciklərə dırmaşır, itələşib min oyundan çıxırlar. Uşağın adı niyə uşaqdır? Uşaq hər yerdə də oynamaq gəzmirmi? Oynayacaq da, şənlənəcək də, hələ üstəlik dalaşıb, barışacaq da. Özümüz uşaq olmamışıqmı? Vay o gündən ki, böyüklər küsə-barışa. Onların dalaşıb-küsüşməkləri bir ayrı cür azardır, barışmaqları da bir ayrı. 

 

Müxtəlif irqdən olan bu colma-cocuq hələ uşaqlığın dadını çıxarmaqdadır. Hələ onların bir-birini ağa-qaraya bölməkləri, bir-birini dinlərə ayırmaları, bir-birini bəyənməmələri qabaqdadır. Hələ soyuq olsa da birlikdə dondurma yeyirlər, bir-birinin əlindən çipsi alıb ağızlarına atırlar. Hələ bir yerdə velosipedlərini bir-birinin bəhsinə şahə qaldırırlar. Bir bu qıvrımsaça, zənci balasına baxırsanmı? Velosipedin qabaq təkərini qaldırıb, yaşıdlarına acıq verirmiş kimi meydanda dövrə vurur və bunu hamıdan yaxşı bacardığını nümayiş etdirir. Ölməmişin çıxacağı var, bu dəqiqə yıxılıb qol-qıçını külayaq eləyəcək. Onu seyr edərək, belə düşünürəm, bir az da ürəyim ayağımın altına düşür, həyacanlanıram.

 

Meydandan ayrılan küçələr küləyə rəğmən bir az qələbəlikdir. Açıq iş yerlərinə girib çıxanlar, alış-veriş məqsədiylə küçədə gəzişənlər tələsmədən addımlayır, arada dükanların gözqamaşdırıcı reklam lövhələrini gözdən keçirir, bir anlıq da olsa duruxub, ayaq saxlayırlar. Bununla yaddan çıxan bir şeyin qalıb-qalmadığını, unutmadıqlarını dəqiqləşdirmək istəklərini bəlli etmələri aydınca sezilir.

 

Dairəvi meydanda görünən, elektrik mühərrikli əlil arabalarını nəzərdən qaçırmıram. Avropada, ən çox da Niderlandda belə arabalarla hər addımbaşı rastlaşa bilərsiniz. Onlar bir qayda olaraq, velosiped yolu ilə hərəkət edir. Belə arabalarla birbaşa mağazalara daxil olub, alış-veriş etməyə icazə verilir. Bu arabaların arxasında kiçik yük yerləri də olur. Müştəri mağazadan aldığı şey-şüyü, ona küçədə gərək olan, məsələn, çətirini, yağmurluğunu yerləşdirir. Ayağında, belində ağrısı olanlar və ya ümumiyyətlə, yeriməkdə çətinlik çəkənlər bələdiyyəyə müraciət edib, dəyəri bir neçə min avro olan bu arabalara sahiblənirlər. Mənim əlil arabası adlandırdığım bu minik vasitələrinə adamın araba deməyə dili də gəlmir. Üstü açıq olsa da, bir nəfər üçün nəzərdə tutulsa da onlar maşın kimi bir şeydir. Bu arabaların bəzisi klassik maşınlar kimi düzəldilir. Üstü örtülü, qapısı-pəncərəsi də yerli-yerində. Belə arabalara sahib olanlar kimsənin köməyinə ehtiyac da duymurlar. Mənim yaxamdan tutub soruşan gərək, Avropanın şilinin-şilkütünün həyatını bizə anladıb qanımızı niyə it qanına döndərirsən. Vallah, belə bir niyyətim də yox idi, söhbət açıldı, mən də ucundan tutub, ucuzluğuna getdim. Yəni qəsd işi olmasını ağlınızdan da keçirməyin.

 

Üçüncü mərtəbənin eyvanından baxdığımı demişdimmi? Unutmuşam, bundan ötrü bir də geri qayıdıb, baxası deyiləm. Dairəvi meydanın ətrafında ortası güldanlı iki dairəvi oturacaq, nə ağacı olmağını anşıra bilmədiyim hündür bir ağac, tam qarşımda, ağacın zuqasında üçmərtəbəli, hə, doğru anladınız üçmərtəbəli qarğa və ya saxsağan yuvası gözə dəyir. Qoy yumurta qoymaq vaxtları gəlsin, gör bu qarğalar-saxsağanlar bu yuvalara görə nə hoqqalar çıxaracaq, bir-birlərinin tüklərini didib yellərə verəcəklər. Bəs nə, dünya mübarizə meydanı deyilmi?

 

Meydanın altından keçən kanalın yaratdığı gözəl mənzərəni sağda-solda yerləşən, sanki illərlə bir yerdə təkayaq durmaqdan bezdiyini bildirmək istəyirmişcəsinə, əsən küləyə qoşulub getmək niyyətində imiş kimi yerindən qopmağa hazır ağaclar, iki-üç mərtəbəli evlər, bir neçə piyada-yayaq körpüsü tamamlayır.

 

Kanalda gündəlik ruzisini axtaran bir neçə ağalın, şəvə qarası qaşqaldağın, yaşılbaş ördək dəstəsinin suya cumuşları, sudan tapdıqları kiçik balıqları çinədanlarına ötürmələri də təbiətdəki amansız mübarizənin kiçik bir parçasını adamın yadına salır. Onların yarışırmış sayaq ütələk davranışları mənə dünyanın faniliyini unudub, dünya malından yana hər yola əl atan insanları xatırladır. Bu su quşları dünya yalnız onlara məxsus imiş kimi, ətrafda dolaşan insanlara məhəl qoymadan öz gündəlik işlərini görürlər. Ölənədək doğub törəmək, yemək və təhlükələrdən qorunmaq kimi bir ömür yolu yaşamağın ləzzətini kimsəyə sezdirmək niyyətində olmayan bu kiçik varlıqlardan öyrəniləsi çox şey var.

 

Mən yazının sonuna gəlhagəl idim ki, yeri-göyü titrədən külək səngimiş, adamları çətir açmağa, papaqlanmağa məcbur edən yağış da kəsmiş, elə bil heç yağmamışa dönmüşdü.

 

Bilmirəm bu yazıda bir şey anlada bildimmi? O üzdən də, nə gizlədim, son nöqtəni bir az tıqqıltılı – nigaran qoyuram.

 

Afiq MUXTAROĞLU

Niderland Krallığı