Təbiətin də şəxsiyyəti təsdiq edən vəsiqələri var – ağacların illik həlqələri kimi, balıqların pulcuğundakı qatlar kimi, hətta qırmızı qan hüceyrələri belə dörd ay yaşasa da qocasıyla cavanı seçilir. İnsan övladı təbiətin qanunlarını poza-poza gedərkən bir yaşlanmaq sindromunu da xof şəklinə çevirdi.
Mən fərqli uşaq idim. Yaşıdlarımdan fərqli olaraq hərtərəfli idim. Ona görə də özümdən böyüklərin söhbətini dinləmək üçün onların süfrəsində oturmağa cəhd edirdim. Onların bəzi məsələlərdə səhv danışdığını düşünərək müdaxilə etmək istərkən həmişə deyirdilər: “Otur otduğun yerdə, sən uşaqsan”. O uşaq yaşımdan o qədər zəhləm gedirdi ki, böyümək üçün günləri sayırdım. Elə istəyirdim ki, yaşım ətrafımda hamıdan böyük olsun, məni ağbirçək kimi qəbul etsinlər, fikirlərimə dəyər versinlər. Axı haqlı olduğumu düşünürdüm.
Mən illəri sayarkən illər yaman gec gəlirdi. Nə qədər böyüsəm də özümdən böyüklərdən böyük ola bilmirdim. Elə bu gün də o arzudayam: sağlam şəkildə qocalmaq, ətrafım üçün sözün həqiqi mənasında yol göstərən, məsləhət verən, danəndə nənələrimiz kimi, bir kəlağayılı nənə olmaq istəyirəm. Bir anlıq təsəvvür yarada bildimsə indi sualıma cavab verin: varmı belə nənələr? Bax, elə mövzumun mustafası da budur.
Yaxın zamanda Bakıda bir xudmani yığıncaqda idik. Bir qohum evində nişanın kiçik forması olan bəlgə idi. Məclisdə çoxluğu 60-65 yaşlı qadınlar təşkil edəcəkdi demişdilər. Mən də Borçalıdan gedən qonaq qismində idim. Mənə xoş olan tərəfi ziyalıların olması idi. Maraqla getdim. Təəssüf ki, naxoş tərəfi də vardı. Yəqin ki, hamımız xalq dastanlarından gözəl qızların da, qadınların da, hələ dili bayatılı, əli xəmirli nənələrin də təsvirini xatırlayırsınız. Bu təsvir ömrün fəsillərini xatırladan bir seçimdir. Hər adama nəsib olmur ki, ömrün fəsillərini ardıcıl yaşasın...
Bəli, mən yığıncağa getdim.Təqdimatla xarici görünüş tərs mütənasib idi. Həm də çox tərs. Qadın, qız seçilmirdi – nə geyimdə, nə xarici gürünüşdə, nə sözündə-söhbətində. Əlbəttə, mən müasirliyin əleyhinə deyiləm. Bir var o görünüş sənə təbiətin töhfəsidir, bir də var sən onu təbii qanunları işğal etməklə qazanırsan. Mən təbii müdaxilələrin hamısını “təbiətə təcavüz” adlandırardım. Cəmiyyətə qara qüvvə kimi gələn, az qala həyat tərzinə daxil olan pəhriz-dieta son illər leksikonumuza daxil olub yazsam yumşaq alınar, lövbər salıb deyərdim.
Xeyli vaxtdır görmədiyim bu ziyalı xanımlar bir-birinin bəhsinə kilo atmaq yarışında olublar sanki. Mən ziyalı söhbətləri gözlədiyim halda onlar dietoloqlarından və pəhiz salatlarından danışırdılar. Mən onların çöhrələrinə baxdım. Yaşlanmağın nuru əvəzinə sifətlərində bir eqoizm vardı. Süfrədə hər nemət varkən bu pəhrizli xanımlar yalnız tərəvəz salatı və meyvə yedilər. Mənə elə gəlirdi ki, onların gözü acdır, sadəcə o pəhrizə məcburdurlar. Bir fizioloq kimi bilirdim ki, şüuraltı olaraq bu kabablar bizim genetikamızın tələbatıdır (Əlbəttə, qurbağalı plov və ya çəyirtkə qovurması olsa ona reaksiya yarana bilməz). Göz görür və instinktiv olaraq mədə şirəsi yaranır, sadəcə iradəyə qalib gəlməyə çalışırlar. Bu isə mütləq şəkildə sinir sistemində rezonans yaradır. İstəyirlər, amma məcbur imtina edirlər. Sinirlər gərilir və nəticədə aqressiya yaranır. Özləri hiss etmirdilər, amma xanım-xatın olası yaşda çöhrələrinə bir qaranlıq çökmüşdür. Belə qaranlıq görünüşə nənələr “ifritə” deyərmişlər. Bunu mən nərə balığı kababını ləzzətlə yeyəndə hiss edirdim. Onların yaratdığı mənfi enerjidən uda da bilmirdim. Sonda mən də göyərtiyə keçdim.
Bəli, elə bilirsiniz belə aqressiya tək bu yığıncaqda idi? – Xeyr.
Arıqlamaq üçün pəhriz saxlayan hər kəsdə bu hiss var. Mən küçədə gedərkən belə o qadınların sifətinə baxanda o mənfi enerjini hiss edirdim və düşünürdüm ki, bunlar da həmin bəlalı qadınlardandırlar. Xəstəlik pəhrizi başqadır. Bunun psixoloji tərəfi var ki, sağlam olacam, ağrımayacam. Arıqlamaq pəhrizində isə daxili qüvvə ilə çarpışılır. Qalib olmaq üçün xərclədiyi sinir sifətində əks-səda verir.
Bax, beləcə yaşlandıqca üzdə nur əvəzinə ifritə görünüş yaranır. Bu nənələr əsla layla çala bilməz, nağıl danışa bilməz, bu nənələr müasirliyin qurbanı olub ifritəyə dönən qadınlardır. Onlar içindəki istəyin qisasını cəmiyyətdə hər şeydən çıxmaq istəyən nənələrdir. Beləcə nur camallı, xoş rəftarlı, dili bayatılı nənələr əvəzinə ətrafımızda ifritəyə dönən qadınların sayı artır.
Mənsə Tanrıdan sağlam canla qocalıq istəyirəm. O qocalığı ki, ağaran saçlarımla, həyat təcrübəsinin açdığı qırışlarla, elə öz yaşımı göstərən görünüşümlə; nəvə laylasıyla, el bayatılı, əli xəmirli nənə olmaq istəyərdim. Təki arzuma çatım, ətrafımdakılardan böyük olum, deməsinlər ki, sən bizdən uşaqsan. Sağlamlıq özü ən əvəzsiz gözəllikdir!!!
Esmira ƏLƏKBƏRLİ