İnsan oğlu başına gələnlərdən, ətrafında baş verən hadisələrdən dərs çıxarmalı deyilmi? Başqasının yaşadığı acı təcrübə vicdanını sızlatmalı, insanı özünü nizama salmağa sövq etməli deyilmi? Təəssüf ki, çox zaman bunun əksini görürük. Cəmiyyət içində məsuliyyətsizlik və laqeydlik getdikcə daha geniş yer tutur. Bəs bu halın kökündə nə dayanır?

 

İnsan davranışları təsadüfi formalaşmır. Onun düşüncə tərzi, hadisələrə münasibəti, doğru ilə yanlışı ayırd etmə bacarığı böyük ölçüdə ailədə qoyulan təməllərlə bağlıdır. Tərbiyəli, nizamlı bir ailədə böyüyən uşaqla laqeydliyin hökm sürdüyü bir mühitdə yetişən uşağın həyat yolları kəsişəndə problemlər məhz orada ortaya çıxır. Çünki biri qayda-qanun, hörmət və məsuliyyət anlayışı ilə böyüyür, digəri isə yalnız öz rahatlığını düşünməyi öyrənir.

 

Evlad dünyaya gətirmək, onun yeməyini, suyunu, geyimini təmin etmək valideynlik borcunun yalnız zahiri tərəfidir. Əsl məsuliyyət isə uşağa insan olmağı öyrətməkdir. Vicdan, empatiya, başqasının haqqına girməmək, səhvdən dərs çıxarmaq kimi dəyərlər ailədə aşılanmadıqda cəmiyyət bunun acı nəticələrini gec-tez yaşayır. Belə fərdlər başqasının başına gələn müsibətdən ibrət almır, etdiyi səhvlərin məsuliyyətini üzərinə götürmür, hətta zərər verdiyi insanların ağrısını hiss etmir.

 

Laqeydliyin bir səbəbi də fərdi həyatın cəmiyyət həyatından ayrı düşünülməsidir. Bir çox insan yalnız öz ailəsi, öz rahatlığı, öz maraqları ilə kifayətlənir. Halbuki hər bir uşaq yalnız bir evin deyil, eyni zamanda bir cəmiyyətin üzvü kimi böyüyür. Bu gün verdiyimiz tərbiyə sabah küçədə, məktəbdə, iş mühitində qarşımıza çıxır. Öz övladına qayda öyrətməyən valideyn, əslində başqasının övladına problem yaradan bir fərd yetişdirir.

 

Cəmiyyət üçün fərd yetişdirmək anlayışı nə zaman şüurumuza yeriyəcək? Nə zaman anlayacağıq ki, tərbiyə yalnız şəxsi məsələ deyil, ictimai məsuliyyətdir? İnsan öz davranışlarının başqasının həyatına necə təsir etdiyini dərk etmədikcə laqeydlik davam edəcək. Vicdan isə yalnız sözlə deyil, əməllə formalaşır.

 

Bu gün cəmiyyət olaraq ehtiyac duyduğumuz ən əsas dəyər məhz budur: başqasının yaşadığı hadisədən dərs çıxarmaq, özümüzü sorğulamaq və məsuliyyət hissi ilə yaşamaq. Əks halda, tərbiyəli ilə tərbiyəsizin, nizamlı ilə nizamsızın yolları kəsişdikcə problemlər dərinləşəcək. Hər dəyişiklik ailədən başlayır və hər ailə cəmiyyətin güzgüsüdür.

 

Lamiyə Hacıyeva (Eminova)

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qadınlar Şurasının sədri